- Siyasi müzakirə
- 1 May 21:01
- 1 646
Netanyahunun Azərbaycana Beş Günlük Səfəri: Strateji Tərəfdaşlığa Yeni Nəfəs

“Mediada yayılan məlumatlara əsasən, İsrailin Baş naziri Azərbaycana beş günlük rəsmi səfər planlaşdırır. Diplomatik təcrübədə bu qədər uzun müddət ərzində bir ölkənin baş nazirinin xarici dövlətə səfəri olduqca nadir hadisədir. Bu fakt, İsrailin Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmin göstəricisi kimi qiymətləndirilə bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.
Xatırladaq ki, İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun 7–11 may tarixlərində Azərbaycana rəsmi səfər edəcəyini təsdiqləyib. Səfər çərçivəsində onun Prezident İlham Əliyevlə görüşü və ölkədəki yəhudi icması ilə birlikdə Şabat gününü qeyd edəcəyi gözlənilir. Səfərin beş gün davam etməsi xüsusi diqqət çəkib. Ekspertlərə görə, bu qədər uzunmüddətli səfər beynəlxalq diplomatik təcrübədə nadir haldır və İsrailin Azərbaycanla münasibətlərə verdiyi önəmi göstərir.
Siyasi şərhçi bildirib ki, səfərin əsas məqsədlərindən biri ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsidir.
“Azərbaycan və İsrail uzun illərdir siyasi, diplomatik, iqtisadi, ticarət, enerji, hərbi və texnoloji sahələrdə əməkdaşlıq edirlər. Xüsusilə son illərdə bu əlaqələrin inkişaf tempi daha da sürətlənib. Baş nazirin bu səfəri, iki ölkə arasında mövcud əməkdaşlıq formatlarının daha da genişlənməsinə, yeni razılaşmaların əldə olunmasına şərait yarada bilər. Eyni zamanda, səfərin gündəliyində təkcə ikitərəfli münasibətlər deyil, regionda baş verən proseslərin müzakirəsi də yer ala bilər. Hazırda həm Cənubi Qafqaz, həm də Yaxın Şərq regionlarında mürəkkəb geosiyasi proseslər müşahidə olunur. Azərbaycan bu proseslərdə sabitliyin və sülhün tərəfdarı kimi çıxış edir, diplomatik resurslarından istifadə edərək dinc təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, İsrail Baş nazirinin səfəri regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından da əhəmiyyət kəsb edir. Nəticə etibarilə, bu səfər yalnız Azərbaycan-İsrail münasibətlərinə deyil, bütövlükdə bölgədə sülh və sabitlik səylərinə də müsbət təsir göstərə bilər. Bu səfər, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və regional dialoqun genişləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az