"Sherg.az": Rusiya “Kamaz”ları yola çıxıb - “İrandan Ermənistana silah daşınır”

“Rus hərbçiləri yeni savaşın başlanması üçün hər an qığılcım törədə bilərlər”

İranın Ənzəli dəniz limanından çoxlu sayda “Kamaz” markalı rus hərbi maşınının Ermənistana göndərilməsi barədə xəbərlər yayılıb. Qaynağın bildirdiyinə görə, bundan başqa İranın Novşəhr dəniz limanında yüzlərlə rus hərbi maşını Nurduz gömrük keçid məntəqəsindən Ermənistana göndərilmək üçün hazırlanıb. Hərbi yük maşınlarında silah -sursatın olduğu düşünülür.

Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq, Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib.

Ermənistanın məğlubiyyətə uğramasından sonra bir çox İran rəsmisi açıq şəkildə Ermənistana daha geniş dəstək vermək təklifi ilə çıxış ediblər. Sual yaranır: doğrudanmı, daşınan hərbi yüklərdir? Əgər belədirsə, deməli, növbəti müharibə hər an başlana bilər.

Politoloq Sədrəddin Soltan Ermənistana göndərilən “hədiyyə” ilə bağlı danışarkən həmin yüklərin hərbi təyinatlı olduğunu istisna etmədi:

“44 günlük döyüşlərdən əvvəl silahlar məhz Ənzəli limanı vasitəsilə daşınırdı. Bu fakt yenə də silahların daşınması ehtimalını gücləndirir. İkinci bir tərəfdən isə yanvarın ortalarında İranın hərbi heyəti İrəvanda olub. Bunu Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib. Deməli, İran və Ermənistan arasında hərbi əməkdaşlıq var. Lakin rəsmi Tehranın belə şübhəli davranışları əslində onun özünə ziyandır. Əgər İran Azərbaycanın iradlarına rəğmən, düşmən tərəfə silah daşınmasında rol oynayırsa, deməli, bizimlə əməkdaşlıqdan, o cümlədən Qarabağdakı yenidənqurma işlərində iştirakından söhbət gedə bilməz”.

S.Soltanın fikincə, silahlar birbaşa Ermənistana daşınır:

“Rusiya İran vasitəsilə Ermənistana silah daşınmasına davam edə bilər. Çünki Ermənistanın hərbi texnikasının böyük hissəsi yararsız hala salınıb. İndi yeni texnikaya ehtiyac var. Ancaq silahların Qarabağa aparılmasına inanmıram Birincisi ona görə ki, regionda onsuz da rus hərbçiləri və müasir texnika var. Yəni əlavə silaha ehtiyac qalmayıb. Həmçinin 10 noyabr bəyanatının IV maddəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır Elə isə silahlar kimə aparılır? Onu da deyim ki, seperatçı rejimin hərbi dəstə saxlamaq hüququ yoxdur”.

Politoloq, həmçinin yeni savaş başlaya biləcəyini bildirdi:

“Məsələ tam həllini tapmayıb. Qarabağda rus ordusu var. Bu isə o deməkdir ki, rus hərbçiləri yeni savaşın başlanması üçün hər an qığılcım törədə bilərlər. Yəni ayıq-sayıq olmalıyıq. İkinci bir tərəfdən, görünməyən güclər Rusiya və Türkiyəni regionda qarşı-qarşıya gətirmək istəyirlər. Lakin Kremlin bu aventüraya gedəcəyi ağlabatan deyil. Çünki müasir Rusiya nə SSRİ, nə də Osmanlı ilə müharibə aparmış Çar Rusiyasıdır. İndiki Rusiya çox zəifləyib. Eyni zamanda müharibə Türkiyəyə də maraqlı deyil. Rəsmi Ankaranın münasibətləri daha çox diplomatik yolla həll etməyə üstünlük verdiyini nəzərə almalıyıq. Türkiyəni istəməyənlər Rusiyanı istəməyənlərə nisbətən daha çoxdur. Bu da hansısa savaşı qardaş dövlət üçün arzuolunmaz edən növbəti məqamdır. Yəni regional müharibənin başlanacağına inanmıram”.