Əziz Əliyevin xatirə muzeyi açılıb - VİDEO

Xaçmazda Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan tanınmış siyasi və tibb xadimi Əziz Əliyevin muzeyinin açılış mərasimi keçirilib.
Mərasimdə xadimin ailə üzvləri ilə yanaşı, Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, eləcə də, qonşu Dağıstandan gəlmiş rəsmi şəxslər iştirak edib.

Tədbir iştirakçıları Ə.Əliyevin muzeyinə baş çəkəndən sonra yeni muzeyin qarşısında açılış mitinqi oldu. Mitingdə çıxış edən Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev Əziz Əliyevin keçdiyi şərəfli həyat yolundan, yerli sakinlərə olduqca dəstək olmasından ətraflı danışdı.
Tədbirə qatılan baş nazirin müavini Əli Əhmədov Əziz Əliyevi görkəmli şəxsiyyət kimi belə xarakterizə etdi: "Əziz Əliyev təkcə Azərbaycanın tarixində deyil, eyni zamanda, Dağıstanın tarixində də həlledici rol oynamış şəxsiyyətlərdən biridir".

Əziz Əliyevin oğlu Cəmil Əliyev atasının xatirəsinin uca tutulmasından razı qaldığını bildirdi: "Bu yeganə muzeydir ki, Xaçmazda açılıb. Mən fəxr edirəm ki, burada mənim atamın belə bir muzeyi açılır. Məhz Xaçmazda açılır. Nəyə görə Xaçmazda? Çünki mənim atam Dağıstanı çox sevirdi. Dağıstanla sərhəddir. Mən şadam ki, Dağıstandan gələn qonaqlar burdan keçib bu muzeyi ziyarət edəcəklər".

Muzeyin açılış mərasimində iştirak edən Dağıstan rəsmiləri Əziz Əliyevin Dağıstana və Dağıstan xalqına böyük xidmətlər göstərdiyini və onun hamı tərəfindən xoş xatirələrlə anılacağını bildirib.

Əziz Əliyev Böyük Vətən Müharibəsi illərində, 1942-48-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışıb.
Muzeyin açılışı qonaqların Əziz Əliyevin həyatını əks etdirən eksponatlara baxışı başa çatdı.




AzNews.az