Kiyevdə qoşun “Maydan”ı tərk edir

İlkin razılaşma əldə olundu: "Maydan" isə Yanukoviçin səmimiliyinə inanmır


Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi qoşun birləşmələri Kiyevin "Müstəqillik" meydanını (Maydan) tərk edir.

Müxalifətin "Maydan"dandakı qərargahından AzNews.az-a verilən məlumata görə, etiraz aksiyalarını yatırtmaq üçün əraziyə cəlb olunan xüsusi təyinatlılar və Daxili Qoşunların bölmələri meydandan uzaqlaşmağa başlayıblar.

Müxalifət isə bunu hökumətin xalqı güzəşt adı ilə aldatmaq məqsədilə atdığı addım kimi dəyərləndirir.

Bu dəqiqələrdə isə "Maydan"da mitinq davam edir.

Mitinqdə hökumətdən prezident seçkilərinin dəqiq tarixinin müəyyənləşdirilməsi tələb olunur. Hakimiyyət əleyhdarları bildirir ki, prezident seçkiləri aprelin sonundan gec olmayaraq keçirilməlidir.

Hələ ki, "Maydan" Şurası V. Yanukoviçlə tərəflər arasında atəşkəsin elan olunmasına dair imzaladığı razılaşma sənədinə rəsmi mövqeyini bildirməyib.

Bu arada isə fevralın 21-də Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə xüsusi nümayəndəsi Vladimir Lukin Kiyevə gəlib.

O, prezident V. Yanukoviç və müxalifətdən olan liderlərlə görüşüb.

Ukrayna mediasının hakimiyyətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, lakin, V. Lukin Ukrayna hakimiyyəti ilə müxalifət arasında əldə olunan razılıq sənədinə vasitəçi kimi imza atmaqdan imtina edib.

Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət liderləri arasında imzalanan sənədə əsasən, ölkədə növbədənkənar prezident seçkilərinin 2004-cü il Konstitusiyasının müddəaları əsasında keçirilməsi nəzərdə tutulub. Bu Konstitusiyaya görə, prezidentin səlahiyyətlərinin bir hissəsi parlamentə verilir.

Razılaşmaya əsasən, müvəqqəti hökumət 10 gün ərzində formalaşdırılmalıdır. Prezident seçkiləri isə 2014-cü ilin dekabrından gec olmayaraq keçirilməlidir. Buna qədər isə parlament Mərkəzi Seçki Komissiyasının yeni tərkibini seçməlidir.

Anlaşmaya görə, ölkədə xüsusi vəziyyət – komendat saatı ləğv edilməli, hökumət qüvvələrinin silahdan istifadəsinə qadağa qoyulmalı, baş verənlərlə bağlı təhqiqat hər iki tərəfin nümayəndələrinin iştirakı həyata keçirilməlidir. Həmçinin, Ali Rada aksiyalar zamanı saxlanılan müxalifət nümayəndələri barədə amnistiya qanunu qəbul etməlidir.

Bundan başqa tərəflər hökumət binalarının, yolların, meydanların boşaldılması istiqamətində də birgə səylər göstərməli, qanunsuz silahların yığılması prosesinə başlanılmalıdır.

Məhəmməd
AzNews.az