Sarkisyan qorxduğunu etiraf edir

“Azərbaycan bizi müharibə ilə təhdid edir”


Ermənistan prezidenti Serj Sarkisyan yenə "yazıq" bəyanatlar verməyə, özlərini zülmə məruz qalan dövlət kimi təqdim etməyə başlayıb.

AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Sarkisyan Azərbaycanın onları yeni müharibə ilə hədələdiyini deyib və əlavə edib ki, onun ölkəsi münaqişənin danışıqlar yolu ilə həll olunmasını istəyir: "İndi atəşkəs rejimi olsa da, Azərbaycan bizi yeni müharibə ilə təhdid edir. Qoşunların təmas xəttində gərginlik artıb. Türkiyə, Rusiya və İranın maraqlarının olduğu bölgədə müharibə riski böyükdür".

Ermənistan prezidenti Azərbaycanın ünvanına erməni sayağı fikirlər də səsləndirməkdən çəkinməyib. O, bildirib ki, Azərbaycanda ermənifobiya mövcuddur. Sarkisyan Azərbaycanın hərbi büdcəsinin artmasından narahatlığını da gizlətməyib və əlavə edib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməlidir.

Sadiq Musa
AzNews.az