- Qayıdış
- 15 Mart 2021 17:26
- 9 373
Ağdamda Zəfər Tablosu: Yeni media siyasəti budur…
“Lonely Planet” jurnalı 2008-ci ildə oranı “Qafqaz Hirosiması” adlandırmışdı, “Əl-Cəzirə” isə 2010-cu ildə bura “ruhlar şəhəri” adını vermişdi
Ora Ağdamdır, indi geriyə yalnız xarabalığa çevrilmiş şəhər və yaralı ruhu qalıb. Bizim ruhlarımız yaralanmışdı hələ 30 il öncə, indi ayaq basdığımız torpaqlar işğal edilərkən.
30 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən torpağını düşmən tapdağından xilas etdi və budur, geri, evimizə doğru gedirik.
Yaralanmış ruhlarımızı sarğıya bükərək, sağalaraq. Bir gün Ağdam da sağalacaq, “ruhlar şəhəri” yenidən dirçələcək. Çünki Ağdamda bunu gördüm, gördüm ki, düşüncəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs yumruq kimi birləşərək, geriyə, o torpaqlara qayıtmışdı.
Bəlkə də cəmiyyət olaraq aqressiv bölünməyimizin səbəbi elə 30 il öncəki işğal, məğlub olmağımız idi.
30 il sonra Ağdamda fərqli-fərqli cəbhələrdə yer alan söz adamlarının eyni yolçuluğa çıxması, erməni vandalları tərəfindən xaraba qoyulmuş yurdumuza eyni hisslərlə getməsi, eyni yolu, eyni süfrəni bölüşməyi çox ümidləri cücərdir.
Torpaqlarımızı işğaldan azad etdik, indi cəmiyyətdəki bölünməyi aradan qaldırmağın zamanıdır.
Prezident İlham Əliyevin prioritetlərindən biri də məhz budur. Xalqın vəhdətini yaratmaq. Bunun üçün siyasi dialoq mühiti inkişaf etdirilir, artıq kifayət qədər nəticələr göz önündədir.
Ağdam səfəri də məhz söz adamlarının, fikir sahiblərinin milli amal uğruna birləşməsi idi.
Xədicə İsmayılı, Aynur Elgünəşi, Arif Əliyevi, Aslan İsmayılovu, Əvəz Zeynallını və onlarla fərqli cəbhələrdə təmsil olunan, bəzən də sərt qarşıdurma mövqeyi nümayiş etdirənlərin azad olunmuş Ağdamda eyni damın altına toplanması ümidverici və çox gözəl mənzərə idi.
Hər kəs öz evinə, evimizə qayıtmışdı. Bu mənzərə qarşısında “ruhlar şəhəri” dirçəlirdi, sanki yaraları sağalırdı. Bu həm də cəmiyyətin yaralarının sağalması idi.