Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

Laçın şəhəri bu gün 23 ailəyə qucaq açıb və daha 72 laçınlının yurd həsrəti bitib. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb, öz evlərində məskunblaşıblar.

08:23

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürülüb.

Doğma yurda qayıdan Laçın sakinləri torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.

image description image description image description image description image description image description image description image description image description