İran: İsrail nüvə silahından azad olmalıdır

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qəzzaya nüvə bombası atmağın ehtimallar arasında olduğunu deyən İsrail nazirinə reaksiya göstərərək, BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) İsraili nüvəsizləşdirməyə çağırıb.

Aznews.az xəbər verir ki, Hüseyn Əmir Abdullahian X sosial media platformasında məsələ ilə bağlı paylaşım edib.

İranın xarici işlər naziri öz yazısında aşağıdakı ifadələrdən istifadə edib:

“İsrailli nazirin atom bombasından istifadə ilə bağlı açıqlamaları administrasiyanın müqavimət qarşısında əsl uğursuzluğunu göstərir.

BMT TŞ və MAQATE bu barbar və aparteid rejiminin nüvəsizləşdirilməsi üçün təcili tədbirlər görməlidir. Sabah gec olacaq. “Bu soyqırıma görə bütün məsuliyyət Ağ Evə məxsusdur”.

İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahu radio proqramında nüvə bombasından istifadənin Qəzza üçün imkanlardan biri olduğunu deyib.

Bu bəyanatdan sonra baş nazir Benyamin Netanyahu Eliyahunu qeyri-müəyyən müddətə kabinet iclaslarından kənarlaşdırıb.

Keçmiş baş nazir Yair Lapid isə Netanyahunu Eliyahunu istefaya göndərməyə çağırıb.

Qəzza zolağı ilə bağlı qalmaqallı açıqlamalarına verilən reaksiyalardan sonra Eliyahu bir addım geri çəkilərək nüvə bombası ilə bağlı açıqlamasının “metaforik” olduğunu müdafiə edib.

Mövsüm