Qadın deputat: “Azərbaycan kişisinə belə sözləri yaraşdırmıram”

"REAL" Hərəkatının sədri İlqar Məmmədovun Milli Məclis barəsində səsləndirdiyi fikirlərə parlamentin qadın deputatlarından cavab gəlib.

Millət vəkili Flora Qasımova məsələ ilə bağlı fikirlərini AzNews.az-la bölüşüb: "Bir fikrə qəti etirazımı bildirəm. Onun mövqeyinə, ziyalılığına, ictimai fəaliyyətinə belə sözü yaraşdırmıram. Milli Məclis hakimiyyətin bir qoludur, oradakıların ailəsi, uşağı, həyat yoldaşı var. İlqar Məmmədov bu fikirləri səsləndirərkən düşünməli idi ki, parlamentdə qadın deputatlar da var, onlar anadır, övladları, həyat yoldaşları var".

İ.Məmmədovun bir qrup deputat tərəfindən məhkəməyə verilməsinə gəlincə isə, F.Qasımova bu deputatların cərgəsinə qoşulmaq fikrində olmadığını söyləyib: "Çünki o, məhkəmə ilə düzələn deyil. Mübarizədə siyasi mədəniyyət lazımdır, təhqirə yol vermək olmaz. Azərbaycan kişisinə belə sözlər yaraşdırmıram".

Elnarə Əlosmanqızı
AzNews.az