Elman Abdullayev: “Azərbaycan bu prinsipiallıqdan da əl çəkən deyil” Elman Abdullayev: “Azərbaycan bu prinsipiallıqdan da əl çəkən deyil”

“Ermənistan özünü təhlükəli duruma salıb”- MÜSAHİBƏ

Elman Abdullayev: “Azərbaycan bu prinsipiallıqdan da əl çəkən deyil”



Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzNews.az-ın bir neçə sualını cavablandırıb:

-Azərbaycanın ümumi durumunu necə xarakterizə edərdiniz?

-Azərbaycanda ictimai baxımdan da çox gözəl ab-hava mövcuddur. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli ölkədir. Ona görə də bizim ölkəmizin üstünlüyü, zənginliyi ondan ibarətdir ki, Azərbaycanda insanlar mədəniyyətindən, dinindən, etiqadından asılı olmayaraq, bir-birilə firavan, mehriban şəkildə yola gedirlər. Təhlükəsizlik baxımından da təhlükəsizlik xidmət orqanları öz missiyalarını yaxşı icra edirlər. Azərbaycan dövləti mükəmməl, mətin təhlükəsizlik şəraiti yaradıb. Vətəndaşlarımız da təhlükəsizlik şəraitində yaşayırlar. Azərbaycan dövlətinin olduqca güclü olması onunla sübut olunur ki, o, həm vətəndaşlarını xarici təhlükədən qoruyur, həm də ölkə daxilində stabillik yaradıb. Bunun üçün Azərbaycan dövlətinin yetərincə gücü var.

-İşğal altında qalan ərazilərə avropalı parlamentarilərin səfərlərinin danışıqlar prosesinə nə kimi təsirləri var?

-Azərbaycan Respublikasının müvafiq qurumları ilə razılaşdırılmadan onun Dağlıq Qarabağ regionuna səfərlərin həyata keçirilməsi qanunsuz bir addımdır. Bu, qanunsuz addımdır və birmənalı şəkildə təxribatdır. Belə təxribat xarakterli addımlar yalnız və yalnız sülh prosesinə zərbə endirir, xələl gətirir, problemin həllinə əngəl törədir. İstənilən bir ölkənin, istənilən bir deputatının bu addımı qəbuledilməzdir. Təbii ki, biz həmin parlamentarilərin erməni icmasının əlində alətə çevrilməsini, onların seçki kampaniyasına ermənilərin vəsait ayırdığını anlayırıq. Həmin deputatların onlara sərf olunan vəsait müqabilində etimadı doğrultmağa çalışdıqlarını anlayırıq. Amma onlar belə addımları atmaqla vəziyyəti daha da gərginləşdirirlər, tərəflər arasında vəziyyəti daha da pisləşdirirlər, regionun gələcəyinə zərbə vururlar.

- Rəsmi Bakı bütün bunları müzakirələrdə gündəmə gətirirmi?

-Əlbəttə ki, bu addımlar atılır. İllərdir Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər məsələsində Azərbaycanın mövqeyi prinsipialdır. Azərbaycan bu prinsipiallıqdan da əl çəkən deyil. Buna qarşı etiraz istər problemin həll danışıqlarında, istər beynəlxalq qurumlarda, ümumiyyətlə, müxtəlif forumlarda ifadə olunur.

- Ermənistan həm problemin həll danışıqlarına gedir, həm də "Dağlıq Qarabağın tanıdılması" prosesini reallaşdırmağa cəhdlər edir...

-Rəsmi İrəvan bu cür addımlar atmaqla birbaşa danışıqlar prosesinə qarşı təxribatla məqsədini güdür. Eyni zamanda da rəsmi İrəvan danışıqlar prosesini uzatmaq üçün müxtəlif bəhanələrdən, müxtəlif mexanizmlərdən istifadə edir. Bununla da İrəvan özünü, öz xalqını aldadır. Vaxtı uzatmaqla Ermənistan özünü aldatmaqla yanaşı, həm də qeyri-real vəziyyəti real kimi təqdim etməyə çalışır. Amma Ermənistan özü də yaxşı dərk edir ki, Azərbaycan gec-tez öz ərazilərini bərpa edəcək. Buna baxmayaraq, Ermənistan vaxtı uzatmağa, münaqişənin həllində status-kvonu möhkəmləndirməyə çalışır.

- Vaxtı uzatması Ermənistanın əleyhinə işləyən məqam kimi təqdim olunur. Bunu necə başa düşmək olar: Ermənistana havadarlıq edənlərin geri çəkilməsimi, rəsmi İrəvanın təcavüzdən əl götürməsimi?

-İşğalın uzanması bütövlükdə regionun gələcəyinə çox mənfi təsir göstərir. Nə qədər ki, problem həllini tapmayıb, nə qədər ki, biz münaqişənin həll yollarını tapmamışıq, nə qədər ki, Azərbaycanın həll üçün konkret praqmatik təklifləri qəbul edilmir, bir o qədər regionun tam inkişafı mümkün deyil. Bu münaqişənin həll olunmamış qalması regionun üzərinə bir yükdür. Bu həm regionun inkişafı, həm də inteqrasiyası baxımından belədir. Ermənistana gəlincə, bu onun daxili iqtisadiyyatında çox böyük fəlakətlərə gətirib çıxarıb. Ermənistan münaqişənin həll olunmamasından çox böyük itki verdi. Əvvəla bu ölkədə ciddi iqtisadi tənəzzül mövcuddur, böyük sayda əhali ölkəni tərk edib. Digər tərəfdən də Ermənistan bu siyasəti ilə bütün regional layihələrdən kənarda qalır. Təsəvvür edirsinizmi, bu təcavüz siyasəti bir xalq üzərində hansı dərəcədə mənfi nəticələrə səbəb oldu.

- Hesab edirsiniz ki, həm regionun geri qalması, həm də Ermənistana ciddi şəkildə mənfi təsir məsuliyyəti dərk olunur?

-Təbii ki. Bu regionda üç ölkə var və onlardan ikisi-Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq var və bütün layihələrdə də birgə iştirak edirlər. Məhz Azərbaycanın təşəbbüskarı olduğu bu layihələr hər iki ölkənin iqtisadiyyatının inkişafına dəstək olub, həm də vətəndaşların rifahına müsbət təsir göstərib. Üçüncü ölkə olan Ermənistan isə səfalət içərisindədir. Üçüncü ölkənin inkişaf etmədiyi bir dövrdə təbii ki, bütövlükdə regionun inkişafından danışmaq mümkün deyil. Ermənistanın regional layihələrdən kənarda qalması təbii ki, birmənalı şəkildə regionun gələcəyinə, iqtisadi rifahına mənfi təsir göstərir. Azərbaycanın isə inkişaf səviyyəsi çox yüksəkdir, regionun iqtisadiyyatının 80 faizdən çoxuna malikdir. Belə bir halda şübhəsiz, Ermənistanın vəziyyəti getdikcə pisləşəcək.

- Həmsədr ölkə olan Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması fonunda təcavüzdən əl götürülməsi nə dərəcədə realdır?

-Gəlin özümüzü aldatmayaq. Nəzərə alsaq ki, Ermənistan forpost bir ölkədir və getdikcə daha mürəkkəb bir vəziyyətə düşür onda bu dövlətin atacağı hansısa alternativ addım yoxdur. Əgər Ermənistan bir tərəfdən Azərbaycan ərazilərini işğala məruz qoymaqla insanlarımızı yurd-yuvasından didərgin salıbsa, digər tərəfdən də öz vətəndaşlarına dözülməz şərait yaratdı. Ölkə iqtisadiyyatı səfalət ikçərisində olduğu halda Ermənistan güclü ölkə kimi təqdim oluna bilməz, belə ölkələr güclü olmurlar da.

- Axı hərbi baxımdan gücləndirilir...

-Ölkənin gücü tək hərbi göstəricilərlə ölçülmür. Şübhəsiz, hərbi güclü bir institutdur. Amma Ermənistan forpost olaraq ətrafdan tam asılı olan bir ölkədir. Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir, müstəqil qərarlar vermə mexanizmlərinə malik bir dövlətdir. Azərbaycan dövləti konkret istədiyi anda, istədiyi şəkildə daxili və xarici siyasət yürütmək qabiliyyətində olan ölkədir. Belə bir müqayisə hər iki ölkənin perspektivlərinin müqayisəolunmazlığını ortaya qoyur. Azərbaycan bir neçə onilliklərlə Ermənistanı qabaqlamış dövlətdir. Ermənistan təcavüzkar siyasəti davam etdirməklə və bunun hesabına öz xalqını güdaza vermək, gələcəyi düşünməmək, asılılıq vəziyyətinə göz yummaqla özünü təhlükəli duruma salır.

Gültəkin Qəhrəmanlı
AzNews.az