“Üçüncü qüvvə” dilemması

Cümşüd Nuriyev

Azərbaycanın siyasi elitasına kinorejissor R.İbrahimbəyov tərəfindən yeni ideya kimi təqdim olunan "üçüncü qüvvə" termini politologiyada ötən əsrin əvvəllərindən istifadə olunur. "Üçüncü qüvvə" həm ABŞ-da, həm də Rusiyada dəfələrlə sınaqdan keçirilib və nəticəsi müsbət olmayıb. Amerika Birləşmiş Ştatlarının bütün tarixi boyu "Üçüncü qüvvənin" prezidentliyə 10 namizədi qeydə alınıb və seçkilərdə 1-2%-dən artıq səs toplaya bilməyiblər.
Rusiyada isə 1917-ci il Fevral inqilabı zamanı V.M.Çernovun "üçüncü qüvvə" nəzəriyyəsinə uyğun olaraq sağları (ağları) və bolşevikləri hakimiyyətə buraxmaq istəməyən Sosialist-inqilabçılar partiyası - Eserlər belə hərəkət ediblər. Onlar Samarada hakimiyyəti ələ aldılar və sonradan məlum olanda ki, yaradılan "Komuça" (Təsisçilər Şurası) heç də xalqın deyil bəlli qrupların maraqlarına xidmət edirmiş. Qısa müddətdən sonra dayaqlarını ititmiş Eserlər hələ də tarixin arxivindədir.
Moldovada isə 2011-ci ildə seçki blokunun adını "Üçüncü qüvvə" (Blocul electoral "Forţa a treia", BeFT) qoymuşdular.
Bu tarixə "səyahətin" əsas məqsədi dəyərli oxuculara məlumat verməklə bərabər, həm də bu ideyanın müasir Azərbaycan reallığına "daşınmasının" siyasi mühitdə yarada biləcəyi mənfi nəticələri də onların diqqətinə çatdırmaq istəyirik.
Birincisi, hörmətli Rüstəm müəllim uzun müddət siyasətdən uzaq qaldığı üçün "üçüncü qüvvə" formulunun bu günə qədər hansısa siyasi qüvvəyə uğur gətirmədiyini bilmir. Hətta Rusiya prezidenti V.Putinin ikinci dönəm prezident seçkilərində bu siyasi formuldan yararlanmaq cəhdi fiaskoya uğradı. Baxmayaraq ki, cənab İbrahimbəyov tez-tez Rusiyada və ABŞ-da olur, görünür başı başqa işlərə qatışdığına görə, bu barədə məlumatsız olub.
İkincisi, dünya praktikasında adətən "üçüncü qüvvə" formulundan ölkədə iki siyasi partiyanın olduğu hallarda (məsələn, ABŞ-dakı kimi) istifadə olunur. Azərbaycanda isə iqtidaryönlü partiyalarla müqayisədə müxalifət partiyaları bir neçə dəfə çoxdur. Baxmayaraq ki, Milli Məclisdə iqtidaryönlü partiyalardan müxalifət partiyaları 3 dəfə çoxdur, həmin partiyaların təsir imkanları dəfələrlə azdır.
Üçüncüsü, bəzi müxalifət nümayəndələri üçüncü qüvvənin xalq olduğunu iddia edirlər və bundan "ərəb ssenarisinə" xəyali keçid qururlar ki, bu təfəkkür də onları növbəti uğursuzluğa aparır. Azərbaycanda xalqla prezident arasında gərginlik yaratmaqda maraqlı olan və xaricdən hazır siyasi "reseptlə" təmin olunan qüvvələr bir şeyi başa düşmürlər ki, bu yolla əldə etmək istədikləri "uğurlar" ölkənin bugünkü siyasi reallıqları ilə uzlaşmır.
Dördüncüsü, "üçüncü qüvvə" formulu onsuz da yaman gündə olan müxalifəti yenidən dağıtmağa xidmət edəcəkdir. Çünki müxalifətdə olanların əksəriyyətinin siyasi təfəkkürü eqoizm və neokommunizim ideyaları bazasında formalaşmışdır. Müstəqillikdən 22 il keçməsinə baxmayaraq Azərbaycandakı siyasi partiya sədrlərinin hamısının yaşı qırxın üzərindədir. Odur ki, siyasi təfəkkürü müstəqil Azərbaycanda formalaşmayan partiya sədri hər şeydən öncə özünü düşünür və onu bu cür qəbul etmək istəməyənləri, nəzarətində olan qəzetlər və sosial şəbəkələr vasitəsi ilə şantaj edirlər. Kompramat tapmayanda isə əxlaqsız metodlardan yararlanmağa çalışırlar ki, bunun da adı "neocəbhəçilik"dir. Son zamanlarda sosial şəbəkələrdə keçirilən və heç bir metodoloji əsası olmayan saxta rəy sorğuları da bu cür ucuz "liderliyin" əldə olunmasına xidmət edir.
Beşincisi, ssenarist R.İbrahimbəyovun Ziyalılar Forumunun "çətiri" altında formalaşdırmaq istədiyi "üçüncü qüvvə" və Milli Şuranın yaradılması ssenarisi daha çox siyasi təxribata bənzəyir. Çünki hörmətli Rüstəm müəllim həmişə ssenarini özü yazdığı halda, indi başqalarının yazdığı ssenariyə rejissorluq etmək istəyir. Belə ki, Milli Şuranın üzvləri daha çox iqtidarı "söyənlərdən" təşkil olunacaq ki, burada da həm demokratik prinsiplər pozulacaq, həm də növbəti parçalanmalara gətirib çıxaracaq. Hər halda "EL"-ə YeS deyənlər, elin (xalqın) özü barədə düşünsələr yaxşı olar. Yoxsa fiaskoya uğrayan YeS "El"-in yerin DAR edəcək və həmişəlik DƏNİZ sularına göməcəkdir.