Aksiyanın keçiriləcəyi Fəvvarələr meydanında fövqəladə vəziyyət

Fəvvarələr meydanında hər şey ilk baxışdan sakit görünsə də, bu, daha çox tufan qabağı sakitliyə bənzəyir. "Yenu Müsavat" əməkdaşının bu gün "Əsgər ölümlərinə son" şüarlı aksiyanın keçiriləcəyi meydan barədə ilk təəssüratı belədir.

Onun müşahidələrinə görə, şəhərin mərkəzində indiyə qədər görünməmiş miqyasda qoşun birləşmələri cəmləşdirilib. Onların daha çox çevik polisi alayı və daxili qoşunların əməkdaşları olduğu görünür. Dəbilqəli, dəyənəkli polislər avtobuslarda oturub gözləyirlər. Xeyli miqdarda ətrafda gəzişən mundirli və mülki geyimli hüquq-mühafizə orqanı əməkdaşları da var.

Kukla Teatrının qarşısında və "Makdonalds"ın arxasında çoxlu polis dolu avtobuslar var: "Əraziyə təcili tibb yardım maşınları gətirilib. Fəvvarələr mühasirədədir və bura giriş mümkünsüzdür".

Fəvvarələr meydanına yaxın ərazidə supüskürdən maşınların olduğunu deyən əməkdaşımız əlavə edir ki, bununla belə, martın 10-da saat 15-ə təyin edilmiş aksiyanın hakimiyyətin aqressiyası və həyata keçirdiyi repressiya səbəbindən təxirə salınıb-salınmayacağı hələ bilinmir.

AzNews.az