Dmitri Savelyev ünvanına səslənən hədələrə münasibət bildirdi

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev iyulun 3-də “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində onun ünvanına səslənən hədələrə münasibət bildirib.

D. Savelyev APA-nın Moskva müxbirinə açıqlamasında V. Solovyovun proqramında səslənən fikirləri sayıqlama adlandırıb. “Belə sayıqlamaları şərh etməyi gərəksiz hesab edirəm”, - deyə D. Savelyev vurğulayıb.

Qeyd edək ki, “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağırıb: “Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir”.

AzNews.az