Elxan Mehdiyev: “ABŞ İrandakı rejimi dəyişmək istəmir”

ABŞ Maliyyə Nazirliyi İranın zəlzələdən zərər çəkən bölgəsinə 45 gün müddətinə xeyriyyə fəaliyyəti ilə məşğul olan qurumlar və QHT-lər tərəfindən 300 min dollara qədər pul göndərməyə icazə verib. Nəzərdə tutulan məbləğdən artıq pul göndərmək istəyənlər isə ayrıca lisenziya almalıdır. Bildirilir ki, bu icazə ABŞ-da yaşayan bir sıra Güney azərbaycanlılar və bəzi konqresmenlərin fəaliyyəti nəticəsində əldə edilib.


Qeyd edək ki, ABŞ başda olmaqla Avropa ölkələrinin sanksiyalarına məruz qaldığı halda İranın bu yardımlardan imtina etməməsi bir qədər qəribə görünür. Digər bir tərəfdən də Türkiyə və digər türkdilli ölkələrin zəlzələdən zərərçəkənlərə göndərdiyi yardımlarla bağlı rəsmi Tehranın sərgilədiyi mövqe rejimin nədənsə narahatlığını göstərirdi.

Görünür, İran zəlzələ bölgəsində siyasi fəallığa rəvac verə biləcək kiçicik bir nüansa olduqca həssas yanaşır. Bəs bu ehtiyatlılıq Amerikanın atdığı addımla bağlı da müşahidə oluna bilərmi?


Siyasi şərhçi Elxan Mehdiyev AzNews.az-a deyib ki, ABŞ burada hansısa siyasi məqsəd güdmür və sadəcə olaraq, zərərçəkən insanlara kömək etmək istəyir: "Amerika və İrana qarşı sanksiya tətbiq edən ölkələr İranın hansısa bankına vəsait köçürmür. Yardım üçün nəzərdə tutulan vəsait də elə çox deyil. Digər bir tərəfdən də ABŞ və Avropa ölkələri İranda rejimi dəyişmək barədə siyasət yürütmür ki, nədənsə ehtiyat edilsin. İranla bağlı problem nüvə məsələsinə görədir. Hazırda rejimin dəyişdirilməsi məsələsi gündəmdə deyil".


Gültən

AzNews.az