Sağçılar solçuların bayramını necə xatırlayır? – SORĞU

Qara zurnada 1 may şənliyi, yaxudda bəzəkli traktorla zəhmətkeşlərin yürüşünə doğru...

Bu gün 1 may - Beynəlxalq Zəhmətkeşlər Günüdür. Bəs, ölkənin sağ yönümlü siyasətçiləri bu günü necə keçirdiklərini xatırlaya bilirlərmi? Axı, onlar da "zəhmətkeş"lər ölkəsi SSRİ-nin vətəndaşı olublar.


Müsavat Partiyasının divan üzvü Vurğun Əyyub AzNews.az-a açıqlamasında bildirib ki, yaddaşında 1 may - Beynəlxalq Zəhmətkeşlər Günü müxtəlif cür qalıb: "Beşincı sinifə qədər məktəb yoldaşlarımdan yaşca balaca olduğumdan məni onlarla şənlik keçirməyə qoymurdular. Əmimoğlu traktorçu idi. O, məni bəzəkli traktoruna mindirib, rayon mərkəzində olan 1 may nümayişinə aparırdı. Bir az böyüyəndən sonra isə qohum-əqrəba ilə kəndin üst tərəfindəki təpələrə çıxardıq. Yuxarı siniflərdə isə sinif yoldaşlarımızla birlikdə Əsrik dərəsinin yuxarılarındakı meşəliklərə, bulaqların üstünə üz tutardıq".

Milli Şuranın Hüqüq komissiyasının sədri Vidadi Mirkamal isə 1 mayı insanların bir araya gəldi gün adlandırıb: "1 may bizim uşaqlıq və gənclik yaddaşımızda insanların bir araya gəldiyi, paradların keçirildiyi, baharın təravətli günlərindən biri kimi qalıb. 1 may əsasən solçu qüvvələrin, sosial demokratların, kommunistlərin əziz saydığı bayramlardan biridir. İndi isə bu qüvvələrin hakimiyyətdə oldugu ölkələrdə bu bayram qeyd olunur. Rusiyada isə bu bayramı və onun ənənələrini bərpa ediblər. Bizim ölkəmiz müstəqil və solçuluqdan uzaq bir dövlətdir".
V. Mirkamal bu bayramın bərpasına heç bir ehtiyac olmadığını da deyib: "Onun əvəzinə 28 may gününün daha geniş qeyd edilməsi, bayram əhval -ruhiyyəsinin artırılması daha məqsədəmüvafiq olardı".



"Xalq Arzusu" hərəkatının təsisiçisi Asəf Quliyev deyib ki, orta məktəbdə oxuduğu illərdə 1 maya xüsusi hazırlıqlar olardı: "Bu günə bir ay qalmış məktəbin stadionunda məşq edərdik. Mayın 1-də isə səhər saatlarında yuxudan durar və rayonun mərkəzi meydanına gedərdik. Bir qədər yuxarı siniflərdə isə dostlarımızla paraddan sonra bu günü qeyd edərdik".

Müsavat Partiyasının Divan üzvü İkram İsafil bu tarixi yadda qalan günlərindən biri kimi xatırlayıb: "Hər halda o dovrdə 1 may çox yüksək əhval ruhiyyə ilə bayram kimi qeyd olunurdu. Həm də 1 may gənclik illərimə təsadüf etdiyindən, həmin günü çox maraqlı, yadda qalan günlərdən biri kimi kecirirdik. Eyni zamanda 1 may paradından ən çox yadımda qalanlardan biri də kohnə kişilərin qara zurnada ifa etdikləri milli mugam və rəqslərimiz idi".

Bahar Rüstəmli
AzNews.az