AB liderlərinin görüşü bitdi

AB-nin aparıcı ölkələrindən olan Fransanın prezidenti ilə Almaniyanın kansleri arasında Yunanıstanda referendumun nəticələrinə dair keçirlən müzakirə başa çatıb.


AzNews.az anspress-ə istinadən xəbər verir ki, Yelisey sarayında baş tutan görüşdən sonra iki ölkənin başçısı mətbuatın qarşısına çıxaraq açıqlama verib. Almaniya kansleri Anqela Merkel vaxtın daraldığını, Tsiprasın bir qərar verməli olduğunu deyib. Merkel həmçinin qapılarının müzakirələrə açıq olduğunu, yeni müzakirələr üçün şərtlərini müəyyən edəcəklərini deyib.

"Burda demokratik bir ölkənin verdiyi qərar var. Biz də buna uyğun hərəkət etməliyik. Amma Avrozonaya üzv olan digər 18 ölkənin də nə düşündüyü əhəmiyyətlidir. Qapımız hələ də müzakirələrə açıqdır. Bu gün Avrozonaya üzv ölkələrin başçılarının sammiti olacaq. Biz də yeni müzakirələr üçün şərtlərimizi müəyyən edəcəyik. Yunan baş nazirin də qarşıdakı günlər üçün nə düşündüyünü, verəcəyi təklifləri eşitməliyik. Doğurdan da az vaxtımız var."

Avropanın hər yerində həmrəylik olduğunu deyən Fransua Olland isə öhdəliklərlə həmrəylik arasında tarazlıq qurulmalı olduğunu deyib:

"Qarşımızda təcili bir vəziyyət var. Həm Yunanıstan, həm də Avropa üçün. Avropa bu məsuliyyəti üzərinə götürməlidir. Bu sadəcə iqtisadi, mali, maddi bir struktur deyil. Avropa bütövlükdə müəyyən prinsiplərə, dəyərlərə söykənir. Ortada müəyyən bir termin var. Bir dünya termini, sadəcə bizim qitəmiz deyil. Azadlığa, açıqlığa və hörmətə dayanmış bir təməl var. Burada həmrəyliyə də yer var. Həmrəylik Avropanın hər yerində var. Daha çox olmalıdır. Eyni zamanda öhdəliklər də var. Öhdəlik və həmrəylik arasında tarazlıq olmalıdır. Bu da qarşıdakı günlərdə bizim rəhbərimiz olmalıdır".

"Ümidvaram ki, bu həftə təkliflər qarşımıza gələcək. Beləliklə vəziyyətə daha aydın şəkildə baxacağıq və problemi həll edəcəyik. Burda bizim prinsipimiz ortadadır. Bu prinsipi cənab Olland da dilə gətirdi. Həmrəylik prinsiplər arasındadır. Yunanıstanla birlikdə həmrəylik göstərilməlidir. Biz də müzakirələr vaxtı əliaçıq yanaşdıq. Ölkələr öz öhdəliklərini çiyinlərinə götürməlidirlər. Yunan xalqının verdiyi qərara hörmətlə yanaşıram. Digər 18 üzvün də fikirlərini nəzərə almalıyıq. Nəticədə ortaq pul vahidimiz var. Buna görə də tərəflər öz öhdəliklərini üzərlərinə götürməlidirlər." – deyə Merkel bildirib.