Yusif Bağırzadə: “BŞİH-i məhkəməyə verəcəyik” - MÜSAHİBƏ

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin AzNews.az-a müsahibəsi:

-Məşvərət Məclisinin İctimai Palata ilə əməkdaşlığı niyə alınmır?

- Bilirsiz ki, biz İP-də təsisçiyik. İctimai Palatanın 3 protokolu var. Bu protokollar əsasında fəaliyyət göstərirlər. Sənədlərdə qeyd edilir ki, İctimai Palata Azərbaycanda müxalifətin daha geniş tərkibdə güc mərkəzinə nail olmalıdır. İndi isə mən bunu görmürəm. Həmin qurum bu müddəalardan kənara çəkilir. Buna görə Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) əməkdaşlıq üçün İP-ə etdiyi müraciətinə cavab verilmir. Güc mərkəzinə nail olmaq üçün əməkdaşlıq etmək lazımdır. Azərbaycan bir neçə qurum ayrı-ayrı birləşiblər. Bunlar Qarabağ bloku, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı (DCUMH), İctimai Palata və DQMM-dir. Məşvərət Məclisi ittifaq və ya qurum deyil. DQMM siyasi partiyaların məsləhət yeridir. Bura daxil olmaq və ya xaric olmaq azaddır.

-Bilirsiz ki, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev həmişə İctimai Palatanı tənqid edir. ACP də DQMM-də təmsil olunur. Bəlkə bu partiyaya görə əməkdaşlıq baş tutmur.

-Hesab etmirəm ki, səbəb bu ola bilər. Məşvərət Məclisinin təsisçiləri 14 partiyadır. Bu qurum demokratik dəyərlər əsasında formalaşdırılıb. Biz çalışırıq ki, Azərbaycan müxalifəti eyni müstəvidə birləşsin.

-Noyabrın 3-də aksiya keçirəcəyiniz barədə qərar vermisiz. Mitinqə Məşvərət Məclisinin təklif etdiyi yerlər verilməzsə, hansı addımları atacaqsız?

-Əvvəlcə müzakirə olunacaq. Bizim təklif etdiyimiz yerlərdə aksiya keçirməyə icazə verməsələr, Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcəyik.

-Mitinqin icazəsiz keçirilmə ehtimalı var?

- Yox. İcazəsiz keçirmək fikrimiz yoxdur. Biz bu məsələləri məhkəmə yolu ilə həll edəcəyik. Məsələ ilə bağlı müvafiq instansiyalara da müraciət ediləcək.

- "20-ci sahə"ni təklif etsələr, razılıq verməyəcəksiz?

-Məşvərət Məclisi olaraq yerlərimizi təklif etmişik. Əslində, "20-ci sahə" bizi qane etmir.

- Aksiya üçün hazırladığınız şüarlar İctimai Palatanın şüarları qədər sərt deyil...

- Biz Azərbaycanda islahatlara nail olmaq istəyirik. İslahatlar da qarşılıqlı münasibətlərdən əmələ gəlir. Seçkiöncəsi Azərbaycanda islahatlar aparılmazsa, biz də daha sərt çıxışlar edəcəyik. Bu gündəmdədir. Söhbət güclə danışmaqdan getmir. Əsas Azərbaycanda demokratik mühitin yaradılmasıdır.

-"Sərbəst Toplaşmaq Azadlığı" haqqında qanununa edilən dəyişikliklərə münasibətiniz necədir?

- Cəzaların qiymətlərinin artırılması Azərbaycan reallığına uyğun gəlmir. Bu, beynəlxalq konvensiyalara da ziddir. Qanunda 3000-4000 manat cərimələrin nəzərdə tutulması onu göstərir ki, azad toplaşmaq hüququ məhdudlaşdırılır. Bu haqda beynəlxalq məhkəmələrə də müraciət edəcəyik.

-Bəlkə bu məsələni də şüarlarınızın sırasına əlavə edəsiz...

- Mitinqdə bu məsələyə toxunulacaq. Bu barədə şüar da hazırlanacaq.

İlkin Pirəli
AzNews.az