Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi məlumat yayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi məlumat yayıb.
  • Toplum
  • 13 Noyabr 2018 17:31
  •  1 378

Bu ailələr kirayə mənzillərdə yerləşdiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi məlumat yayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, Komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.

Dövlət Komitəsi tərəfindən siyahıya alınma aparılır, yanğın nəticəsində müvəqqəti yaşayış yerinidən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Qeyd edək ki, noyabrın 13-də səhər Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında yanğın baş verib. FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in məlumatına görə, ümumi sahəsi 3600 kvadratmetr olan binanın üçüncü mərtəbəsində otaqların və taxta arakəsmələrin 132, dəhlizin 168, dam örtüyünün isə 20 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

© AzNews.az