28 MAY 1918-Cİ İL- BİZİM MİLLİ QÜRUR TARİXİMİZDİR! - Vasif Qafarovun məqaləsi

107 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi”ni qəbul edib Azərbaycanın müstəqilliyini elan etməklə xalqımız qarşısında çox böyük şərəfli və tarixi bir missiyanı yerinə yetirdi. 100 ildən çox davam edən müstəmləkə əsarətindən sonra xalqın taleyində istiqlaliyyətin elan olunması qədər böyük bir gün ola bilməzdi. Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etməklə Azərbaycan xalqının fiziki olaraq məhv edilməsinin qarşısını aldı və onun yaşamasını təmin etdi.

1918-ci il mayın 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi” təkcə bir siyasi akt deyil, həm də tariximizdə milli özünüdərk və azadlıq mübarizəsinin zirvəsi oldu. Bu sənədlə Azərbaycan xalqı bir əsrdən çox davam edən imperiya əsarətinə son qoyaraq, ilk dəfə müstəqil və demokratik respublika qurmaq əzmini dünyaya bəyan etdi.
Cümhuriyyətin yaradılması yalnız siyasi müstəqillik deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin və dövlətçilik ənənələrinin bərpası demək idi. Ölkədə parlamentli respublika modelinin tətbiqi və bütün vətəndaşlara bərabər hüquqların verilməsi Azərbaycanın siyasi tarixində bir dönüş nöqtəsi oldu. Bu tarixi hadisə həm də XX əsrin əvvəllərində regionda baş verən geosiyasi dəyişikliklər fonunda milli liderlərin uzaqgörən siyasətinin təcəssümü idi.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə xanlıqlar şəklində hissə-hissə, parça-parça daxil edilən Azərbaycanı süqut edən imperiyanın qalıqları altından vahid bir tam halında çıxarmaq da cümhuriyyət liderlərinin böyük uğuru idi. Azərbaycanın parçalanmış xanlıqlar şəklində keçmişindən bütöv bir dövlətə çevrilməsi, milli ordunun və idarəetmə sisteminin qurulması xalqın mübarizə ruhu sayəsində mümkün oldu.
Müstəqil yaşamağa əzm etmiş və bu yolda böyük qurbanlar vermiş Azərbaycan xalqı 1918-1920-ci illərdə özünü müstəqil yaşamağa qadir və buna layiq bir xalq kimi dünyaya nümayiş etdirdi. Olduqca mürəkkəb beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.

Azərbaycan Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı, ölkənin sərhədlərini müəyyənləşdirdi, Azərbaycan hökumətini, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət aparatını və ilk parlamentini formalaşdırdı, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordu yaratdı, ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etdi, ölkənin dünya birliyi tərəfindən tanınmasına nail oldu, dövlət atributlarını yaratdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdi, Azərbaycan dilini dövlət dili elan etdi, ölkədə maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdi, təhsili milliləşdirdi, Azərbaycanın ilk universiteti olan Bakı Universitetini təsis etdi və bütün bu tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarının yaratdı və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi.
Azərbaycan Cümhuriyyətinin əsrlərə bərabər bu iki illik müstəqilliyi 1920-ci ilin aprelində Rusiya təcavüzünün qurbanı oldu. Bununla belə, Azərbaycanı işğal edən Rusiya müstəqil Azərbaycan Cümhuriyyətinin mövcudluğu faktını silib ata bilmədi və bu əsas üzərində sovet quruluşunda formal da olsa Azərbaycanın müstəqilliyini təsbit və qəbul etməli oldu. Bu fakt bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Lakin uzun illər boyu həyata keçirilən sərt, amansız tədbirlər, qeyri-insani, ağlasığmaz cinayətlər də zor gücünə yaradılmış Sovet imperiyasını qoruyub saxlaya bilmədi, 1991-ci ildə SSRİ dağıldı və Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini və milli dövlətçiliyini bərpa etdi. Bu mənada Cümhuriyyət bizim milli şərəf və qürur mənbəyimizdir.

Azərbaycan Cümhuriyyəti müasir Azərbaycan Respublikasının hüquqi və mənəvi əsaslarını miras qoyaraq, milli dövlətçilik ənənələrimizin bərpasında mühüm rol oynadı. 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktında 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edilməsi və müasir Azərbaycan Respublikasının Azərbaycan Cümhuriyyətinin varisi elan olunması bu tarixi varisliyin hüquqi təsdiqidir.

1991-1993-cü illərdə ölkəmizdə yaşanan hadisə və proseslər göstərdi ki, müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da böyük məsuliyyət və qətiyyət tələb edir. XX əsrin sonlarında xalqımızın müstəqilliyini bərpa etmək arzusu gerçəkləşsə də, qarşıya çıxan siyasi və iqtisadi çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, daxili çəkişmələr ölkəmizi çətin sınaqlarla üz-üzə qoydu. Məhz belə bir şəraitdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qətiyyətli və uzaqgörən siyasəti ilə Azərbaycan dövlətçiliyini xilas etdi, sabitliyi və təhlükəsizliyi təmin etdi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində fundamental islahatlar həyata keçirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkənin iqtisadi qüdrəti hər gün daha da möhkəmlənir, beynəlxalq nüfuzu artır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin bir günlük uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası və işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Bayrağının qürurla dalğalanması xalqımızın mübarizə əzminin, iradəsinin, dövlətimizin gücünün və milli birliyimizin təntənəsinin parlaq nümunəsidir.

1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə qayıtmasaydı, bəlkə də Azərbaycan müstəqil dövlət olaraq dünya xəritəsindən tamamilə silinmiş ola bilərdi. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycan isə İlham Əliyevin əsəri, Heydər Əliyev ideyalarının təntənəsidir. Eyni zamanda, bu, cümhuriyyət xadimlərinin arzularının gerçəkləşməsidir.

Azərbaycan Cümhuriyyəti 1920-ci ildə təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun həyata keçirə bilmədiyi planlarını 1993-cü ildən bəri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev həyata keçirdi.

Azərbaycan Milli Şurası tərəfindən 1918-ci il mayın 28-də elan edilən “İstiqlal Bəyannaməsi” Azərbaycan Cümhuriyyətinin Konstitusiya aktı kimi qəbul edilsə də, Cümhuriyyət hökuməti ölkənin Əsas Qanununu qəbul edə bilmədi. Cümhuriyyətin bu arzusunu gerçəkləşdirən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və müəllifliyi ilə 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Dövlətimizin Əsas Qanunu müasir dünyanın ən demokratik prinsiplərini özündə ehtiva edən bir konstitusiyadır.

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri ölkədə Parlament seçkiləri keçirmək və Azərbaycan Parlamentini formalaşdırmaq idi. Lakin mövcud şərtlər altında cümhuriyyət hökuməti ölkədə parlament seçkiləri keçirə bilmədi, Azərbaycan Parlamentini kooptasiya qaydasında formalaşdırmalı oldu. Cümhuriyyətin bu arzusunu da Ulu Öndər Heydər Əliyev gerçəkləşdirdi. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanda ilk Parlament seçkiləri keçirildi və ölkənin Parlamenti formalaşdırıldı.

Ölkəmizdə nə Cümhuriyyət, nə də sonrakı 70 il ərzində həlli mümkün olmayan aqrar məsələ də Ulu Öndər Heydər Əliyev tərəfindən həll olundu. Ulu Öndərin 1996-cı ildə həyata keçirdiyi aqrar islahat nəticəsində torpaq əvəzsiz olaraq kəndliyə verildi.

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri Azərbaycan neftini tam gücü ilə dünya bazarına çıxarmaq olsa da, bu məsələ də tam şəkildə öz həlini tapa bilmədi. Azərbaycanın iqtisadi inkişafı üçün həyati vacib olan bu məsələni həll edən Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev ölkəmizin bugünkü iqtisadi qüdrətini təmin etmiş oldular.

Azərbaycan Cümhuriyyətinin Qafqaz İslam Ordusunun Azərbaycan əməliyyatı zamanı şəhid olan əsgər və zabitlərinin xatirəsini əbədiləşdirmək üçün abidə ucaltmaq, əlifba islahatı keçirib ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçmək və digər planlarını da müstəqil Azərbaycan Respublikası gerçəkləşdirdi.

Azərbaycan Cümhuriyyətinin ən böyük planlarından biri və bəlkə də birincisi Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasətinə son qoymaq idi. Lakin həmin dövrdə yaranmış hərbi-siyasi vəziyyət bu vəzifəni həyata keçirməyə imkan vermədi. Müstəqil Azərbaycanın da bəlasına çevrilmiş bu problemin həll edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Ulu Öndər Heydər Əliyevin də ən böyük arzusu idi. Ulu Öndərin bu arzusunu həyata keçirən Prezident İlham Əliyev bu problemi uğurla və kökündən həll edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bununla ölkəmiz son 30 ildə heç bir dövlətin əldə edə bilmədiyi uğura imza ataraq dünya birliyində öz layiqli yerini bir daha təsdiqlədi, 200 il bundan əvvəl Azərbaycanın içinə yerləşdirilən və vaxtaşırı Azərbaycana qarşı istifadə edilən erməni bombasını tam zərərsizləşdirdi.

İnanırıq ki, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş bugünkü müstəqil Azərbaycanı görmək arzusunda olan, amma bu günü görə bilməyən Ulu Öndər Heydər Əliyevin, eyni zamanda cümhuriyyət liderlərinin ruhları şaddır. Çünki Azərbaycanı məğlub dövlətdən qalib dövlətə, xalqımızı məğlub xalqdan qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti yüzillik problemlərimizi aradan qaldıran, bu günümüzün fəxarət və iftixar mənbəyimiz və sabahımızın mayakıdır.

Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru,
AMEA A.A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun baş elmi işçisi