- Müşahidə məntəqəsi
- 29 May 16:22
- 2 550
Azərbaycan–Pakistan–Türkiyə Üçlüyü: Yüksələn strateji müttəfiqlik

“Pakistan Baş naziri Şahbaz Şərifin həm Türkiyəyə, həm İrana, həm də Azərbaycana səfərlərini yüksək qiymətləndirmək lazımdır. Bu səfərlər bölgədə formalaşmaqda olan yeni geosiyasi düzənin, yeni proseslərin və dinamikanın bir parçası kimi dəyərləndirilə bilər. Regional siyasətdə ciddi dəyişikliklərin baş verdiyi bir dövrdə Pakistanın fəal və balanslı diplomatiyası xüsusi diqqət çəkir. Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri isə bu kontekstdə ayrıca əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan–Pakistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycanın regionda artan strateji rolu fonunda Pakistanın bu səviyyədə diqqət göstərməsi hər iki ölkənin bir-birini strateji müttəfiq kimi qəbul etdiyini göstərir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyədən sonra İrana səfəri regional siyasətdə formalaşmaqda olan yeni dinamikanın göstəricisi kimi diqqət çəkir. Cənub qonşumuzla keçirilən bu rəsmi görüş və danışıqlar maraq doğurur. Bu səfər fonunda masada hansı geosiyasi konfiqurasiyanın formalaşdığı və Azərbaycanın bu strateji mənzərədə hansı mövqedə yer alacağı sualları aktuallaşır.
Siyasi şərhçi bildirib ki, Azərbaycan bu gün regional və beynəlxalq proseslərdə strateji əhəmiyyətə malik açar dövlət kimi çıxış edir.
“Hindistanla Pakistan arasında yaranmış növbəti gərginlik, xüsusilə Hindistanın təcavüzkar addımlarından sonra Pakistanın dost və tərəfdaş ölkələrlə yaxın təmaslar qurması başadüşüləndir. Azərbaycan bu məsələdə qardaş Pakistanı açıq şəkildə dəstəkləyir və onun yanında olduğunu bəyan edir. Azərbaycan–Pakistan–Türkiyə üçlüyü artıq strateji müttəfiqlik formatında formalaşmaqdadır və bu birlik regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi koordinasiya baxımından böyük potensiala malikdir. Bu əməkdaşlıq modeli gələcəkdə İranın, Mərkəzi Asiya ölkələrinin və bəzi ərəb dövlətlərinin də iştirakı ilə daha geniş bir platformaya çevrilə bilər. Azərbaycan üçün bu proseslərin perspektivləri son dərəcə müsbətdir. Siyasi, iqtisadi və təhlükəsizlik sahələrində bu əməkdaşlıq yeni imkanlar açır. Xüsusilə enerji, nəqliyyat və müdafiə sənayesi kimi sahələrdə ortaq layihələr ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az