- Müşahidə məntəqəsi
- 29 May 16:32
- 3 828
Laçından Dünyaya: Azərbaycan, Türkiyə və Pakistanın Mesajı

“Laçında açılan beynəlxalq hava limanı strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir. Bu ərazini Azərbaycanın qərb qapısı adlandırmaq olar, çünki Ermənistanla dövlət sərhədi məhz burada yerləşir. Hava limanının məhz bu bölgədə inşa edilməsi təkcə hərbi və təhlükəsizlik baxımından deyil, həm də geosiyasi və iqtisadi baxımdan dərin məna daşıyır. Əgər yaxın gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalanarsa, Laçın Hava Limanı Ermənistan vətəndaşlarının da xarici ölkələrə rahat şəkildə səfər etməsinə imkan yarada bilər. Bu, bölgədə uzunmüddətli sabitlik və qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə xidmət edə bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə Laçın Beynəlxalq Hava Limanından başlaması diqqət çəkən hadisə kimi qiymətləndirilir. Bu addım həm simvolik məna daşıyır, həm də regionda dəyişən geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət kəsb edir. Yeni açılmış hava limanının seçilməsi, bölgənin gələcəkdə regional kommunikasiya və əməkdaşlıq mərkəzlərindən birinə çevrilməsi baxımından müəyyən mesajlar ehtiva edir.
Siyasi şərhçinin fikrincə, hava limanının fəaliyyətə başlaması Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi “Böyük Qayıdış” proqramının reallaşmasına mühüm dəstək verəcək.
“Məcburi köçkünlərin geri dönməsi, bölgənin iqtisadi və sosial reabilitasiyası baxımından bu tip infrastruktur layihələri həlledici rol oynayır. Laçın strateji baxımdan Qarabağ üçün xüsusi əhəmiyyətə malikdir. Bu bölgədə hava limanının fəaliyyət göstərməsi, ümumilikdə Qarabağda tikilən üç hava limanı ilə birlikdə, Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsi prosesini sürətləndirir. Hazırda Laçın Hava Limanı Azərbaycanın 9-cu beynəlxalq hava limanıdır. Bu da onu göstərir ki, ölkə təkcə enerji resursları ilə deyil, həm də nəqliyyat və logistika imkanları ilə bölgənin əsas tranzit mərkəzlərindən birinə çevrilməkdədir. Orta Dəhliz layihəsinin həyata keçirilməsi fonunda bu infrastrukturun mövcudluğu Azərbaycanın rolunu daha da gücləndirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçına birbaşa səfər etməsi də simvolik və strateji mesaj daşıyır. Bu, təkcə iki qardaş ölkə arasında yaxın münasibətlərin göstəricisi deyil, həm də Türkiyənin Qarabağ məsələsində, ümumilikdə regional sülh və sabitlik mövzusunda göstərdiyi həssas münasibətin ifadəsidir”.
Siyasi şərhçi əlavə edib ki, Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri də bu prosesin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilə bilər:
“Azərbaycan, Türkiyə və Pakistan liderlərinin eyni vaxtda ölkədə olması və onların geosiyasi mesajları birgə şəkildə verməsi bölgədə yeni strateji konfiqurasiyanın formalaşdığını göstərir. Bu proses Ermənistan daxilində də ciddi narahatlıq doğurur. Ermənistan mediasında yayımlanan materiallardan görünür ki, bu üçlü ittifaq – Azərbaycan, Türkiyə və Pakistan – İrəvanda narahatlıqla izlənilir. Çünki Ermənistan, Azərbaycan qədər yaxın və davamlı dəstək verən strateji müttəfiqlərə sahib deyil. Bu ölkəyə daha çox maraq və çıxar əsasında yanaşılır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az