"İlham Əliyevə Ünvanlanan Məktublar: Tramp Administrasiyasının Bakı Mesajı"

“Donald Trampın ABŞ-da ikinci prezidentlik dövrü Azərbaycan və ABŞ arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə müşahidə olunur. Bu inkişafın əsas göstəricilərindən biri Prezident İlham Əliyevə ünvanlanan məktublardır. Tramp 2025-ci ildən etibarən Azərbaycana bir neçə dəfə məktub göndərmiş, bunların arasında ölkəmizdə keçirilən tədbirlər, Novruz bayramı və Müstəqillik Günü münasibətilə ünvanlanan məktublar xüsusilə diqqət çəkir. Bu məktublarda Azərbaycanın ərazi bütövlüyünə hörmət, Cənubi Qafqazda artan liderlik rolu və ABŞ ilə təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın inkişafı ilə bağlı gözləntilər öz əksini tapır. Siyasi təhlilçilər bu məktubları Vaşinqtonun Azərbaycanı regionun əsas aktoru kimi qəbul etməsinin sübutu kimi qiymətləndirirlər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev Donald Trampın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunu yüksək qiymətləndirib. O, bu barədə mayın 29-da senator Stiv Deyns ilə görüşdə bildirib. Prezident qeyd edib ki, məktubda Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlıq imkanlarına vurğu edilib və Tramp dövründə münasibətlərə göstərilən diqqət təqdirlə xatırlanıb.

Siyasi şərhçi qeyd edib ki, Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətləri konstruktiv inkişaf xətti üzrə irəlilədiyi halda, eyni zamanda Ermənistanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması cəhdləri real nəticə vermədi.

“2025-ci ilin əvvəlində imzalanan sənəd kağız üzərində qalaraq praktiki addımlarla müşayiət olunmadı. Eyni zamanda, Ermənistanın müstəqillik günü münasibətilə rəsmi təbrik məktubunun göndərilməməsi, lakin eyni tarixdə Azərbaycana ünvanlanan məktubda Cənubi Qafqazda sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli aparılmasının vacibliyinə vurğu edilməsi siyasi dairələrdə diqqətə səbəb olub. ABŞ ilə münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf etməkdədir. Xüsusilə Azərbaycan, İsrail və ABŞ üçtərəfli əməkdaşlıq modeli diqqətəlayiqdir. Bu il mart ayında ABŞ-da yəhudi və ərəb icmalarının Donald Trampa ünvanladığı müraciətdə Azərbaycan, İsrail və ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın İbrahim razılaşmalarına qoşulması təklifi irəli sürülmüşdü. Sonrakı dövrlərdə Trampın Novruz bayramı münasibətilə göndərdiyi məktubda da bu əməkdaşlıq yüksək dəyərləndirildi”.

Siyasi şərhçi əlavə edib ki, bununla yanaşı, Azərbaycan, Türkiyə və ABŞ arasında da yeni üçtərəfli əməkdaşlıq imkanları formalaşır:

“Türkiyənin NATO üzvü olması və Azərbaycanın 1994-cü ildən bəri NATO ilə sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığı bu üçtərəfli münasibətlərə strateji dəyər qazandırır. Azərbaycan Əfqanıstandakı beynəlxalq missiyalarda aktiv iştirak etmiş, bu ölkəni son tərk edən qüvvələrdən biri olmuşdur. Biden administrasiyası dövründə Azərbaycanın bu töhfələrinin nəzərə alınmaması müəyyən narazılıqlar doğursa da, Tramp dövründə bu ədalətsizliklərin aradan qaldırılmasına çalışılıb. O cümlədən ABŞ Konqresində Azərbaycana qarşı qəbul olunmuş 907-ci düzəlişin dayandırılması da bu kontekstdə diqqətəlayiq addımdır. Nəticə etibarilə, Azərbaycanın ABŞ ilə münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişaf potensialına malikdir. Xüsusilə Azərbaycan, İsrail və ABŞ, eləcə də Azərbaycan, Türkiyə və ABŞ üçbucaqlı əməkdaşlıq formatları qarşıdakı dövrdə bu münasibətlərin dərinləşməsində mühüm rol oynaya bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az