Məleykə Abbaszadəyə jurnalistlər yox, hüquq-mühafizə orqanları sual verməlidir

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün mətbuat konfransı keçirib. Çox sağ olsunlar, bizim əməkdaşları da dəvət etmişdilər, dedim, getməsinlər. Çünki bu quruma bizim heç bir sualımız, heç bir sorumuz yoxdur. Mənim fikrimcə, başda Məleykə Abbaszadə özü olmaqla DİM-in rəhbərliyinə sualları artıq jurnalistlər deyil, hüquq-mühafizə orqanları verməlidir. Ona görə ki, “Milli təhlükəsizlik haqqında” qanuna əsasən, ölkədə təhsilin səviyyəsinin zəifləməsi milli təhlükəsizliyimizə başlıca təhdidlərdən sayılır. Bu gün təhsildə “qara bazar”, başqa sözlə, repetitorluq genişlənib və məktəbi sıradan çıxarmaq həddinə çatıbsa, bu prosesdə, fikrimcə, DİM-in “lokomotiv” rolu müvafiq orqanlar tərəfindən mütləq araşdırılmalıdır.

Bununla belə, Abbaszadənin konfransını diqqətlə izlədim. Çox təəssüf ki, xanım əfəndi DİM-in fəaliyyəti ilə bağlı ictimaiyyəti, valideynləri, təhsil verənləri və alanları narahat edən heç bir məsələyə konstruktiv yanaşmadı. Bəzi saytlarda yazıldığı kimi, DİM sədri “od püskürdü”. Məleykə xanım mediada “təhsil eksperti” kimi təqdim olunan, yaxud heç bu cür təqdim olunmayan, amma DİM-i tənqid edən şəxslərin savadsızlığına, naşılığına, hətta vicdansızlığına işarə etdi.

DİM-i kimlər tənqid edir, əcaba?

Misir Mərdanov bu ölkənin tarixində ən yaddaqalan, ən yaxşı Təhsil nazirlərindən biri olub. Görkəmli riyaziyyatçıdır, akademikdir, AMEA-da institut direktorudur, Bakı Dövlət Universitetinin rektoru işləyib. Məleykə Abbaszadə özündən müştəbehliyinə rəğmən, nə bioqrafiyasına, nə akademik bilik və nailiyyətlərinə, nə də dövlətə, cəmiyyətə xidmətlərinə görə, Misir Mərdanovla müqayisə olunacaq adamdır. Mərdanovun təhsilin imtahan sistemi vasitəsi ilə çökdürülməsi barədə çaldığı həyacan təbili əsl vətəndaş, əsl ziyalı, əsl peşəkar mövqeyidir. Bu tənqidləri, tənqiddən ötə, harayı nəzərə almayıb qabaqdangəlmişlik eləmək, istənilən halda, doğru yol, doğru üsul deyil.

Etibar Əliyev Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifi, Nobel mükafatı almış alimlərin araşdırıcısıdır. Azərbaycanda pozitiv elmi populyarlaşdıran əsas simalardan biri, keçmiş millət vəkilidir. İndi nə deyirsiniz, 30 il öncə, siz imtahan sisteminə rəhbər gətirildiyiniz sənə- 1995-ci ildə fizika üzrə Nobel ödülü almış Frederik Raynes barədə yazmağa, danışmağa Etibar Əliyevin savadı, qabiliyyəti çatır, amma sizdən yox? Fərqindəsinizmi, belə danışanda sizin “testologiya”nızın neytron və lepton aləmindən daha mürəkkəb olduğunu etiraf etmiş olursunuz.

Bəlkə səhv edirəm, anladığım qədər, Abbaszadə ekspertlərin üstünə şığıyanda, ad çəkməsə də, Kamran Əsədovu nəzərdə tuturdu. Çox güman ki, onunla birgə daha bir neçə nəfəri də. Gəlin, Kamranın təhsillə bağlı necə ekspert olmasına baxaq. Əsədov DİM imtahanlarının nəticələrinə əsasən qəbul olunduğu BDU-nun tarix fakültəsinin bakalavr pilləsindən 2007-ci ildə məzun olub. Yenə DİM imtahanları ilə, 100 üzərindən 89 balla qəbul olunduğu həmin fakültənin magistr proqramını da bitirib. İki dəfə- AMEA-da və BDU-da doktorantura təhsili alıb. 2024-də ADA-da yenə DİM-in imtahanlarından keçərək təhsilin idarə olunması üzrə yeni ixtisas əldə edib. Orta məktəblərdə tarix dərsliklərinin müəllifi olub. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktorudur. Əgər bu qədər yüksək və davamlı təhsil almış, dərs vəsaitləri yazmış, ölkənin pedoqoji kadrlar hazırlayan əsas universitetində analitik departamentə rəhbərlik edən bir adam “ekspert” deyilsə, onda Məleykə Abbaszadə ekspert sertifikatı almaq üçün də bir imtahan təşkil eləsin.

DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə “testoloq” deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır.

Doktaranturaya qəbul imtahanlarında elə sistem icad ediblər ki, ingilis dilini B2 səviyyəsində bilən iddiaçıların əksəriyyəti A1-lə A2-nin arasında qalır. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda BDU-nun hüquq fakültəsinin bakalavr proqramından az qala çətin hüquq biliyi tələb edilir. Ali məktəbdə hüquq keçməyən məzunlar o alternativ proqramınızı harada öyrənməlidir? Buna cavab verilməlidir! Bu yaxınlarda eşitdim ki, məhkəmələrdə xeyli sayda hakim vakansiyası olduğu halda, ali təhsilli, müəyyən praktikaya sahib hüquqşünaslar DİM-in imtahanlarından keçə bilmir. Məhz DİM-in külli-ixtiyar sahibi olmaq cəhdlərinin nəticəsidir ki, Azərbaycan Respublikasının ən nüfuzlu ali məktəblərinin belə verdiyi diplomlar bütün əsas funksiyalarını itirib. Bakalavr, magistr, bir çox hallarda doktorantura diplomları belə, DİM-in imtahanlarına “giriş bileti” səciyyəsi daşıyır. Bu nə imtahanmaniyadır?

Bir valideyn kimi üç övlad oxutmuşam. Hər bir övladım üçün repetitorlara ayda azı 500-600 manat pul ödəmişəm. Bu pullar mənim gözümün nuru, alnımın təri ilə qazandığım halal paralardır. Bu ölkədə orta təhsil icbari və pulsuzdursa, mən niyə repetitorlara 100 mindən çox pul xərcləməliydim? Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir. Eynşteynin ən məşhur formullarına baxın, son dərəcə sadədirlər. Bir də DİM-in qiymətləndirmə düsturlarına nəzər salın. Uzaq qalaktikalarda termodinamik prosesləri ölçürmüş kimi qurulmuş mürəkkəb düsturlarla aparılan “qiymətlləndirmə” sayəsində məqsədli şəkildə test texnologiyalarına yönəldilən, bununla da kütləvi şəkildə savadsızlaşdırılan gənclər ictimai münasibətlərin nizamını risk altına salır. Aqressiya, kriminala, radikal dini cərəyanlara meyil kimi aktuallaşan sosial problemlərin arxasında xüsusilə məktəbsizlik dayandığını görmək üçün Məleykə Abbaszadənin eynəyini taxmağa gərək yoxdur.

Hər imtahandan sonra öyülən bal yüksəkliyi aldadıcıdır, blefdir. Əgər Bakı Ali Neft Məktəbinə aşağı-yuxarı 680-dən çox bal toplayan məzunlar qəbul olunursa, bu, DİM-in yaratdığı sistemin Azərbaycana gətirəcəyi faciənin anonsudur. Bu yüksək ballar Azərbaycana işıq saçmır, tam əksinə, cəmiyyətimizi elmsizləşdirir, cəhalətə, qaranlığa sürükləyir. Bunu ilk növbədə Abbaszadə görməlidir.

Məleykə xanım, madam Allahdan danışırsınız, Allahınız varsa, barı qarşıdan gələn qəbul imtahanlarını bir az sadələşdirin, təhsilin real səviyyəsinə, məzunların bilik ortalamasına uyğun suallar tərtib edin, çaşdırmağa deyil, üzə çıxarmağa çalışın. Yenə deyirəm, Allahınız varsa!

Taleh ŞAHSUVARLI