- Siyasi müzakirə
- 23 May 19:51
- 1 765
"Lavrovun İrəvan ritorikası: Rusiya Cənubi Qafqazda nə itirir?"

“Rusiya tarixən öz hərbi-siyasi üstünlüyündən istifadə edərək region ölkələrinə təsir göstərməyə çalışıb. Bu təsir vasitələri arasında silah yardımı və enerji resurslarından istifadə xüsusilə diqqət çəkir. Son günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvanda səsləndirdiyi bəzi fikirlər, bu siyasətin mahiyyətini dolayısıyla da olsa, üzə çıxardı. Lavrovun “Ermənilər rus silahları ilə Azərbaycan torpaqlarını işğal edib” bəyanatı əslində Rusiyanın birinci Qarabağ müharibəsində Ermənistanın tərəfində olduğunu etiraf etmək deməkdir. Ardınca Lavrov Rusiyanın Azərbaycana silah satışını təkcə kommersiya məqsədi ilə izah etməyə çalışsa da, bu yanaşma Rusiyanın regionda tutduğu mövqeyin selektiv və maraq yönümlü olduğunu göstərir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Lavrovun İrəvan səfəri Kremlın Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Erməni ekspertlərə görə, Moskva Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmaq istəyir. Lavrovun “Ermənilər Qarabağın 7 rayonunu Rusiya silahları ilə işğal etmişdi” açıqlaması da bu niyyətin göstəricisidir. O, həmçinin Qarabağın statusunun gələcəyə saxlanılması və bəzi rayonların Azərbaycana qaytarılması ilə bağlı təkliflərin İrəvan tərəfindən rədd edildiyini bildirib.
Siyasi şərhçi bildirib ki, Rusiya Ermənistana birbaşa hərbi yardım göstərdiyi halda, Azərbaycana isə yalnız silah satmaqla kifayətlənib
“Bu, iki dövlətə münasibətdə Moskvanın fərqli yanaşmalarını ortaya qoyur. İkinci Qarabağ müharibəsi zamanı isə Ermənistan Rusiya tərəfindən birbaşa hərbi dəstək almadı. Məhz bu səbəbdən Ermənistanda Rusiyaya qarşı ciddi narazılıq formalaşdı. Lavrovun son səfərindəki ritorikası da, görünür, bu narazılığı azaltmağa yönəlmişdi. Lakin nə qədər cəhd göstərilsə də, Rusiya Ermənistan üçün etibarlı strateji müttəfiq təsiri bağışlamır. Bununla belə, Ermənistanın Rusiya təsirindən tam çıxması real görünmür. Ölkənin iqtisadi və siyasi potensialı buna imkan vermir. ABŞ-la 2025-ci ilin yanvarında imzalanan strateji tərəfdaşlıq sazişi də bu kontekstdə əhəmiyyətli nəticə vermədi. Ermənistanın baş naziri Nikol Paşinyanın 9 May Qələbə Paradında Moskvada Putinin yanında dayanması isə, Ermənistanın regiondakı geosiyasi konfiqurasiyanı anlayaraq balanslaşdırma siyasəti apardığını göstərir. Avropa Siyasi Birliyinin 2026-cı ilin yazında İrəvanda keçiriləcək sammiti də bu siyasətin davamı kimi dəyərləndirilə bilər”.
Siyasi şərhçi əlavə edib ki, bütün bunlar Rusiyanın Cənubi Qafqazda tək güc statusunu itirməyə başladığını göstərsə də, regionda onunla hesablaşmaq zərurəti hələ də qalır:
“Lavrovun Kəlbəcər və Laçınla bağlı fikirləri – guya Ermənistan istəsəydi, bu ərazilər Ermənistanda qala bilərdi – Moskvanın hələ də “status-kvo” üzərindən siyasət yürütmək istədiyini göstərir. Bu yanaşma Rusiya diplomatiyasının etibarsız və qeyri-obyektiv olduğunu bir daha sübut edir. Bu fonda Rusiya ideoloqu Aleksandr Duqinin “Azərbaycanda nə isə düz getmir. Sanki unudurlar ki, Qarabağ ssenarisinin arxasında kim dayanıb” sözləri, Moskvanın özünü həlledici güc kimi təqdim etmək cəhdinin nümunəsidir. “Rusiya kimin arxasında dayanarsa, o qalib gəlir” tezisi ilə siyasi üstünlük nümayiş etdirilməyə çalışılır. Lakin bu yanaşma, əslində, rus şovinizminin və imperialist reflekslərin təzahürüdür. Tarix isə sübut edir ki, Rusiya məğlub da ola bilər. 1812-ci ildə Napaleonun Moskvanı yandırması, 1856-cı ildə Qara dənizdəki hərbi donanmasını itirməsi, 1904-cü ildə Yaponiyaya, 1917-ci ildə isə I Dünya Müharibəsindəki uğursuzluqlar nəticəsində daxili inqilaba məruz qalması, eləcə də Çeçenistan müharibəsindəki itkilər bu ölkənin zəif nöqtələrinin olduğunu göstərir. Hazırda Ukrayna müharibəsində də nəticə hələ tam bəlli deyil”.
Siyasi şərhçinin fikrincə, Cənubi Qafqaz kontekstində həm Azərbaycan, həm də Ermənistan artıq Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq üçün alternativ yollar axtarır:
“Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa üçün strateji tərəfdaşa çevrilib və regionda alternativ enerji infrastrukturu formalaşdırır. Ermənistan da bir gün Gürcüstan kimi, bu yolla Rusiyadan enerji asılılığını aradan qaldıra bilər. Bunun üçün isə Ermənistan sülh gündəliyinə sadiq qalmalı, regional əməkdaşlığı prioritetə çevirməlidir. Beləliklə, rus silahlarının effektivliyi və enerji şantajı artıq keçmişdə qalan təsir vasitələridir. Rusiya Cənubi Qafqazda üstünlüyünü tədricən itirsə də, bölgədə sabitliyin təmin olunması üçün onunla hesablaşmaq zərurəti hələ də qalmaqdadır. Azərbaycanın regiondakı mövqeyi isə bu yeni reallıqlarda daha da güclənməkdədir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az