- Redaktor masası
- 18 May 20:30
- 7 670
AŞOT, BAX, GÖR NECƏ YANIR? - Siz ev yandırdınız, biz çıraq!!!

Aşot, bax, gör necə yanır?- Erməni Aqolonun səsidir, videoların yaddaşında qalıb, 33 il öncədən gəlir.
18 may 1992-ci ildir.
Ermənistan ordusunun bölmələri Gorusdan və Qaladərəsi istiqamətindən Laçın şəhərinə daxil olublar artıq.
Qarətə gələn Gorus erməniləri işğalçı bölükləri salamlayır, qucaqlaşırlar.
Saat 19:06-dır.
Şəhərin mərkəzində mahnı oxuyur, şənlənirlər.
Evlərə od vurublar, hər tərəfdən tüstü qalxır, hələ 30 il təpəmizdən çıxacaq bu tüstü...
Aqolo ilə Aşotun Laçını yandırdığı, yanğından həzz aldığı günlərdə Bakıda da siyasi ehtiraslar alovlanmışdı. Acı bir gerçəklikdir bu.
Xocalı soyqırımından sonra istefa ərizəsi yazaraq vəzifəsindən getmiş Ayaz Mütəllibov yenidən iqtidara qayıtmaq üçün Ali Soveti toplamış, tribunadan barmaq silkələyirdi.
Ölkənin faktiki olaraq birinci şəxsi sayılan Ali Sovetin sədrini- Yaqub Məmmədovu ermənilər Tehranda dolamışdılar, “böyük oyunun kiçik piyadası”nın Levon Ter-Petrosyanla imzaladığı kommünikenin hətta kağız parçası olaraq da Şuşanın işğalından sonra bir dəyəri qalmamışdı.
Şuşanın, Laçının müdafiəsi üçün nərildəməli olan tanklar Bakının mərkəzi prospektlərində şütüyürdü. AXC-nin batalyonları ön cəbhədən çəkilmiş, “Moskva” mehmanxanasının yan-yörəsində tərtiblənmişdi.
Aşot və Aqolo vəziyyətdən məmnun idilər: “Mən deyəndə ki, Elçibəy bizim dostumuzdur, inanmırdınız, bizə gör nə qədər silah qoyub qaçıblar”- deyə üçrəngli bayrağımızı, şəhidimizi təhqir edir, kinayə və rişxəndlə qaramıza gülürdülər.
“Bu iclasa bəziləri rayonlardan gəliblər, Bakıda vəziyyəti başa düşmürlər”- bu sözləri isə hakimiyyətə gələcək AXC-nin əsas simalarından biri olan Arif Hacıyev paytaxtda inqilab olduğunu müjdələmək üçün mayın 18-də Ali Sovetin toplantısında deyirdi.
Doğrudan da o iclasda vəziyyəti başa düşən, düşmək istəyən yox idi. Başa düşən, düşmək istəyənlər olsaydı, Laçının işğalının Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü üçün nə qədər böyük risk yaratdığının fərqində olar, buna zəmin yaratmış əsas amillərdən biri olan paytaxtdakı xaosa, iqtidar qovğasına son verər, bütün gücü, qüvvəni bu strateji məntəqəni qorumağa yönəldərdilər.
Şuşa kimdədirsə, Qarabağa o nəzarət edir!- bu coğrafi, siyasi və hərbi gerçəkliyi başa düşən yox idi.
Laçının düşmənin nəzarətinə keçməsi Ermənistandan Xankəndiyə birbaşa təminat yolunun açılması, başqa sözlər, Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən tam çıxarılması demək idi. Nə hakimiyyətdən gedənlər anlamaq istəyirdi bunu, nə də iqtidara gələnlər. O gün tribunadan elan edilən mesajlara görə, AXC hakimiyyətə gəlişini müxtəlif qüvvələrlə, o cümlədən xarici dövlətlərlə razılaşdırmışdı. Amma görünür o danışıqlarda Laçının necə qorunacağı bir mövzu kimi gündəmə gəlməmişdi.
Laçının işğalını ermənilər bir qədər sonra “Berdzorun azad edilməsi” kimi qələmə verdilər, əvvəlcə boyunlarından atırdılar. Sovet KQB-nin əməkdaşı Vəkil Mustafayevin rəhbərliyi ilə öncə qondarma bir “kürd respublikası” elan elədilər, amma tezcənə dala çəkildilər. Əvvəla, cəmi bir neçə kənddə məskunlaşmış etnik kürdlər də Laçından didərgin düşmüşdü. İkincisi, kürdlər özünü Azərbaycandan, Azərbaycanlılardan qətiyyən ayırmadılar, ayırmazdılar. Həm bizimlə çoxdan qaynayıb-qarışmışdılar, həm də erməni məkrinin qurbanı kimi bizlərlə eyni ağrı-acını çəkmişdilər.
Bizim tayfanın- Gəloxçuların ermənilərlə münaqişəsi SSRİ dövründə bir gündə səngiməmişdi. Dədə-baba yaylağımız Qaragölü ələ keçirmək üçün sovet hakimiyyəti dövründə ermənilər min hoqqadan çıxmış, axırda İşıqlı silsiləsindəki Dəmirdağı xəritədən sildirərək Qaragöldə mal-qara suvarmaq ixtiyarı almışdılar. Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməzdən cəmi bir həftə öncə! “Özümə yer eləyim, gör, sənə neyləyim” prinsipi ilə hərəkət edən yağılar Gorusun Xoznavarından Sedrak adlı bir ermənini Qaragölə gözətçi də təyin etdirmişdilər. Qorxaq, yaltaq və hiyləgər biri olan Sedrakın azərbaycanlıları görməyə gözü yox imiş, elə eşitmişdim. Amma deyirdilər ki, gözünün əsas düşməni Gəloxçu elindən İbiş müəllim, Çingiz müəllim kimi ziyalılar imiş. Qarıqışlaq məktəbinin bu iki müəllimi Qaragölü qorumaq üçün Kremlə qədər gedib çıxar, öz ərizə və şikayətləri ilə Azərbaycan SSR rəhbərliyinə, Moskvaya dinclik verməzdilər. İşğal olunan gün Sedrak Laçında İbiş müəllimi axtarırmış. Kosalar kəndinin yaxınlığındakı konserv zavodunun həndəvərində düşüb İbiş müəllim ermənilərin mühasirəsinə. Qısa atışmadan sonra oğlu Nadir ayağından və başından qəlpə yarası alaraq əsir götürüb. Qaragölün daşnak gözətçisi Sedrak Gorusun kəndlərindən topladığı çomaqlı-dəyənəkli ermənilərlə əsirlərin saxlanıldığı yerləri gəzir, onlara işgəncə verirmiş... Nadirin dövlət qurumlarına verdiyi izahata görə, əsirlikdə olarkən Gorusun Xənəzək kəndindən Razmik adlı bir usta Kosalarda gülləbəran edilən azərbaycanlıların üst-üstə qalandığını və yandırıldığını söyləyib.
Aşot, bax, gör necə yanır?- 33 il əvvəl verilən bu barbar sual təkcə Laçında evlərə, binalara vurulan odla bağlı deyil, üst-üstə qalanaraq yandırılan adamlar da var sualın içində. Başıyalovlu Laçını tərk edən mülki əhalinin illərlə məruz qaldığı tənə, keçirdiyi ağır güzəran, öz yurdunda qaçqın, məcbur köçkün olmağın əzabı da minlərlə adamı diri-diri yandırıb.
Rəssam Yusif Mirzənin Laçın tablosu
Heç yadımdan çıxmaz, Babək Aslanov var, Laçının fəxr olunan oğullarından biridir, həm birinci, həm də ikinci Qarabağ savaşında iştirak edib. Bir ara səhv etmirəmsə, Laçın İcra başçısının müavini də oldu. Metronun “Neftçilər” stansiyanın yaxınlığındakı “Laçın qayası” restoranında oturmuşduq, rəhmətlik Akif Səlimovun başına toplaşmışdıq, “525-ci qəzet”in redaktoru Yusif Rzayev də bizimlə idi. Babəkin Birinci Qarabağ Savaşındakı şücaətlərini eşidən Yusif “qardaş, ağ köynək geymək sənin kimi oğulların haqqıdır” dedi. Babəkin cavabını heç vaxt unutmaram: “Nə qədər Laçın düşmən işğalı altındadır, kəfəndən başqa nə isə geyməyə haqqımız yoxdur”!
Babəkin cavabı qətiyyən pafos, bəlağət deyildi, ermənilər Laçının tam mərkəzində “Şərəf kompleksi” adlandırdıqları bir vandallıq abidəsi ucaltmış, ilk növbədə laçınlılar olmaqla bütün xalqımızın, dövlətimizin heysiyyatını təhqir edir, qürurunu alçaldırdılar. Biz yanmasaq necə çıxacaqdı Laçın azadlığa?
Biri var yanğın, biri var yanğı!
Aşot Laçına yanğın gətirmişdi, yanğı ilə girməmişdi. Laçında yanan da biz idik, Laçına yananlar da. Yanğımızı ancaq Sona bulağının, Əli bulağının, Damcılının, Daşdantökülənin suyu söndürərdi...
Laçından ilk suyu mənə Xəqani Şirinov gətirdi, peşəkar hərbiçidir, illər öncə “N” saylı hissədə zabit kimi birlikdə xidmət etmişik, o zamandan yoldaşlıq edirik. Komutanın gətirdiyi yarım litr sudan hərəyə bir qurtum içdik evdə, bir azını da atama saxladım. Bir də gördüm Laçında, Qarıqışlaqda, kənd bulağının başındayam. Neçə dəfə getmişəm, Ağoğlan çayına və məbədinə girməyə ürəyim gəlməmişdi, 30 illik həsrətdən sonra insanın bütün xatirələrinə bir günün içində dönməsi asan gəlməsin sizə. Apreldə gedəndə çırmanıb ağoğlanların həm suyuna girdim, həm məbədinə qalxdım. Qədim alban kilsəsindəki dar bir hücrədə çöməlib günahlarımız haqqında düşündüm. Fərd olaraq heç birimiz günahkar deyilik, əlbəttə, elə toplum olaraq da. Amma Laçının bir dərəsini doldurmayacaq sayda olan ermənilərin hər daşı, hər qayası səngər olan uca-uca dağlarımızı nəinki tutması, hətta tutmaq həvəsinə düşməsinin özü də tarixi suçumuz və utancımızdır.
İndi “Laçın” adlanan ərazilərdə vaxtilə albanlar və alban ittifaqına qoşulmuş prototürklər, hunlar, xəzərlər, Əhəmənilər, Makedoniyalılar, Sasanilər, Xürrəmilər dövründə bölgəyə yerləşdirilən tayfalar yaşayıb. Oğuz və Qıpçaq mənşəli tayfaların Laçında böyük tarixi irsi var. Laçını Zəngəzurun digər nahiyələrindən fərqləndirən odur ki, burada alban kilsəsi heç zaman erməniləşməyib. Çar Rusiyası dövründə alban kilsəsi erməni katalikosuna tabe etdiriləndə xristian əhali artıq bölgədə qalmamışdı, Nadir şah dönəmində qaraçorluların Quştasifə yerləşməsi ilə ərazi tamamilə müsəlmanlaşmışdı. Odur ki, ermənilər nə qədər tarixi saxtalaşdırmağa çalışsalar da, buna nail ola bilməzlər. Məsələn, necə deyə bilərlər varlığını xüsusi icma halında 18-ci əsrin başlarına qədər sürdürmüş şəbəkilər hay mənşəli bir tayfa idi? Çar Rusiyası dövründə Abdallara, Minkəndə bir neçə erməni ailəsi köçürülüb. Türkmənçay müqaviləsindən sonra İrandan köçürülən ermənilərdir, əvvəlcə Gorusda, Gorusun kəndlərində məskunlaşıb, ordan dağılışıblar. Zəngəzur dağlarında kökləri, köməcləri olmayanların, İşıqlıda, Qaragöldə, Çalbayırda kollektiv yaddaş daşımayanların Laçının çıtır-çıtır yanmasından, daşının daş üstdə qalmamasından həzz alması təbii deyilmi?
Laçın şəhəri Gorusun Dığ kəndindən əl içi kimi görünür. Aşot və Aqolo əgər cəhənnəmə vasil olmayıblarsa və yolları Dığdan düşürsə, yəqin Laçına boylanır, nifrətdən kor olmuş gözləri ilə Laçının yüksək səviyyədə bərpa və təmir olunmuş, gözəlliyi göz qamaşdıran evlərini görürlər. Laçında bəpra olunan həyatın, şəhərdə keçirilən çoxsaylı tədbirlərin sorağını da yəqin eşidirlər. Laçına girən, Laçında dolaşan hər maşında Məhəbbət Kazımovun möhtəşəm ifasında “Laçınım” mahnısı səslənir. Onun sədasını da eşitməyə bilməzlər. Odur ki, indi soruşmaq növbəsi bizdədir:
AŞOT, BAX, GÖR NECƏ YANIR?
Laçının işıqlarını deyirəm.
Deyirlər, İşıqlının ətəyindəki, Qaragölün sahilindəki ermənilərin murdarlamasından sonra sönmüş Çıraq daşı da yanır.
Gərək gedəm onu da görəm.
Taleh ŞAHSUVARLI