- İşin içi
- 2 İyul 12:03
- 1 365
ECO ilə əməkdaşlıq Azərbaycanın daxili iqtisadi prioritetləri ilə də üst-üstə düşür - ŞƏRH

Bu ilin ilk beş ayında Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb. Bu rəqəm ötən illə müqayisədə 10 faiz artım deməkdir. Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı məlumat verib.
Nazir müavini bildirib ki, Azərbaycan üçün ticarət əlaqələri regional inteqrasiyanın əsas sütunlarından biridir və son illərdə bu istiqamətdə ölkənin biznes sektoru üçün əlverişli dinamika müşahidə olunub. O vurğulayıb ki, Azərbaycan bu müsbət tendensiyanı ikitərəfli sazişlərin genişləndirilmiş şəbəkəsi ilə davam etdirir. Hazırda Azərbaycan ECO-ya üzv beş ölkə ilə azad ticarət sazişlərinə, həmçinin Türkiyə və Pakistanla preferensial ticarət razılaşmalarına malikdir. Nazir müavininin fikrincə, bu alətlər gömrük maneələrinin azaldılması və bazarların açılması baxımından ticarətin daha da gücləndirilməsinə xidmət edir.
Əslində Azərbaycanın ECO ilə əməkdaşlığının faydaları təkcə statistik göstəricilərlə yekunlaşmır. Bu münasibətlər daha geniş və dərin strateji əsaslara söykənir. İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistanın təşəbbüsü ilə yaradılıb və 1992-ci ildə Azərbaycan da daxil olmaqla bir sıra Orta Asiya və Qafqaz ölkələrinin üzv olması ilə coğrafi və siyasi çəkisini xeyli artırıb.
Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək, regional inteqrasiyanı təşviq etmək və ortaq inkişaf layihələri vasitəsilə bölgə ölkələrinin rifahını yüksəltməkdir. Azərbaycan bu təşkilata qoşulduğu ilk gündən etibarən fəal tərəfdaş kimi çıxış edir və iqtisadi diplomatiyasının mühüm istiqamətlərindən birini ECO xətti üzrə əməkdaşlıq təşkil edir.
Ticarət əlaqələrinin artan tempi Azərbaycanın bu platforma daxilində artan nüfuzunun və güclənən iqtisadi imkanlarının göstəricisidir. 3,5 milyard dollarlıq dövriyyə təkcə bir rəqəm deyil, o həm də Azərbaycanın regionun iqtisadi strukturunda daha böyük paya sahib olmağa başladığını göstərir. Bu artım, eyni zamanda, Azərbaycanın ixrac potensialının genişlənməsi, daxili bazarın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi siyasətinin nəticəsi kimi də dəyərləndirilə bilər.
Maraqlıdır ki, ticarət dövriyyəsi ilə yanaşı, investisiya sahəsində də ciddi nailiyyətlər əldə olunub. Elnur Əliyevin sözlərinə görə, hazırda ECO ölkələrindən 10 mindən çox şirkət Azərbaycanda fəal fəaliyyət göstərir. Bu isə Azərbaycanın investisiya mühitinin cəlbediciliyini və iqtisadi sabitliyini nümayiş etdirir. 1995-ci ildən bu günə qədər ECO ölkələrindən Azərbaycana 22 milyard dollardan artıq sərmayə yatırılıb. Bu investisiyalar infrastruktur, sənaye, tikinti, kənd təsərrüfatı və energetika kimi sahələrin inkişafında mühüm rol oynayıb. Bu, eyni zamanda, Azərbaycanın sərmayədarlar üçün riskləri minimuma endirən, şəffaf və qanunvericilik baxımından təminatlı bir mühit yaratdığını göstərir.
Azərbaycanın ECO ilə münasibətləri həm də regional iqtisadi inteqrasiyanın daha yüksək mərhələyə keçməsi üçün bir model kimi çıxış edir. Preferensial və azad ticarət sazişləri sayəsində bazarların qarşılıqlı açılması, gömrük rüsumlarının azaldılması və ticarət prosedurlarının sadələşdirilməsi regionda vahid iqtisadi məkanın təşəkkülünə yol açır. Bu isə uzunmüddətli perspektivdə Azərbaycanın ECO çərçivəsində aparıcı ticarət və logistika mərkəzinə çevrilməsini təmin edə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın geoiqtisadi mərkəz statusunu möhkəmləndirir və onun Şərqlə Qərb, Şimalla Cənub arasında körpü funksiyasını gücləndirir.
Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın daxili iqtisadi prioritetləri ilə də üst-üstə düşür. Qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi, texnologiya transferi, startap mühiti və insan kapitalının inkişafı kimi istiqamətlərdə ECO ölkələri ilə birgə layihələr həyata keçirmək Azərbaycanın iqtisadi siyasətinin strateji məqsədlərinə xidmət edir. Xüsusilə də texnoloji sahələrdə Türkiyə, sənaye sahəsində İran, energetika və kənd təsərrüfatı sahəsində isə Orta Asiya ölkələri ilə əməkdaşlıq geniş potensiala malikdir.
Uzunmüddətli baxışda isə Azərbaycanın ECO ilə əlaqələri regional təhlükəsizlik və sabitlik baxımından da əhəmiyyətlidir. Ortaq iqtisadi maraqlar siyasi və sosial sabitliyin möhkəmlənməsinə gətirib çıxarır. İnteqrasiya dərinləşdikcə üzv ölkələr arasında qarşılıqlı asılılıq artacaq və bu, geosiyasi gərginliklərin yumşaldılmasında mühüm rol oynaya bilər.
Ümumiləşdirsək, Azərbaycanın ECO ilə əməkdaşlığı iqtisadi göstəricilərlə yanaşı, strateji baxımdan da çoxşaxəli üstünlüklər vəd edir. Ticarət və investisiya münasibətlərinin güclənməsi, regional iqtisadi sistemə inteqrasiya, geoiqtisadi mövqeyin möhkəmlənməsi və əməkdaşlıq formatlarının şaxələnməsi bu əlaqələrin ölkəmiz üçün həm yaxın, həm də uzunmüddətli perspektivdə əhəmiyyətini artırır. Azərbaycan bu təşkilatda sadəcə iştirakçı deyil, həm də prosesləri təşəbbüskarlıqla yönləndirən və regional inteqrasiyanın formalaşmasında aktiv rol oynayan bir dövlətdir.
Nuray,
AzNews.az