- Redaktor masası
- 2 İyul 09:42
- 3 777
Təşəkkürlər, Azərbaycan polisi!

Bu gün - 2 iyul Azərbaycan Polisinin günüdür.
Bu gün təkcə bir peşənin əlamətdar təqvim günü deyil, eyni zamanda dövlətçiliyin əsas və sarsılmaz dayaqlarından birinin dəyərləndirildiyi gündür.
Polis - yalnız qanunun keşikçisi deyil, həm də sabitliyin, əmin-amanlığın və milli gücün simvoludur.
Azərbaycanın son illərdə keçdiyi sınaqlarla dolu yolda polisimizin rolu və Prezident İlham Əliyevin sözləri ilə desəm, ləyaqətli davranışı Azərbaycanın uğur hekayəsinin əsas formullarındandır.
Azərbaycan 2020-ci ilin payızında tarixinin ən şanlı səhifələrindən birini yazdı, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Bu qələbə təkcə səngərdə deyil, cəbhənin arxasında da qazanılmışdı. Bu zəfərin sütunları arasında Prezident İlham Əliyevin sərkərdəlik məharəti, siyasi iradəsi, xalqın birliyi, ordunun qəhrəmanlığı ilə yanaşı, bir amil də var idi: daxili sabitlik. Bu sabitliyin qorunmasında isə əsas yükü daşıyanlardan biri məhz Daxili İşlər Nazirliyi və onun rəşadətli kollektivi- Azərbaycan polisi idi!
Savaşın başladığı gündən etibarən ölkənin hər nöqtəsində nizam-intizamın pozulmaması, informasiya təhlükəsizliyindən tutmuş, ictimai asayişə qədər bütün sahələrdə dövlətin möhkəm və qətiyyətli olması vacib idi. Ordunun arxasında möhkəm cəmiyyət dayanmalı idi – bu cəmiyyətin öz nizamı olmalı, pozucu qüvvələrə yer qoyulmamalı idi.
Bu missiyanı Azərbaycan polisi ləyaqətlə yerinə yetirdi.
Həm savaşa qədər, həm savaş günlərində, həm də savaşdan sonra.
Savaş isə bitməyib, yalnız forması dəyişib.
Qələbədən sonra da ölkəmiz saysız-hesabsız təzyiqlərlə üz-üzə qalıb.
İran rejimi qələbəmizi içində həzm edə bilmir.
Fransa başda olmaqla bir çox Avropa dairələri Azərbaycanın haqq savaşına ikili standartla yanaşır.
ABŞ-da fəaliyyət göstərən erməni diasporu, lobbist şəbəkələr Azərbaycana qarşı informasiya və təzyiq müharibəsini davam etdirir.
Nəhayət- bu günlərdə Yekatirinburqda yaşanan hadisələr bir daha sübut edir ki, Rusiya da Azərbaycanın qələbəsini qəbul etməyənlər sırasındadır.
Bu güclər sadəcə diplomatik təzyiqlərlə kifayətlənmirlər, əlbəttə. Ən böyük arzuları Azərbaycan daxilindəki nankor və kriminal ünsürlər üzərindən ictimai asayişi pozmaq, dövlətin sütunlarını laxlatmaqdır.
Dünən Rusiya vətəndaşlarından ibarət iki bandanın ifşa edilməsi bir daha göstərir ki, həddən artıq ayıq-sayıq olmalı, sabitlik cəbhəsinin müdafiəsini möhkəm saxlamalıyıq.
Bu cəbhənin qoruyucusu ilk növbədə Azərbaycan polisidir.
Daxili İşlər Nazirliyi, onun bütün strukturları- sahə müvəkkilindən tutmuş xüsusi təyinatlısına qədər kriminal aləmə qarşı qətiyyətli mövqe sərgiləyir.
Bu mövqenin hasil olmasında Daxili İşlər Nazirinin rəhbərliyinin rolu da xüsusi qeyd olunmalıdır.
Son illər nazirliyin bütün strukturları modernləşdirilib, müasir texnologiyalarla çalışan güc strukturuna çevrilib.
Nəticədə Azərbaycan polisinin sayəsində cəmiyyətimiz bugün əmin-amanlıq içindədir.
Bu çətin, məsuliyyətli və eyni zamanda şərəfli xidmətlərinizə görə – təşəkkürlər, Azərbaycan Polisi!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru