"Prokurorluq ekspertizanın nəticələrini gözlədi" - İlqar Altay

"Azərbaycanın Baş Prokurorluğu tərəfindən Yekaterinburqdakı azərbaycanlılara qarşı Rusiya hüquq-mühafizə, güc strukuturları tərəfindən işgəncələr və iki qəsdən öldürülmə faktı üzrə cinayət işi başladılıb. Mən bunun vacibliyini hadisələrin ilk günündən qeyd edirdim".

Bu barədə tanınmış hüquqşünas İlqar Altay AzNews.az-a açıqlama verib.

İlqar Altay bildirib ki, görünür, Prokurorluq Azərbaycanda aparılan dürüst məhkəmə-tibbi ekspertizanın ortaya çıxaracağı faktları, dəlil-sübutları gözləyib və bir prosessual əsas kimi bu olduqca düzgündür:

"Hansı ki, Rusiyada aparılan tibbi ekspertizanın qərəzli nəticələri Bakıda obyektiv təkzib edildi.
Azərbaycan tərəfdən aparılacaq bu istintaqın, azərbaycanlıların amansız qətli, işgəncələrlə zəngin Yekaterinburq cinayətlərinin Rusiyada araşdırma orqanları tərəfindən ört - basdır edilməsi cəhdlərinin qarşısının alınması üçün xüsusi əhəmiyyəti olacaq".

AzNews.az