- Tribuna
- 5 İyun 12:51
- 4 027
Azərbaycanda ali təhsil müsibəti: Çətin sualları kim fikirləşib?

Azərbaycanda ali məktəblərə qəbul imtahanları ildən-ilə daha da çətinləşdirilir. Son zamanlar II və III ixtisas qrupları üzrə keçirilən imtahanlar da bu tendensiyanı bir daha sübut etdi. Abituriyentlər orta məktəbdə keçmədikləri mövzular əsasında hazırlanmış, səviyyə baxımından qeyri-real suallarla üz-üzə qalırlar. Sual yaranır: bu çətinliyin arxasında nə dayanır?
Yeganə cavab: pul qazanmaq.
2025-ci ildən etibarən qəbul imtahanlarının ikinci mərhələsində iştirak haqqı 40 manatdan 80 manata qaldırılıb. Bu dəyişiklik milyonlarla manat vəsait deməkdir. Ekspertlərin fikrincə, birinci imtahanda çətin sualların verilməsi, abituriyentləri ikinci imtahana da məcburi şəkildə yönəltmək üçündür. Hətta bu məqsədlə ikinci mərhələdə sualların asan olacağına dair “sızmalar” da ictimai rəyə ötürülür.
İnandırıcıdırmı? Bəli. Təhsil pul qazanmaq vasitəsinə çevrilibsə, burada artıq məqsəd maarifləndirmək deyil, maksimum gəlir əldə etmək olur.
Reallıq odur ki, Azərbaycanda ali təhsil alanların əksəriyyəti valideynin çətinliklə topladığı vəsait hesabına bu səviyyəyə çatır. Orta məktəblər artıq “keçid məntəqəsi” funksiyasını itirib. 9-10-cu sinifdən etibarən valideynlər uşaqlarını ya kurslara, ya da repetitor yanına göndərməyə məcbur olurlar. Beləliklə, təhsil sektorunda rəsmi və qeyri-rəsmi olaraq dövriyyədə olan pulların həcmi milyonlarla ölçülür. Bu qədər böyük bazarın könüllü şəkildə tənzimlənməsi mümkündürmü?
Təəssüf ki, cavab yenə yoxdur.
Dövlət İmtahan Mərkəzi imtahan suallarını hazırlayarkən orta məktəb proqramından nə qədər uzaqlaşır? Bu sualın rəsmi statistikası olmasa da, nəticələr hər şeyi deyir. Orta məktəbdə Çin və ya Finlandiya səviyyəsində tədris yoxdur. Amma imtahanlarda həmin səviyyəyə uyğun suallar təqdim olunur. Bu paradoks sadəcə bir məsələyə xidmət edir: “Ələməklə qazandırmaq”.
Bəlkə də hər il ali məktəblərə qəbul alan qədər azərbaycanlı gənc xarici ölkələrə üz tutur. Əksəriyyəti də geri qayıtmır. Çünki ölkədə onların intellektual potensialına uyğun şərait yoxdur. Bu, sadəcə “karyera seçimi” deyil, insan itkisidir. Dövlətin əsas sərvəti olan savadlı kadrlar beləliklə tədricən cəmiyyətdən silinir.
İnkişaf etmiş ölkələr məhz bu potensial hesabına irəliləyib. Biz isə bu yolda əngəl olmaqla, əslində öz gələcəyimizi əlimizlə sındırırıq.
Dünyanın bir çox ölkəsində qəbul prosesi daha asan, amma təhsil dövrü daha sərtdir. Çünki universitetlər diplomu yalnız biliyin sübutu qarşılığında verir. Azərbaycanda isə əksinədir: universitetə daxil olmaq zülmdür, daxil olduqdan sonra isə diplom qazanmaq adətən formallıqdır. Bu model öz-özlüyündə yanlış hədəflər yaradır - bilik deyil, kağız sənəd əsas olur.
Müğənni Faiq Ağayevin maraqlı bir təklifi olmuşdu: “Tibb təhsilini bitirən məzunlar ilk 3 ildə yalnız onlara dərs deyən müəllimləri müalicə etsinlər.” Sadə, lakin simvolik olaraq dərin mənası olan təklifdir.
Təhsil və səhiyyə bir millətin dirəkləridir. Onlar pul qazanmaq üçün yox, cəmiyyətin rifahı üçün var olmalıdır. Təhsil sektoru bu gün Azərbaycanda gəlir mənbəyinə çevrilibsə, bu, gələcəkdə çox daha böyük sosial və intellektual problemlərə yol açacaq.
Elnur Məmmədli
Mənbə: https://yenisabah.az/azerbaycanda-ali-tehsil-musibeti-cetin-suallari-kim-fikirlesib?