Bu nə turşu, bu nə pəhriz, Dima?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O vurğulayıb ki, Kremldə Azərbaycan hökumətinin Rusiya ilə münasibətlərə dair qəbul etdiyi qərarlardan təəssüflənirlər.

D.Peskov əlavə edib ki, hüquq-mühafizə orqanlarının işi Azərbaycanın diplomatik demarşına səbəb olmamalı idi.

Dmitri Peskovun Yekaterinburqdakı hadisələrə dair açıqlamaları həm Rusiya-Azərbaycan münasibətləri, həm də beynəlxalq diplomatik münasibətlər çərçivəsində ciddi suallar doğurur.

Peskov Rusiya ilə Azərbaycan arasında münasibətlərin müsbət davamlılığını təmin etmək niyyəti nümayiş etdirsə də, açıqlamanın məzmunu heç də sərgilənən niyyətə adekvat deyil və Kremlin mövqeyinin bir neçə ziddiyyətli məqamını ortaya qoyur.

Peskov hüquq-mühafizə orqanlarının fəaliyyətinin demarşlar üçün səbəb olmamalı olduğunu vurğulayır. O, bununla Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş qətliamın və soydaşlarımıza verilmiş dəhşətli işgəncələrin həm insan haqları prizmasından düz qavramaq istəmir, həm də məsələnin siyasi olduğunu qəbul etmək.

Bəli, bu hadisə Rusiyada artan ksenofobiya və millətçilik problemlərinin açıq nümunəsi kimi görülməlidir. Kremlin bu cür hadisələri "cinayətkarlıqla mübarizə" pərdəsinə bürüməyə çalışması, əslində, məsuliyyətdən qaçma cəhdi kimi qiymətləndirilə bilər.

Odur ki, Peskovun Azərbaycanın Rusiya ilə münasibətlərdə qəbul etdiyi qərarlara görə saxta təəssüf ifadə etməsi, Kremlin yenə də ikili standartlardan çıxış etdiyini göstərir. Moskva üzdə Azərbaycanla yaxşı münasibətləri qorumaq istəyini bəyan edir, faktiki olaraq isə, ölkənin müstəqil xarici siyasət aparmasını dolayısı ilə etirazla qarşılayır. Bu yanaşma, heç şübhəsiz, Kremlin post-sovet məkanında öz təsir gücünü çeşidli təzyiq üsulları ilə qorumaq məqsədindən qaynaqlanır və Azərbaycanın suveren qərarlarını qəbul etməmək kimi görünməklə Peskova etiraz doğurur.

Məgər Rusiyada hüququn ən azından azərbaycanlılara qarşı siyasətin aləti olması Peskova bəlli deyilmi? Üzündə açıq-aşkar işgəncə əlamətləri olan azərbaycanlıların halının hakimin eyninə belə almaması Yekaterinburqda keçirilən məhkəməyə heç bir halda hüquqi anlayışla yanaşmağa imkan vermir. Səhər saatlarında azərbaycanlıların mənzillərinə hücum etmək, onları yerə uzadıb döymək, qətlə yetirmək hansı hüququn çərçivəsindədir?

Elə bu səbəblərdən də Azərbaycan cəmiyyəti Yekaterinburq hadisələrini Rusiyada artan ksenofobiya dalğasının bir təzahürü kimi qiymətləndirir. Azərbaycanlılara qarşı törədilən ardıcıl cinayətlər mediada sosial və siyasi müstəvidə təhlil olunur. Kreml bu obyektiv mövqeni nəzərə almaq əvəzinə, problemin köklərini diqqətdən qaçırır və onun qarşısını almaq üçün real addımlar atmır. Nəticədə Azərbaycan diplomatik kanallarla öz etirazını çatdırmağa, Rusiyanı Azərbaycana və azərbaycanlılara qarşı növbəti cinayətlərdən çəkindirməyə çalışır.

Azərbaycanın xarici siyasət sahəsində müstəqil qərarlar qəbul etməsi onun suverenliyinin təzahürüdür. Moskvanın bu qərarlara görə təəssüf ifadə etməsi, Azərbaycan xalqının və hökumətinin milli maraqlarına uyğun seçimlər etməsini qeyri-məqbul sayması, sadəcə olaraq, absurddur.

Kreml iki suveren dövlət arasındakı münasibətlərin bərabərlik prinsipi əsasında qurulmasını qəbul etmirsə, bu, onun öz problemidir. Ancaq Rusiyanın bu xroniki probleminin, eyni zamanda, həm regional stabilliyə, həm də iki ölkə arasındakı münasibətlərin sağlam inkişafına mane olmasını da nəzərə almalıdırlar.

Üstəlik onu da bilməlidirlər ki, bu cür qeyri-insani və qeyri-səmimi addımlara qarşı Azərbaycan daha qətiyyətli mövqe sərgiləyəcək və beynəlxalq aləmdə öz maraqlarını ən effektiv şəkildə müdafiə edəcək.

Zeynal ABDİN,

AzNews.az