- Redaktor masası
- 2 İyul 12:32
- 4 225
“Media haqqında” Qanunda bu dəyişiklik niyə zəruridir? - ŞƏRH

Azərbaycan mediasında və ictimaiyyətində son illər artan narahatlıqlardan biri informasiya məkanında yayılan saxta və mənbəyi bilinməyən məlumatlardır. Milli Məclisin İnsan Hüquqları Komitəsində “Media haqqında” Qanuna təklif olunan dəyişikliklər məhz bu problemə cavab olaraq gündəmə gəlib. Qanuna əlavə edilməsi nəzərdə tutulan 14.1.11-1-ci maddəyə əsasən, bundan sonra saxta məlumatların dərcinə və yayımına yol verilməməlidir. Bu yanaşma həm informasiya mühitinin sağlamlaşdırılması, həm də jurnalistikanın nüfuzunun qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Saxta məlumat dedikdə, bilə-bilə və ya səthi yanaşma nəticəsində həqiqətə uyğun olmayan, yoxlanmamış, yanlış və ya yönləndirici informasiyanın yayılması nəzərdə tutulur. Bu cür informasiyalar ya qəsdən cəmiyyətin rəyinə təsir göstərmək, ya da diqqət çəkmək, reytinq yığmaq kimi məqsədlərlə tirajlanır. Əsasən sosial şəbəkələrdə və onların təsiri altına düşən bəzi media subyektlərində bu hal daha tez-tez müşahidə olunur. Saxta xəbər təkcə informasiya keyfiyyətinə deyil, iqtisadi-siyasi dinamizmə, sosial təhlükəsizliyə, ictimai etimada da ciddi zərbə vurur.
Bu tip dezinformasiyalar bir neçə təhdid doğurur.
Birincisi, cəmiyyətdə çaşqınlıq və panika yaradır. Xüsusilə fövqəladə hallarda – müharibə, təbii fəlakət, epidemiya və ya siyasi böhran zamanı saxta informasiyalar və şayiələr cəmiyyətin rasional düşünmə qabiliyyətini zəiflədir, insanları yanlış qərarlar verməyə məcbur edir.
İkincisi, dövlət və ictimai institutlara olan etimadı aşındırır.
Üçüncüsü isə jurnalistikaya və peşəkar media qurumlarına qarşı inamsızlıq yaradır. Bu da informasiya bazarını qeyri-peşəkar, populist və manipulyativ mənbələrin nəzarətinə verə bilər.
Bu riskləri nəzərə alaraq, hüquqi tənzimləmə ilə yanaşı, daha geniş və kompleks bir yanaşma zəruridir. Yalnız qadağa və cərimələrlə saxta xəbərlərlə mübarizə tam səmərə verməz. Həll yolları həm institusional, həm də mədəni yanaşmaları əhatə etməlidir. Əvvəla, media subyektləri üçün ciddi peşəkar standartlar və etika kodeksləri hazırlanmalı, onlara əməl olunması nəzarətə götürülməlidir. Jurnalistlər istinad mənbələrinin doğruluğunu yoxlamaq, informasiyanın dəqiqliyini təsdiqləmək kimi fundamental prinsipləri rəhbər tutmalıdırlar. Fakt yoxlanılması (fact-checking) mədəniyyəti sistematik şəkildə inkişaf etdirilməli, xəbər redaksiyaları bu sahədə xüsusi bölmələr yaratmalıdır.
Eyni zamanda, ictimaiyyətin informasiya savadlılığı artırılmalıdır. İnsanlar doğru informasiyanı necə tanımaq, şübhəli mənbələri necə ayırd etmək və dezinformasiyaya qarşı necə immunitet qazanmaq kimi məsələlərdə maarifləndirilməlidirlər. Bu, məktəblərdən başlayaraq kütləvi informasiya vasitələrində, sosial media platformalarında və dövlət tərəfindən həyata keçirilən proqramlarla sistemli şəkildə həyata keçirilməlidir.
Nəhayət, texnologiya platformaları, xüsusilə sosial şəbəkələr saxta informasiyaların yayılmasında əsas kanallardan biri olduğuna görə, onlara qarşı hüquqi və texniki mexanizmlər tətbiq olunmalıdır. Məsələn, Türkiyədə qəbul edilən və ictimaiyyətdə “Dezinformasiya ilə mübarizə qanunu” kimi tanınan yeni tənzimləmələr bu istiqamətdə nümunə kimi göstərilə bilər. Bu qanun internet mediasını dövri nəşrlərlə eyni məsuliyyət müstəvisinə gətirməklə, dezinformasiya yayan platformaların da məsuliyyət daşımasını nəzərdə tutur.
Azərbaycanın “Media haqqında” Qanununa edilən dəyişiklik təşəbbüsü də bu kontekstdə həm hüquqi preventiv tədbir, həm də informasiya sisteminin keyfiyyətinin yüksəldilməsi üçün vacib addımdır. Əgər bu dəyişiklik praktikada düzgün tətbiq edilərsə, jurnalistikanın peşəkarlıq səviyyəsini yüksəldəcək, saxta xəbərlərlə effektiv mübarizə aparmağa şərait yaradacaq və cəmiyyətin informasiya təhlükəsizliyini təmin edəcək.
Nəticə olaraq, saxta məlumatların yayılması məsələsi təkcə media problemi deyil, həm də cəmiyyətin demokratik inkişafı ilə birbaşa bağlıdır. Hüquqi tənzimləmə, peşəkar jurnalistika, ictimai maarifləndirmə və texnoloji nəzarət vasitələrinin birgə və koordinasiyalı şəkildə tətbiqi bu təhdidlə mübarizədə ən optimal yanaşmadır. Azərbaycanda atılan bu addımlar informasiya mühitinin sağlamlaşdırılması, cəmiyyətin doğru və dürüst məlumatla təmin olunması üçün mühüm mərhələyə çevrilə bilər.
Zeynal ABDİN,
AzNews.az