- Redaktor masası
- 11:28
- 3 552
Tolerantlıq suverenliyin önünə keçə bilməz: “Rus məktəbləri” tədricən real tələbata uyğunlaşdırılmalıdır!

Azərbaycanda rusdilli məktəblərin fəaliyyətinə son qoyulması təkcə texniki məsələ deyil, ilk növbədə suverenlik məsələsidir. Bu məsələ milli identikliyin hansı çərçivədə formalaşacağı ilə sıx bağlıdır. Dövlət bu məsələdə tələskənliyə yol vermədən, lakin tərəddüd də göstərmədən ardıcıl və məqsədyönlü addımlar atmaqdadır. Çünki burada əsas məqsəd yeni nəslin hansısa xarici dildə oxumasının qarşısını almaq deyil, bir imperiya mirasının sistemli şəkildə cəmiyyət həyatından çıxarılması, rus dilində təhsilə ehtiyacın real tələbata uyğunlaşdırılmasıdır.
Bəli, rus məktəbləri Azərbaycanda uzun müddət imperiya siyasətinin təhsildəki ayağı olub. Sovet ideologiyasının mühüm sütunlarından biri olan "sovet xalqı" anlayışına uyğun olaraq rus dili hamının ortaq ünsiyyət vasitəsi, rus məktəbləri isə bu dilin yayım məntəqələri kimi fəaliyyət göstərirdi. Bu məktəblərdə təhsil alan uşaqların mühüm bir qismi təkcə rus dilində danışmır, həm də “rus mədəniyyəti”nin daşıyıcısına çevrilirdi. Bu, milli dəyərlərin sıxışdırıldığı, Moskvadan idxal olunan bir dünyagörüşünün uşaqlara yeridildiyi sistem idi. Bu sistem, təəssüf ki, müstəqillik qazandıqdan sonra da tam ləğv olunmadı. Uzun illər ərzində "təhsil hüququ", "dilin sərbəst istifadəsi" kimi arqumentlər altında rusdilli məktəblər öz fəaliyyətlərini davam etdirdi- hərçənd bunlar həm də geopolitik reallıqlardan irəli gəlirdi.
Lakin zaman dəyişdi. İndi artıq nə SSRİ var, nə də sovet xalqı. Üstəlik, rus dili özünün beynəlmiləl funksiyasını da çoxdan itirib. Sovet dövründə rus dilini bilmədən nə ali təhsil almaq, nə dövlət idarələrində işləmək, nə də geniş informasiya resurslarına çıxış mümkün idi. Bu, rus dilinə süni şəkildə beynəlmiləl status qazandırırdı. Lakin imperiyanın dağılması ilə bu status da sarsıldı. İndi dünyada informasiya axını, bilik istehsalı və texnoloji yeniliklər əsasən ingilis dili üzərindən baş verir. Google, YouTube, Coursera, edX kimi qlobal platformalar, elmi jurnallar, süni intellekt texnologiyaları - bütün bunların dili başqadır. Azərbaycanlı bir gənc yeni bilik öyrənmək, texnologiyalarla tanış olmaq və ya xaricdə təhsil almaq istəyirsə, onun üçün rus dili ciddi perspektiv vəd etmir. Əvvəllər rus məktəbinə yazılmaq xarici dillərə çıxış üçün bir fürsət sayılırdısa, indi bu, arxaik düşüncə tərzinə çevrilib. Çünki smartfon vasitəsilə istənilən dildə tədris materialına çıxış mümkündür. İnsanlar artıq məktəbdə öyrəndikləri ilə kifayətlənmirlər, informasiya cəmiyyətində öyrənmə ömürlük prosesdir. Bu mənada məktəbin hansı dildə olması, gəncin dünyaya çıxış imkanlarını əvvəlki kimi müəyyənləşdirmir.
Olduqca önəmli olan bir məqam da rus dilinin neytral kommunikasiya vasitəsi olmamasıdır. Rusiyanın özündə də rus dili indi monoetnik üstünlüyün təbliği üçün istifadə olunur. Bu isə o deməkdir ki, rus dili artıq “ortaq dil” yox, “dominant dil” rolu oynamağa çalışır. Postimperial məkan üçün bu, təhlükəli meyildir. Beləliklə, rus dili nə qlobal informasiya aləmində liderdir, nə də regional sabitlik üçün neytral platforma. Bu mənzərədə rusdilli məktəblərin əvvəlki statusu da öz aktuallığını itirir. Onlar nə texnoloji tərəqqiyə, nə müasir əmək bazarına, nə də milli-mənəvi birliyə xidmət edir. Ona görə də Azərbaycan təhsil sistemində bu funksional boşluğu doldurmağa yox, milli sistemə uyğun yeni bir nizam yaratmağa ehtiyac var.
Elə bu səbəblərdən də rus məktəblərinin mərhələli şəkildə cəmiyyətin gerçək ehtiyacına uyğunlaşdırılması zəruridir. İlk mərhələdə rus bölməsinə qəbulun minimum endirilməsi lazımdır. Mövcud şagirdlər təhsillərini başa vura bilər, amma sistem kütləvi qəbulu minimallaşdırmalıdır. Paralel olaraq, bu bölmədə çalışan müəllimlərin adaptasiyası və Azərbaycan bölmələrinə inteqrasiyası təmin olunmalıdır. Bu, həm onların peşə bacarıqlarının dəyərləndirilməsi, həm də sosial narazılığın qarşısının alınması baxımından vacibdir. Rus dili tədrisdən tədricən çıxarılmalı, bir fənn kimi, əlavə dərs kimi, seçim kimi qorunmalıdır.
Bu yanaşma həm də ondan irəli gəlir ki, Azərbaycan dövləti heç bir dilə və mədəniyyətə düşmən münasibət bəsləmir- bu, bizim milli tolerantlıq siyasətimizin ayrılmaz hissəsidir. Lakin tolerantlıq suverenlikdən daha üstün ola bilməz. Xüsusilə də o halda ki, bu məktəblər bir xarici dövlətin təbliğat aləti sayılır. Rusiya öz postsovet məkanında rus dilini ideoloji təsir vasitəsi kimi saxlayır və bu dil vasitəsilə öz geopolitik ambisiyalarını gerçəkləşdirməyə çalışır. Bu ambisiyaları sıradan çıxarmaq post-imperial dövrdə öz kimliyini daha aydın dərk edən Azərbaycanın strateji qərarıdır. Bu qərar nə emosional, nə də populist addımdır - dövlətçilik təfəkkürünün diktə etdiyi zərurətdir. Bu labüd prosesi uğurla aparmaq bizim həm dövlət, həm də cəmiyyət olaraq vəzifəmizdir.
Taleh ŞAHSUVARLI
AzNews.az