- Redaktor masası
- 00:24
- 4 909
Şah İsmayıl və Fazil Mustafanın yeniçəri iddiaları

Şah İsmayıl da türkdür, Sultan Səlim də!
Osmanlı da tarixi türk dövlətidir, Səfəvilər də.
Dulqədiroğulları da, Karamanoğulları da, Atabəylər və Şirvanşahlar da, Anadolu və Azərbaycan coğrafiyasında qurulmuş digər dövlətlər də bizim tariximizin bir parçasıdırlar.
Osmanoğulları Anadoluda məskunlaşmış oğuz tayfalarının tarix səhnəsinə çıxartdığı bir imperiyadır.
Səfəvilər Azərbaycanda məskunlaşmış oğuz tayfalarının tarix səhnəsinə çıxartdığı bir imperiyadır.
1473-cü ildə gerçəkləşən Otluqbeli savaşında Ağqoyunlu Uzun Həsənlə Sultan Mehmet Fateh üz-üzə gəlmişdilər. Savaşdan qalib ayrılan Sultan Mehmet dünyanın dörd bir yanına fəthnamələr yazmışdı.
Otluqbeli meydan müharibəsi Şah İsmayılla Sultan Səlim arasındakı Çaldıran savaşından qat-qat ağır, qat-qat qanlı olmuşdu. Sadəcə, Sultan Mehmetin əsir götürərək edam etdirdiyi ağqoyunluların sayı aşağı-yuxarı Çaldıran savaşında Səfəvilərin verdiyi bütün itkilərin cəminə bərabərdir.
Osmanlı adına öyünmək üçün Otluqbeli, haradan baxsan, daha parlaq qələbədir.
Bizim adımıza üzülmək üçün Otluqbeli, haradan baxsan, Çaldırandan daha ağır yenilgidir.
Amma Osmanlı torunları Otluqbeli zəfərini tarixdə buraxdıqları kimi, Uzun Həsənin nəvələri də Otluqbeli məğlubiyyətini köhnə dəftərlərə yazıblar.
Bəs, Çaldıran savaşı nədən bu qədər gündəm, özü də siyasi gündəm olur çağımızda?
Xahiş edirəm, siz bu sual üzərində düşünün, mən də bu yazını niyə qələmə aldığımı söyləyim.
Məlumunuz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çaldıran savaşında Osmanlının qələbəsi ilə öyünüb, bizim hörmətli millət vəkilimiz, ölkəmizin intellektual siyasət adamlarından olan Fazil Mustafa da zahirən Ərdoğana qahmar çıxıb, bəzən sözarası, bəzən də elə birbaşa Şah babamız, pirimiz, mürşüdümüz İsmayıla bəslədiyimiz rəğbəti, sevgini aşağılayıb. Cavabım onadır.
Fazil Mustafa ilə Şah İsmayıl mövzusunda birinci dəfə polemika aparmırıq. Hər dəfə də eyni şey baş verir. Fazil bəy tarixi keçmişdə qalmış reallıq kimi deyil, öz ideoloji baxışlarına uyğun şərh etmək istəyir. Ərdoğana da, Fazil Mustafaya da, bütövlükdə, Çaldıran savaşında xaqanımızın yenilgisini fetişləşdirənlərin hamısına ilk etirazımız elə buna görədir.
İstənilən tarixi olaya o olayın baş verdiyi dövrün şərtləri, anlayışları, iştirakçıları çərçivəsində baxılmalıdır. Üstündən 500 il keçəndən sonra mənim başıma qızılbaş börkü qoyub Sultan Səlimə hücum etməyim cəfəng ola biləcəyi kimi, Fazil Mustafanın da əlinə yeniçəri qılıncı alıb Şah İsmayılın üstünə yürüməsi absurddur. Doğrusu, məni narahat edən məqamlardan biri də elə budur. Ərdoğan Türkiyənin də, Azərbaycanın da tarixində görkəmli şəxsiyyət kimi qalacaq, necə deyərlər, onun yükü təpədədir, amma qorxuram dostum Fazil Mustafa Azərbaycan ictimai fikir müəssisəsinin yaddaşında neo-osmanlıçılığın yeniçərisi kimi qala...
Çaldıran savaşı Osmanlılarla Səfəvilər arasında son müharibə deyil. Odur ki, orta çağlarda Sultan Səlimin zəfərinin İstanbul saraylarında romantizasiyasının səbəblərini anlamaq olar. Bu, bir tərəfdən Osmanlı hünkarlarının “əcəmi”lərlə savaşına ideoloji məzmun qazandırır, digər yandan da Sultan Səlimlə Boğaza daşınmış xilafət məqamını legitimləşdirirdi. Amma bu gün Türkiyə də, Azərbaycan da respublikalar, sekulyar sistemlər, suverenliyin xalqa məxsus olduğu, din və dövlət işlərinin ayrıldığı müstəqil dövlətlərdirlər. Şükürlər olsun ki, ortaq etnik kimliyimizin bilinci ilə Azərbaycan və Türkiyə çağdaş beynəlxalq münasibətlər sistemində maksimum yaxın, bir çox hallarda eyni mövqedən çıxış edir. Bunun faydalarını həm biz görürük, həm də Türkiyədəki qardaşlarımız görür.
Osmanlı və Səfəvi saraylarındakı qardaş qətliamları bizim tarixi şüurumuz üçün paradokslar yaratmadığı sayaq, Osmanlı və Səfəvilər arasındakı savaşlar da türk və müsəlman coğrafiyasının ən modern dövlətləri kimi birgəliyimizə kölgə salmaq istəyənlərin əlində dəstəvuz olmamalıdır. Cem Sultan və Bəyazidin taxt qovğası, II İsmayılın xanədan qənimliyi, Nadir şahın Səfəvi sülaləsinin son təmsilçisini qətlə yetirməsi, Mehmet Çələbinin Konyaya, Şah İsmayılın Şirvana yürüşü kimi tarixin çoxdan don altında qalmış hadisələrindən ictimai şüur üçün neqativ paradiqmalar düzəltmək elmi baxımdan mənasız, siyasi baxımdan yanlışdır.
Təəssüf doğuran odur ki, Fazil bəy həm elmi, həm də siyasi baxımdan ciddi yanlışlara yol versə də, üst pərdədən danışaraq Şah İsmayılı Azərbaycan türklərinin uca tarixi şəxsiyyətlərindən biri sayanları “kütləvi savadsızlıqda” suçlayır. Əlbəttə, mən Fazil bəyin intellektini şübhə altına almaq istəmədiyim kimi, yəqin ki, o da mənim ən azı bir neçə sahədə mütaləmi şübhə altına salmağa cəhd göstərməz. Odur ki, buyurun, möhtərəm opponentimin bəzi arqumentlərini elmi və məntiqi cəhətdən saf çürük edək.
Bilirsiniz ki, müasir Türkiyə dövləti 1923-cü ildə elan olunmuş bir respublikadır. Mustafa Kamal paşa səltənəti devirərək Osmanlı hüdudlarının bir hissəsində müasir cümhuriyyət qurub. Fazil Mustafanın məntiqinə görə, müasir bir respublikanın indiki liderinin öz imperiya keçmişindən danışması, fəxr etməsi, 500 il əvvəlin olaylarını referans göstərməsi doğrudur, amma biz- müasir Azərbaycanın övladları belə bir haqqa sahib deyilik. Bu necə məntiqdir?
Səlcuqludan müasir Türkiyəyə qədər Anadolu türkləri eyni dövlətçilik ənənəsini daşıyır, dəyişən dövlət deyil, xanədanlar, rejimlər, sistemlərdir. Səlcuqludan müasir Azərbaycana qədər elə biz də vahid dövlətçilik identifikasiyasına malikik. Bizdə də dəyişən xanədanlar, rejimlər, sistemlərdir. Əsas fərq bizim Hülakülər dövründə Asiyadan yeni köç almağımız və Çar Rusiyasının işğalına məruz qalmağımızdır. Amma bu qırılmanı kompensasiya edən çox önəmli bir faktor var. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar kimi xanədan dövlətlərini quran, Şah İsmayılla imperiyalaşan, 18-ci yüzildə Şimali Azərbaycan xanlıqlarını meydana çıxaran, bir əsr sonra Rusiya işğalı altında kapitalizm və millətləşmə prosesinə start verən etnos eynidir. 1918-ci ildə Xalq Cümhuriyyətinin elan edilməsi ilə dövlət milləti statusu qazanmış toplumun etnogenizini məhz Şah İsmayılı taxta çıxaran tayfalar təşkil edir. Azərbaycanda millətləşmə AXC-ni, Anadoluda millətləşmə TC-ni doğurdu. İndi biz deyirik ki, gəlin, millətləşmə sürəcinin anlayışlarını aparıb orta çağa, eləcə də öz tariximizi 1918-ci ildən bəriyə pərçimləməyək. Biz millət kimi də, etnos kimi də Azərbaycana göydən zənbillə düşməmişik. Azərbaycan mədəni-siyasi arealını da 1918-ci ildə yaratmamışıq. Babəkin 838-ci ildə Samirədə Abbasi xəlifəsi Mötəsimin əmri ilə kəsilən qolları “Azərbaycan” adı ilə təşəkkül tapan coğrafiyanın hərbi-siyasi azadlığı üçün çırmanmışdı. Şah İsmayıl da məhz Azərbaycan taxtının qurucusu idi- orta əsrlərdə dövlətlərin daha çox sülalələrin adı ilə tanınması coğrafi-etnik kimlikləri heç də arxa plana keçirmir.
Fazil bəy deyir və həm də səhv deyir ki, Səfəviliyin bugünkü məhsulu İran İslam Respublikasıdır. Siyasi baxımdan hazırkı İran İslam Respublikası Pəhləvi xanədanından törəyib, Pəhləvilər də özlərini Şah İsmayıla, Səfəvilərə yox, yalan-palanla aparıb Əhəmənilərə calayırdılar. Dini baxımdan İranda hakim ideologiya Ərdəbil sufi ocağını qəbul etməyən doqmatik-şəriətçi, “Əli şiəçiliyini” “Səfəvi şiəçiliyi”ndən ayırmış cəfəri fars ideoloqlarının doktrinasıdır. Bəli, orta çağlarda mövcud olmuş bütün dövlətlər teokratik idi, çünki hakimiyyətin mənbəyi o dövrün anlayışlarına görə ilahi olmalı idi. Hətta heç bir semit mənşəli dini qəbul etməyən Çingiz xan da öz şəcərisini aparıb Tanrıya bağlamışdı. Məhz həmin Çingiz xanın Şərqə yürüşləri olmasaydı, ərəb xilafətinin hərbi-siyasi dayaqları sarsılmayacaq, son nəticədə Azərbaycan və Anadolu türkləri Şərqə hökm edən imperiyalar qura bilməyəcəkdilər. Tarix və tariximiz qaranlıq səhifələr deyil, dinamikadır, həm də indiki zamana və gələcəyimizə yön verən dinamika.
Ona görə də sonda Fazil Mustafanın bir fikrinə xüsusi diqqət cəmləmək istəyirəm. O, deyir:
“Təkcə 1918-ci ildə deyil, XVI-XIX əsrlərdə də Türk ordusu İrançılığın bayraqdarı olan Səfəvilərdən Azərbaycanı xilas etmək missiyasını da üzərinə götürmüşdü”.
İlk növbədə yada salaq ki, 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Səfəvi imperiyasının qurucusu Şah İsmayılın “sağ əli” Məhəmməd xan Ustaclı, Sultan Səlimin sərəsgəri boşnak, Bosniya dvoryanı Stefan Vukçiçin oğlu Hersekzadə Əhməd paşa idi. Zənnimcə, bu fakt Çaldıranda hansı ordunun daha çox türk olmasını ortaya qoymağa kifayət edir.
İkincisi, Şah İsmayılın qurduğu dövlətdə “irançılıq” ideologiyası heç bir halda mövcud ola bilməzdi.
Bir ona görə ki, Şahın sarayında kargüzarlıq işlərinə təhkim edilmiş irandilli tayfaların nümayəndələrini “tacik” adlandırır və onların dövlət işlərinə, xüsusən də orduya müdaxiləsini yasaqlamışdılar.
Bir də ona görə ki, pan-iranizm bir ideologiya kimi, ümumiyyətlə, 20-ci əsrdə meydana çıxıb.
Nəhayət və ən başlıcası, “AZƏRBAYCANI SƏFƏVİLƏRDƏN XİLAS ETMƏK” demək və bunu Nuru paşanın komandanlığı ilə AXC dövründə Bakının daşnak-bolşevik zəbtindən xilas edilməsi ilə eyniləşdirmək hansı sağlam düşüncənin məhsulu ola bilər?
Fazil əfəndi “Osmanlının Azərbaycanı Səfəvilərdən xilas etmək missiyasından” danışırsa, 1724-cü ildə Rusiya ilə bağlanan İstanbul müqaviləsinə görə, Osmanlının Bakı və Dərbəndi çara peşkəş etməsinin adını nə qoyur?
Bu idimi xilaskarlıq, bu idimi missiya?
1918-ci ildə Osmanlı ordusunun Təbrizə girməsini də Fazil Mustafa tarixi gerçəklikləri təhrif edərək “yorumluyor”:
"Xiyabani başda olmaqla İrançı-Səfəvi zehniyyətin sahibi azərbaycanlılar onlara müqavimət göstərdilər və Azərbaycanın güney hissəsinin azad edilməsi missiyası baş tutmadı”.
Belə bir missiya yox idi, Fazil bəy, Osmanlı Birinci Dünya müharibəsinin gedişində Təbrizə öz hərbi-siyasi strategiyasını həyata keçirmək üçün qoşun göndərmişdi.
Məşrutəçi Məhəmməd Xiyabaninin çox mürəkkəb sosial və siyasi kontekstləri özündə birləşdirən fəaliyyətini də “İrançı Səfəvi zehniyyəti” ilə əlaqələndirmək məsələyə ən azından səthi baxmaqdır. Hər halda, Şeyx təkcə Osmanlının yox, Rusiya və Britaniyanın da Güney Azərbaycana sahiblik etməsinə qarşı çıxırdı. Bir insan öz yurdunu xarici müdaxilə qarşısında müdafiə etməli deyilmi? Ona qalsa, gərək 1918-ci ilin iyununda Gəncədə Xalq Cümhuriyyəti qurucularının ilhaqçılıq xəttinə qarşı çıxmasını da “azadlıqdan qaçış” kimi dəyərləndirəsiniz.
Bizim dünənimizdə də, bu günümüzdə də, sabahımızda da təəssübünü çəkdiyimiz elə məhz budur-AZADLIQ!
Azadlıq isə həmişə aldır: Babəkin qollarından axan qan, Şah İsmayılın başındakı börk, İlham Əliyevin Xankəndidə dalğalandırdığı müasir Azərbaycan bayrağının bir rəngi kimi!
Taleh ŞAHSUVARLI