- Müşahidə məntəqəsi
- 18:29
- 2 452
“Uşaqlar diqqətsiz qaldıqda daha çox mobil cihazlara yönəlirlər” - SOSİOLOQ

“Biz hamımız müasir dövrün, yəni yüksək texnologiyaların inkişaf etdiyi zamanın insanlarıyıq. Təbii ki, bu texnologiya həyatımıza elə daxil olub ki, onun gətirdiyi yeniliklərdən insan özü könüllü surətdə istifadə edir. Çünki işlərimizin bu vasitə ilə asanlaşması hər birimizin ətrafında müəyyən “komfort zona” yaradır ki, biz də bundan çox məmnunluq hissi duyuruq. Amma bu hissin nə qədər bizim səhhətimizə, mənəviyyatımıza təsirlərini hesablamaq istəmirik və hesablamağa da çalışmırıq. Nümunə üçün deyə bilərəm ki, hər birimiz satışa yenicə çıxan, məişətdə istifadə olunan yeni robot almağa hamıdan tez can atırıq. Amma əslində biz bu cihazı almaq və ondan istifadə etməklə həm cibimizə, ilk növbədə də sağlamlığımıza böyük zərbə vurmuş oluruq. Doğrudur, ev işlərini asanlaşdıran belə süni intellektdən istifadə bizim vaxtımıza qənaət etməyə imkan yaradır. Lakin fiziki işlərdən uzaq düşərək bədənimizdə depolanmış neqativ enerjini özümüzdən kənarlaşdıra bilmirik. Bu da sonda müxtəlif xəstəliklərin yaranmasına yol açır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.
Xatırladaq ki, müasir dövr insanı texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanın içində yaşayır. Bu yeniliklər həyatımızı asanlaşdırır və rahatlıq gətirir, lakin çox vaxt onların sağlamlığımıza, mənəviyyatımıza və sosial münasibətlərimizə təsirini nəzərə almırıq. Nəticədə, rahatlıq və vaxt qənaəti bəzi hallarda ailədaxili ünsiyyətin azalmasına, uşaqların diqqət və qayğıdan kənarda qalmasına səbəb olur.
Sosioloq qeyd edib ki, insan sosial varlıq olaraq hər zaman ünsiyyətə ehtiyac duyur.
“Ünsiyyət vasitəsi kimi dilimizdən istifadə edirik. Lakin platformalar sanki dilimizi əlimizdən alıb, hamımız onun əsarəti altına düşmüşük. Yaşından asılı olmayaraq hər bir ailə üzvünün əlində bir cihaz var, hərəsi evin bir küncünə çəkilib özünə, daha doğrusu, bu cihaza qapanaraq ailənin digər üzvlərini sanki görmür, eşitmir. Bir sözlə, ünsiyyət ailə içərisində sıfıra bərabər səviyyədə olur. Valideynlər hisslərini bir-birinə ifadə etməyi belə unudurlar, uşaqlar isə diqqət və qayğıdan kənarda qalırlar. Bütün bunlar sonda böyük ailə faciələrinə gətirib çıxarır. Nəticə etibarilə ənənəvi sosial münasibətlər pozulur, cəmiyyətdə diskriminasiya yaranır. Cəmiyyətin digər vacib nüanslarından sayılan uşaq və yeniyetmələr ətrafdan özlərinə qarşı həssaslıq gözləmək mövqeyində olurlar. Onlar bu münasibəti görmədikdə bizdən, yəni böyüklərdən qaçmağa çalışırlar. Ya da onlar öz yaxınları ilə ünsiyyət qura bilmədikdə daha çox mobil cihazlarda vaxt keçirməyə başlayırlar. Bu da onların sosial bacarıqlarının üzə çıxmasına mənfi təsir göstərir. Bu halda uşaqlar özlərində yalnızlıq hiss edirlər, özünəqapanma hissləri ilə üz-üzə qalırlar. Valideyn bu haqda çox ciddi düşünərək övladlarının xoşbəxt gələcəyi naminə onlarla ünsiyyət qurmalı, söhbətlər aparmalıdır. Övladımızın xoşbəxt olması bütün məmnunluq hisslərindən daha üst səviyyədə olmalıdır!”.
Rəfiqə Namazəliyeva,
AzNews.az