- Redaktor masası
- 14:03
- 2 802
Şahlar Əsgərov və “Proqram təminatı mühəndisliyi” ixtisası
.png)
Doğrusunu deyim ki, Azərbaycan təhsil sistemi haqqında yazmağı özümə qadağan eləmək ərəfəsindəyəm. Çünki az qala bütün ictimai intellektuallar, yaxşı təhsil ekspertləri, elmi və pedoqoji sahədə ciddi təcrübəsi olan adamlar vəziyyətin acınacaqlı olması barədə böyük məyusluq içində həyacaq siqnalı versələr də, bizim müvafiq qurumların farmazon nümayəndələri “ChatGPT”-nin qurduğu standart cümlələrlə problemləri palazın altına toplamağa çalışırlar. Mən intellektual potensialı orta statistik göstəricilərin dibində olanlarla ağızlaşmağı özümə rəva görməməklə, bu cür yanaşma və bu cür yanaşan "təhsil menecerləri" ilə müsbət dəyişikliyə inamımı da itirmişəm.
Fəqət Şahlar Əsgərovun- tədqiqatlarından NASA-nın bəhrələndiyi önəmli alimin, təcrübəli siyasi xadimin, bir dönəm Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbərli olmuş vətəndaş cəmiyyəti ağsaqqalının verdiyi son açıqlamaya biganə qala bilmərəm. Şahlar Əsgərov “vaqon”un artıq relsdən çıxdığını, irəliyə doğru hərəkət etmədiyini vurğulayaraq və bir vətənpərvər olaraq yanğı ilə deyir:
“Milli təhsilin nə fəlsəfəsinin, nə də paradiqması var”.
Şahlar müəllim niyə haqlıdır, icazənizlə, izah edim.
Əvvəla, təhsil sistemi cəmiyyətə “vətəndaşlıq modeli" təqdim etməlidir. Məktəb mühiti uşaqları, yeniyetmələri, gəncləri ictimai münasibətlər sistemində ləyaqətli mövqe tutmaq üçün hazırlamalıdır. Məşhur bir söz var, deyir topun açılmamasının 40 səbəbi var, birincisi barıtın yaş olmasıdır. Barıt yaşdırsa, qalan 39 səbəbdən danışmağa dəymir. Mühit yoxdursa, məktəb də yoxdur, məktəb yoxdursa, mühit də yoxdur! Çox təəssüflər olsun ki, repetitorluğun Azərbaycanda yaratdığı reallıq budur- nə məktəb var, nə mühit! Bəli, Azərbaycanda məktəb binaları var, o binalarda dövlətdən maaş alan müəllimlər çalışır, müəllimlər işə testlə qəbul olunur, sertifikasiyadan keçirilir. O binaların içində qətllər, bıçaqlaşmalar da baş verir, yaxud arxası hansısa məmura bağlı direktorların səs yazıları yayılır, hətta “Son zəng” günü müəllim və şagirdlər xorla “vorovskoy” mahnılar oxuyur... Amma nəticə etibarı ilə bu sektor cəmiyyət üçün “problem çözən” deyil, “problem yaradan” vətəndaş tipləri formalaşdırır.
İkinci vacib məsələni izah etmək üçün, icazənizlə, “intellektual dövriyyə" anlayışından istifadə edim. “İntellektual dövriyyə” deyəndə biliklərin, ideyaların, elmi və yaradıcılıq məhsullarının ölkə daxilində və beynəlxalq miqyasda mübadiləsini nəzərdə tuturam. Bu gün Azərbaycanca təlim obyektinə çevrilmiş şagird və tələbələr nə qədər yaradıcı düşünə, yeni ideyalar yarada bilirlər? Dövlət İmtahan Mərkəzinin dominant qəbul sistemi, alternativ proqramları övladlarımızı əzbərçiliyə sövq edib. 17 illik təhsil dövründə (orta məktəb, bakalavr, magistr) Azərbaycan təhsil sistemi bircə adama belə B2 səviyyəsində xarici dil öyrədə bilmir. Şagirdlərimiz Beynəlxalq Riyaziyyat Olimpiadasından əlləri ətəklərindən uzun dönür. Süni İntellektin dünyaya meydan oxuduğu bir çağda Azərbaycan universitetlərində Süni İntellekt Mühəndisliyi ixtisası yoxdur. Nazirlər Kabineti qərar verib, ali məktəblərdə İT sahəsi üzrə “Proqram təminatı mühəndisliyi” ixtisası açıb. Abituriyentlər ali məktəblərə ixtisas seçir, amma qəbul elanında bu ixtisas yoxdur. Niyə? Niyə biz gənclərimizi bu aktual ixtisasa həvəsləndirmək əvəzinə, boş müəllim yerlərinin vakansiyaya çıxarılmaması kimi korrupsiya şübhələrinə yol açan məsələlərdən danışmalıyıq? Niyə biz Azərbaycan Texniki Universitetinin dünyada ilk 100 universitet arasına necə düşməsindən (bu gedişlə fantastikadır) yox, ölkədə məzunları savadsız çıxarmağı qarşısına məqsəd qoymuş imtahan maniyasından söz açmalıyıq?
Buradan soruşuram: Dövlət proqramından kənarda, fərdi qaydada xaricdə təhsil alanların statistikası hansı qurumda var? Ümumiyyətlə, belə bir statistika varmı? Gəncləri “beyin axını”na qoşulan bir ölkədə necə intellektual mühit yaratmaq, necə ölkə iqtisadiyyatının yenilənmə, inkişaf və rəqabət qabiliyyətinə töhfə vermək olar?
Şahlar Əsgərov haqlıdır, çox təəssüf ki, haqlıdır. Haqlıdır ona görə ki, bizim təhsil sistemimiz ölkənin iqtisadi dinamikasını tormozlamaqla məşğuldur. Ali təhsil diplomlarının heç bir funksiyası qalmayıb. Əmək bazarı ilə ixtisas hazırlığı arasında kəskin uçurum var. Təhsil sistemi yeni texnologiyaları, startapları, tətbiqi elmi layihələr üçün kadr hazırlığını dəstəkləmir. Təhsilə çıxış və təhsilin keyfiyyətində şəhər-kənd, varlı-kasıb fərqi iqtisadi dinamikanı balanssızlaşdırır. 400 manat əmək haqqı olan ölkədə vətəndaşlardan 4500 - 6500 manat təhsil haqqı ödəmək tələb olunur. 10 minlərlə gənc məhz təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən xaric olunur. Konstitusiyasında “sosial dövlət” olduğu vurğulanan bir ölkədə!
Azərbaycan təhsil sistemi dərhal, gecikmədən, vaxt itirilmədən bu “sacayağı”nın üstündə inşa edilməlidir- “vətəndaşlıq modeli”, “intellektual dövriyyə” və “iqtisadi dinamika”. Bunu edə bilmək üçünsə ilk növbədə təhsil siyasətinin icraçılarının özü həmin anlayışlara uyğun olmalıdır. Fəal vətəndaş mövqeyi olmayan, intellekti məhdud, bacarıqları əmək bazarının elementar tələbini ödəməyənləri sistemin önəmli həlqələrinə çevirəndə, vaqon əvvəl dayanar, sonra içində ilan-çayan yuva qurar...
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru