Rəşad Bayramov: Qərbin təklifləri münaqişənin həllinə deyil, dondurulmasına hesablanıb

“Avqustun 8-də Vaşinqtonda keçirilən brifinqdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanla birgə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı suala cavab verərkən ərazi mübadiləsindən danışmışdı. Daha sonra ABŞ vitse-prezidenti də danışıqların təmas xətti əsasında aparılmasının və ərazi mübadiləsinin vacibliyini vurğulayan bəyanat səsləndirmişdi. Lakin dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski bildirdi ki, ərazi mübadiləsi Ukrayna Konstitusiyasına ziddir və mümkün deyil. İki gün əvvəl isə Rusiya da eyni mövqeni ifadə edərək ərazi mübadiləsinin mümkünsüz olduğunu bəyan etmişdi. Başqa sözlə, Trampın 15 avqusta Putinin iştirakı ilə nəzərdə tutulan görüşdə ərazi mübadiləsini müzakirə etməyəcəyini deməsi əslində onun mövqeyində dəyişiklik deyil. Bu, münaqişə tərəflərinin belə bir məsələyə razılıq verməyəcəklərini nəzərə alması ilə bağlıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşəcək. Məqsəd Ukraynada atəşkəsin təmin edilməsidir; torpaq mübadiləsi müzakirə edilməyəcək. Analitiklər görüşü Qərbin vahid mövqeyinin mesajı kimi dəyərləndirir.

Siyasi şərhçi bildirib ki, görüşdən konkret nəticə əldə etmək hazırda çətin görünür.

“Rusiyanın şərtləri, o cümlədən işğal altında saxladığı ərazilərin Rusiya ərazisi kimi tanınması, Ukraynanın NATO-ya üzv olmaması və hərbi potensialının məhdudlaşdırılması tələbləri Ukrayna tərəfindən qəbul edilə bilməz. Qərb ölkələrinin, o cümlədən Böyük Britaniya, Almaniya və Fransanın təklifləri də əslində münaqişənin həllinə deyil, onun dondurulmasına hesablanıb. Təmas xəttinin əsas götürülməsi atəşkəsin elan olunmasını, ərazilərin Rusiyanın nəzarətində qalmasını, lakin bu ərazilərin Rusiya əraziləri kimi tanınmamasını və uzunmüddətli danışıqlara imkan yaradılmasını nəzərdə tutur. Eyni prinsip Azərbaycan və Ermənistan arasında ilk Qarabağ müharibəsində atəşkəsin elan olunmasında da tətbiq edilmişdi: ərazilər işğal altında qalsa da, beynəlxalq səviyyədə tanınmamışdı və uzunmüddətli danışıqlar başlamışdı. Belə bir yanaşma Ukraynanın maraqlarına cavab verə bilər, amma yalnız şərtlərdən biri kimi: Ukrayna NATO-ya üzv olmasa da, Avropa İttifaqına qəbul edilməli, beynəlxalq təhlükəsizlik zəmanəti almalı, ərazisinə xarici hərbi birliklər yerləşdirilməli və Qərbin maliyyə dəstəyi ilə infrastrukturunu bərpa edib silah sənayesini inkişaf etdirərək ordunu gücləndirməlidir”.

Siyasi şərhçi əlavə edib ki, buna baxmayaraq, Rusiyanın bu şərtlərə razılıq verməsi inandırıcı görünmür:

“Odur ki, 15 avqust görüşündən nəticə çıxması ehtimalı azdır və ehtimal ki, Tramp ABŞ-ın danışıqlardan geri çəkildiyini bəyan edəcək. ABŞ onsuz da Ukraynanın maliyyələşdirilməsində birbaşa iştirak etmir və Trampın dediyi kimi, öz silahlarını NATO və Avropa İttifaqına sataraq gəlir götürür. Həmin silahların kimə ötürüləcəyi onları maraqlandırmır. Beləliklə, ABŞ prosesi tərk etsə də Ukraynanı dolayısı ilə silahlandırmağa davam edəcək və Rusiya ilə Ukrayna arasındakı müharibə hələ də davam edəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az