- Siyasi müzakirə
- 18:15
- 2 625
“Tramp Azərbaycanla münasibətləri Baydendən fərqli olaraq iqtisadi əsaslarla qurur” - Azad Məsiyev

“ABŞ prezidenti Donald Tramp biznes maraqlarını təmin etdiyi halda mövqeyini dəyişə bilər. Əslində, Trampın mövqeyinin dəyişkənliyi bir neçə amillə bağlıdır. Ölkənin bir strategiyası var və prezident bütün fəaliyyətini bu strategiyanın qorunmasına həsr edir və bu strategiyaya xidmət edir. ABŞ dünyada güc mərkəzidir. ABŞ-ın strategiyası ondan ibarətdir ki, ölkə qlobal iqtisadi sistem yaratsın və ona nəzarət etsin. Həmçinin, ABŞ-a təhlükə yaradan bütün amilləri aradan qaldırmaq vacibdir. Bu baxımdan Trampın siyasəti də ABŞ strategiyasını qorumağa yönəlib. Reallıq ondan ibarətdir ki, ABŞ prezidenti fərdi olaraq iqtisadi maraqlar əsasında siyasətini həyata keçirir. Badiyin dövründə dünyada yaranan hər bir vəziyyət ABŞ-ın maraqlarına uyğun qiymətləndirilirdi. Tramp isə iqtisadi maraqlara əsaslanaraq dünyada bir iqtisadi balans yaradır və bu balansın fonunda ABŞ-ın maraqlarını həyata keçirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp barədə irəli sürülən iddialardan biri onun tez-tez mövqe və fikir dəyişməsi ilə bağlıdır. Bəzi təhlilçilərin fikrincə, Trampın Azərbaycana münasibəti, sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də gözlənilmədən dəyişə bilər. Bu iddialar isə sanki 8 avqustda Vaşinqtonda keçirilən görüşü və orada əldə olunmuş tarixi razılaşmanı gözdən salmağa yönəlib.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın Cənubi Qafqazdakı maraqları iqtisadi baxımdan qiymətləndirilməlidir.
“Məsələn, Tramp Zəngəzur dəhlizinin açılmasına və ABŞ-ın nəzarətinin təmin edilməsinə iqtisadi maraqlar əsasında dəstək verir. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin bir qoludur və bu dəhliz üzərindən daha çox yük daşımalarına imkan yaranacaq. Dəhliz həm də Naxçıvan ilə Türkiyə arasında birbaşa dəmir yolu xətti təmin edəcək. Bu baxımdan, Zəngəzur dəhlizində ABŞ-ın iştirakının təmin edilməsi regional güclərin maraqlarının toqquşmasının qarşısını almağa xidmət edir. Bildiyiniz kimi, 10 noyabr sazişinin 9-cu maddəsinə görə, dəhlizə Rusiya tərəfindən nəzarət edilməlidir. Rusiyanın da bu dəhlizdə strateji marağı var. Bu maraqların necə uzlaşdırılacağı zamanla məlum olacaq. Həmçinin düşünürəm ki, Tramp ilə Putin arasında gizli sövdələşmələrin mövcudluğu mümkündür. ABŞ və Rusiya prezidentləri arasında görüşlər keçirilə bilər. Bu görüşlərdə əsas hədəf Qafqaz regionu olacaq. Çünki dünyada ABŞ ilə Rusiya maraqlarının toqquşmasının ilk nəticəsi Ukraynadırsa, ikinci nəticəsi isə Cənubi Qafqazdır. Düşünürəm ki, ABŞ və Rusiya arasında bir razılaşma olacaq. Rusiya da Zəngəzur dəhlizində loyal yanaşarsa, bu razılaşma effektiv olacaq. Gizli sövdələşmələr və siyasi anlaşmalar bu görüşlərin nəticəsi ola bilər. Ümumilikdə, Trampın mövqeyinin dəyişməsi sırf iqtisadi maraqlarla bağlıdır. Trampın düşüncəsində biznes maraqları önəmlidir və maraqlar təmin olunduğu halda mövqelər dəyişə bilər. Bu onun sırf biznes maraqlarına xidmət etməsinin göstəricisidir. Azərbaycanla bağlı isə ABŞ-ın marağı Qafqazda hər hansı layihəni həyata keçirməkdir. Bu layihələr mütləq Azərbaycanla razılaşdırılmalıdır, çünki Azərbaycan regionda suveren dövlətdir. Zəngəzur dəhlizi yalnız təhlükəsizlik təminatı və Azərbaycan tərəfinin razılığı ilə işlək vəziyyətə gələ bilər. Yəni, yalnız Zəngəzur dəhlizi deyil, ümumiyyətlə, Qafqazda həyata keçirilən bütün layihələr Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanla razılaşdırılmamış layihələr uğurlu ola bilməz. Bu baxımdan Trampın Azərbaycanla bağlı mövqeyi, xüsusilə Azərbaycan prezidenti ilə görüşləri və səmimi davranışı önəmlidir. İki prezidentin davranışı və görüşləri zamanı səmimi yanaşma müşahidə edildi. Trampın Azərbaycanla münasibəti Baydendən fərqli olaraq iqtisadi maraqlar əsasında formalaşdırılır. Baydenin siyasəti isə ABŞ maraqlarını təzyiq və şantaj vasitəsilə həyata keçirməyə yönəlib, bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Baydenin təzyiq və şantaj metodları Azərbaycanı zorla razı salmağa yönəlib, bu isə ABŞ konqresmenlərinin davranışında da müşahidə olunub. Məsələn, 907-ci maddənin tətbiqi ilə Azərbaycan üzərində təzyiq artırılırdı. Tramp isə ABŞ maraqlarını iqtisadi əsaslarla həyata keçirir və Azərbaycanla maraqları uzlaşdırır”.
Siyasi şərhçi əlavə edib ki, bu baxımdan Trampın mövqeyindəki dəyişiklik Azərbaycanla bağlı mövqeyinin dəyişməsi ilə əlaqəli deyil:
“Səbəb, ABŞ və Rusiya arasında Qafqazda maraqların toqquşmasıdır. ABŞ və Rusiya arasında rəqabət mövcuddur və əsas məsələ bu iki güc dövlətin maraqlarının uzlaşdırılmasıdır. Əgər ABŞ və Rusiya maraqlarını uzlaşdıra bilsə, regionda stabillik yaranacaq. Əks halda, maraqlar toqquşarsa və radikal fonlu davranışlar davam edərsə, regionda gərginlik artacaq və Qafqazda təzyiqlər müşahidə ediləcək. Məsələ qlobal güclərin maraqlarının uzlaşdırılması ilə bağlıdır. Azərbaycan-Amerika münasibətləri beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Azərbaycan prezidenti xarici siyasətini beynəlxalq hüquq prinsiplərinə uyğun qurur və qonşularla sülh şəraitində yaşamağa çalışır. ABŞ Qafqazda maraqlarını Rusiya ilə razılaşdıraraq həyata keçirəcək. Radikal davranışlar olarsa, ABŞ və Rusiya tərəfindən təzyiqlər müşahidə edilə bilər. Son günlərdə Alyaskada görüşlər keçirilmiş və bu görüşlərdə maraqların uzlaşdırılması regionda stabilliyin yaranmasına imkan verəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az