- Redaktor masası
- 18:52
- 2 760
Labas, Baubinayte!

Litvanın Bakıdakı diplomatik missiyasının rəhbərinin müavini işə başlayıb.
İnformasiya Agentliklərinin məlumatına görə, bu vəzifəni Kristina Baubinayte tutub.
Xanım Baubinayete Litvanın Praqa və Dublindəki səfirliklərində çalışıb. O, sosial elmlər doktoru və müasir Litva mühacirəti haqqında kitab müəllifidir.
"Kristinanı komandamıza qoşulması münasibətilə təbrik edir, maraqlı və uğurlu iş, yeni tanışlıqlar və dolğun layihələr arzulayırıq", - diplomatik missiyanın məlumatında deyilir.
Xatırladım ki, Kristina Baubinayte etimadnaməsini bu il yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmiş fövqəladə və səlahiyyətli səfir Kestutis Vaşkeleviçusa yardım edəcək.
Əlbəttə, mən cənab səfiri, eləcə də onun yeni müavinini tanımıram.
Çox təəssüflər olsun ki, Litvanın Bakıdakı elçiliyi keçirdiyi tədbirlərə məni dəvət etməyib.
Ancaq 2008-ci ildə Litvada olmuşam, Baltikyanı regionun bu gözəl ölkəsindən Bakıya Litva xalqına, mədəniyyətinə və təbiətinə böyük rəğbətlə dönmüşəm.
Litvalılar mədəni, dürüst, Azərbaycanlılara ehtiramla yanaşan insanlardırlar.
Vilnüs olduqca gözəl bir şəhərdir.
Mən Vilnüsdə olanda may ayının sonları idi. “Bəyaz gecələr” Laurinas Guceviciusun memarlıq əsərləri ilə əzəmətə qovuşmuş şəhəri daha da əsrarəngiz edirdi.
O zamanlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etməmişdi.
Rəsmi Vilnüs Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri idi.
Azərbaycan və Litva arasında diplomatik münasibətlər önəmli keçmişə malikdir.
Hələ ötən əsrin əvvəllərində- Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə səlahiyyətli nümayəndəsi vardı.
SSRİ dağıldıqdan, ölkələrimiz müstəqillik qazandıqdan sonra Azərbaycanla Litva arasında hər zaman xoş münasibətlər mövcud olub. Təsadüfi deyil ki, 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsə rəsmi səfər edib, ondan öncə 3 dəfə Litvada işgüzar səfərdə olub.
Son 20 ildə Litvanın dövlət başçıları Azərbaycana 4 dəfə rəsmi səfərə gəliblər.
Hazırda ölkəmizdə 30-a yaxın Litva şirkəti fəaliyyət göstərir.
Ölkələr arasında ticarət dövriyyəsi 55.6 milyon, Litvaya ixracatımız cəmi 2.4 milon dollardır. Demək ki, Azərbaycan və Litva arasında iqtisadi əlaqələrin güclənməsinə böyük də yox, çox böyük potensial var.
Litva uzun illərdir ki, Azərbaycanın strateji tərəfdaşıdır. Prezident İlham Əliyev bununla bağlı demişdi: “Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir”.
Azərbaycan və Litva arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə geniş məzmuna malikdir. Odur ki, bu Bəyannamənin bütün müddəalarını şərh etmək uzun iş olardı. Sadəcə, bir məqama diqqətə çəkmək istəyirəm. Bəyannaməyə əsasən, tərəflər gənclər və tələbələr mübadiləsi, kütləvi informasiya vasitələri və ümumilikdə cəmiyyətlər arasında əlaqələri genişləndirməklə mədəniyyət, elm, təhsil, səhiyyə və sosial müdafiə, insanlar arasında əlaqələrin artırılmasında əməkdaşlıq etməyi qarşıya məqsəd qoyublar.
Odur ki, Azərbaycan və Litva mediası arasında təcrübə mübadilələrin həyata keçirilməsini vacib hesab edirəm.
Düşünürəm ki, Litvanın Azərbaycandakı səfirliyi bu yöndə yeni layihələr gerçəkləşdirə, xüsusilə Litva jurnalistlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə geniş tərkibdə səfərlərini təşkil edə bilər.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru