Oqtay Qasımov: Tramp qlobal sülh imicini möhkəmləndirməyə çalışır

“Donald Trampın Vaşinqtondakı görüş zamanı səsləndirdiyi “bu münaqişəyə Amerika Birləşmiş Ştatları son qoydu” ifadəsi, ilk növbədə, həm Avropa İttifaqına, həm də Rusiyaya ünvanlanmış bir mesaj idi. Yəni, siz bu məsələ ilə məşğul oldunuz, o cümlədən ATƏT də prosesdə iştirak etdi, amma münaqişə sona çatmadı, həllini tapmadı. Tramp isə vurğuladı ki, Amerika Birləşmiş Ştatları və onun prezidenti olaraq dünya miqyasında sülh gətirmək niyyətindədir və verdiyi vədlərə əməl edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, Azərbaycan və Ermənistan arasındakı münaqişəyə Rusiyanın deyil, məhz ABŞ-ın son qoyduğunu vurğulayıb. Onun bu sözləri, avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırlıqların davam etdiyi bir vaxtda diqqət çəkir.

Politoloq qeyd edib ki, o, uzun müddət davam edən Azərbaycan–Ermənistan münaqişəsinin dayandırılması və sülhün əldə olunmasını vurğulayaraq, bunun da onun prezidentliyi dövründə baş verdiyini ifadə etmək istəyib.

“Tramp mesajında bildirdi ki, prezident seçildikdən sonra ilk altı ay ərzində Pakistan–Hindistan, İsrail–İran kimi tam həll olunmasa da, Kamboca, Tailand, Konqo, Ruanda və digər ölkələrdəki münaqişələrin həllinə nail olduğu kimi, Azərbaycan–Ermənistan münaqişəsinə də son qoydu. Tramp daha çox özünü sülhpərvər lider kimi təqdim etməyə çalışır və bu imici gücləndirir. O, dünyada sülhü təmin edə biləcək yeganə lider olduğunu vurğulayır və buna görə də onun dedikləri və təklifləri ilə razılaşmağın vacibliyini önə çəkir. Putinlə görüş ərəfəsində də bu açıqlama həm səmimi şəkildə Rusiya–Ukrayna savaşının bitməsini istədiyi, həm də bütün münaqişələrin sona çatmasını arzuladığı mesajını vermək üçün səsləndirilmişdi. Burada həm şəxsi vurğu, həm də Amerikanın qlobal arenada ön plana çəkilməsi niyyəti aydın görünür”.

Rəfiqə Namazəliyeva,

AzNews.az