- Redaktor masası
- 14:50
- 4 239
İlham Əliyev- dünyaya yön verən bir lider! - Avrosammit müşahidələri

ABŞ prezidenti Donald Trampın ərəb ölkələrindən trilyonlar sağdığı, Rusiya prezidenti Vladimir Putinin Ukrayna savaşı ilə bağlı danışıqlar üçün İstanbula getməkdən imtina etdiyi, İstanbul bələdiyyə başqanının həbsə atıldığı dünyada Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində bir nüans xüsusi diqqətimi çəkdi.
Müşahidələrimi bir cümlə ilə dərhal Facebook platformasındakı səhifəmdə bölüşdüm:
Azərbaycan prezidenti İlham Əliyev liderlik institutunun tənəzzül keçirdiyi dünyaya öz liderliyi ilə yeni yön verən unikal tarixi şəxsiyyətdir!
Azərbaycanın bir dövlət olaraq gəncliyini, büdcəsini, qlobal akterlər sırasında olmamasını nəzərə alanlar, yəqin ki, bu fikrimi bir mübaliğə hesab edəcəklər.
Ancaq mən məsələyə tamamilə fərqli rakursdan- sırf siyasi liderlik institutundan baxdığım üçün mübaliğəyə yol verdiyimi düşünmürəm.
Həqiqətən də Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammitindəki iştirakı və davranışları onun liderlik keyfiyyətlərinə bir daha diqqət cəmlədi. Azərbaycanı sevən-sevməyən hər kəs İlham Əliyevin dünya çapında özünü çoxdan təsdiqləmiş bir siyasi rəhbər olduğunu vurğulamağa başladı. Zənnimcə, bu vurğulanmanın elmi və analitik yöndən təhlil etməyə ehtiyac var.
Bəli, dünyada liderlik institutunun zəifləməsi bir faktdır. Qlobal siyasətdə uzaqbaşı bir neçə xarizmatik liderdən danışmaq olar. Öz ölkələrində sosial kəsimlərin fərqli maraqlarını böyük ölçüdə uzlaşdıra və təmsil edə bilməyən, daha çox PR çalışmaları ilə elektoral dəstək qazanan dekorativ siyasətçilər milli həmrəylik simvolu deyillər, davamlı vizion sərgiləyə və milli maraqlarının universal dəyərlərlə harmoniyasını təmin edə bilmirlər.
İlham Əliyev isə, gənc və müstəqillik qazandıqdan bəri dünyada münaqişəyə cəlb edilmiş ölkə kimi tanınan Azərbaycanı regional güc mərkəzinə çevirməklə yanaşı, çoxsaylı xarici təzyiqlər qarşısında tərəqqinin Azərbaycan modelini ortaya qoyub.
İlham Əliyev Azərbaycanın milli maraqlarını beynəlxalq müzakirələrdə uğurla müdafiə edir. İstənilən çapda və məkanda aparılan danışıqlarda, forum və sammitlərdə Azərbaycan vətəndaşları öz liderinə birmənalı şəkildə güvənir: İlham Əliyev Azərbaycanın milli maraqlarına zidd olan heç bir təklifi, şərti qəbul etməz.
İlham Əliyev rasional və praqmatik siyasətçidir. Bunu bir daha vurğulamaqda fayda var. O, bir siyasi lider kimi streotiplərin təsirində qalmır, istənilən problemin çözülməsi üçün çevik və praktiki yanaşma nümayiş etdirir. Bu yanaşma son nəticədə həm regional, həm də qlobal arenada Azərbaycanı önə çıxarır.
Bu müstəvidə əgər İlham Əliyevi unikal lider kimi xarakterizə ediriksə, bu da səbəbsiz deyil.
Təkcə yaşadığımız dövrün- 21-ci əsrin birinci rübünün hadisələrindən agah deyilik, ən azı 20-ci əsrin tarixini də kifayət qədər yaxşı bilirik. Son yüz ildə dünyada heç bir münaqişə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər qədər birmənalı və effektiv olmayıb. İkinci Qarabağ Savaşında Azərbaycan ordusuna Ali baş komandanlıq, Azərbaycan xalqına liderlik edən İlham Əliyevin müstəsna xidmətləri sayəsində qazanılmış qələbə həm regional, həm də beynəlxalq səviyyədə ölkəmizi yeni bir ranqa daşıdı. Əliyevin həqiqətən də möhtəşəm siyasi fəhmi, dünya liderləri arasında xüsusi seçilən intellekti və beynəlxalq mediada həsəd aparılan diplomatik məharəti ilə Azərbaycanın xarici siyasət kursu ardıcıl uğurlar qazandı. Əliyevin Avropa Siyasi Birliyinin sammitinin mərkəzi fiqurlarından biri olmasının əsas səbəbi də elə bu idi.
Ancaq dünyadakı prosesləri diqqətlə izləsək, əminliklə deyə bilərik ki, İlham Əliyev sadəcə sözügedən sammitin üzərinə ən çox diqqət cəmləyən dövlət başçısı deyildi. O, əslində dünyaya yön verən bir siyasət azmanıdır. Bunu necə bacarır? Axı, dediyimiz kimi, ölkəmizi dünyanın siyasi xəritəsində tapmaq belə o qədər də asan deyil.
Əvvəla, İlham Əliyev həm regionda, həm Avropa məkanında, həm də bütün planetdə sabitliyi və əməkdaşlığı təşviq edən təşəbbüslərlə çıxış edir. Bu baxımdan Azərbaycan prezidenti hər kəsin ünsiyyətə can atdığı güvənilən bir liderdir.
İkincisi, İlham Əliyev dünyada multikulturalizmi və tolerantlığı təşvir edir. Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsi İlham Əliyevin siyasətinin ayrılmaz hissəsidir. Bu, dinindən, irqindən, milliyyətindən, siyasi cərəyanından asılı olmayaraq arxitekturası çökmüş dünyada Azərbaycanın dövlət başçısına xüsusi ehtiram yaradır.
Nəhayət, İlham Əliyev ədalətə və beynəlxalq hüquqa istinad edir. Bu mövqe sayəsində İlham Əliyevə heç kim öz ədalətsiz və hüquqsuz yanaşmalarını təlqin edə bilmədiyi kimi, Azərbaycan prezidentinin obyektivliyi xüsusi ehtiramla qarşılanır.
Avropa Siyasi Birliyi sammitində diqqət çəkən əsas məqamlardan biri İlham Əliyevin rahat, qətiyyətli və nəzakətli davranışları idi. Azərbaycan prezidentinin dünya liderlərinin ortamında xarizmasından qaynaqlanan pozitiv aurası, aurasını tamamlayan bir tərzi var.
Bu, unikal liderlik tərzidir!
Bu, dünyaya yön verən bir liderin tərzidir!
Bu, İlham Əliyevin tərzidir!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru