Məktəbəqədər təhsil

Uşaqlar üçün bağça sadəcə bir tərbiyə və nəzarət yeri deyil. Bu, onların həyatda ilk dəfə ictimai mühitə daxil olduğu, ünsiyyət qurmağı, paylaşmağı, öyrənməyi, bir sözlə, insan olmağı öyrəndikləri ilk “kiçik cəmiyyət”dir. Bəs bu mühüm mərhələdə bütün uşaqlar bərabər imkanlara malik ola bilirmi?

Son illərdə Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün bir sıra mühüm təşəbbüslər həyata keçirilib. Ənənəvi dövlət bağçaları ilə yanaşı, alternativ modellər – icma əsaslı bağçalar, özəl-dövlət tərəfdaşlığı və qrant əsaslı təhsil proqramları da diqqət mərkəzinə çəkilib. Bu təşəbbüslər sayəsində məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb, amma əhatəliliyin artırılması ilə bağlı çağırışlar hələ də qalmaqdadır.

Hazırda ölkəmizdə 886 icma əsaslı məktəbəqədər təhsil mərkəzində 1177 qrup fəaliyyət göstərir və burada 3-4 yaşlı 19,251 uşaq təhsil alır. Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilin 1-5 yaşlı uşaqları əhatə etmə səviyyəsi 38.2%-ə yüksəlib. Lakin bu, hələ də kifayət qədər yüksək göstərici sayılmır – çünki hər iki uşaqdan biri məktəbəqədər təhsildən kənarda qalır.

Əhatəliliyin artırılması məqsədilə son illərdə müxtəlif alternativ maliyyələşmə və təhsil modelləri tətbiq olunub. “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant proqramı” bunlardan biridir. Bu proqram uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını təşviq etməklə yanaşı, valideynlərə maliyyə yükünü azaltmağa yardım edir. Proqram çərçivəsində uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsi dövlət qrantı ilə qarşılanır, qalan hissə isə valideyn tərəfindən ödənilir. Bu təşəbbüs hazırda 1000-dən çox uşağın təhsil almasına imkan yaradıb və eyni zamanda özəl sektorun bu sahəyə marağını artırıb.

Bununla yanaşı, “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant proqramı da geniş tətbiq olunmağa başlanıb. Bu model yerli icmaların və ailələrin təşəbbüskarlığı ilə daha çevik və adaptiv təhsil mühiti formalaşdırır. Bu günə qədər 24,500-dən çox uşaq bu modellə əhatə olunub (ənənəvi icma 18,931; qrant icma 4,662; özəl-dövlət tərəfdaşlığı ilə 1,000-dən çox uşaq). Beləliklə, məktəbəqədər təhsilin yalnız dövlət hesabına deyil, cəmiyyətin birgə təşəbbüsü ilə inkişaf etdirilməsi mümkün olur.

Bununla belə, texnoloji məsələlərə dair çətinliklər də müşahidə olunur. Məsələn, bağçalara elektron qəbul sistemi üzrə mayın 23-dən etibarən qeydiyyatın müvəqqəti dayandırılması valideynlər üçün çaşqınlıq yarada bilər. Rəqəmsal texnologiyaların istifadəsi faydalıdır, lakin bu sistemlərdəki dəyişikliklər şəffaf və vaxtında ictimaiyyətə açıqlanmalıdır.

Dünya təcrübəsi bu sahədə bizə dəyərli nümunələr təqdim edir. Finlandiyada məktəbəqədər təhsil tamamilə dövlət tərəfindən maliyyələşdirilir və oyun əsaslı öyrənmə sistemi tətbiq olunur. İtaliyada Reggio Emilia modeli uşaqları öz təhsil yolunun yaradıcı iştirakçısı kimi qəbul edir. Yeni Zelandiyada isə “Te Whāriki” kurikulumu uşağın şəxsiyyətinə, ailəsinə və mədəni mühitinə uyğun yanaşmanı əsas götürür. Bu modellərin hər birində ortaq cəhət var: yalnız dövlətin deyil, cəmiyyətin bütövlükdə təhsilə sahib çıxmasıdır.
Azərbaycanda da bu nümunələrdən öyrənərək aşağıdakı addımları atmaq mümkündür:

  • Valideynlərin məktəbəqədər təhsilin əhəmiyyəti barədə maarifləndirilməsi
  • İcma əsaslı təhsil qruplarının daha da genişləndirilməsi və dəstəklənməsi
  • Rəqəmsal sistemlərin sadələşdirilməsi və istifadəçi yönümlü hala gətirilməsi
  • Özəl sektorun daha geniş təşviqi üçün stimullaşdırıcı addımlar (vergi güzəştləri, icarə dəstəyi və s.)

Mən bir müəllim və valideyn kimi düşünürəm ki, hər bir uşaq bağçaya getməlidir – çünki bağça gələcəyin bünövrəsidir. Amma bu bağçalar sadəcə dörd divar və bir müəllimdən ibarət olmamalıdır. Uşağın sevildiyi, anlaşıldığı, oynadığı, inkişaf etdiyi bir yer olmalıdır. Alternativ modellər – əgər düzgün və davamlı şəkildə tətbiq olunarsa – bu hədəfə çatmaqda böyük rol oynaya bilər.

Unutmayaq: Uşaqlara yatırım etmək, gələcəyə yatırım etməkdir.

Günay ƏKBƏROVA,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi