“İrəvan Rusiya asılılığından qurtulmaq üçün sülhə can atır” – Rəşad Bayramov

“Həm Paşinyanın, həm də digər Ermənistan rəsmilərinin sülhlə bağlı davamlı bəyanatları, əslində ölkənin hazırda düşdüyü siyasi və geosiyasi vəziyyətdən qaynaqlanır. Ermənistanda 1-2 aya növbədənkənar seçkilər gözlənilir və Paşinyan da bu seçkilər ərəfəsində öz mövqeyini gücləndirmək üçün Azərbaycanla sülh sazişinin əldə olunmasını əsas siyasi arqument kimi təqdim etməyə çalışır. Onun fikrincə, imzalanmış sənəd daxili auditoriya üçün uğur kimi təqdim edilə bilər. Digər bir mühüm səbəb isə Ermənistanın Rusiyadan, xüsusilə də iqtisadi asılılıqdan qurtulmaq istəyi ilə bağlıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə dair son bəyanatları diqqət çəkir. O, Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq istədiyini bildirir. Bəzi ekspertlər isə bunu Paşinyanın konstruktiv görünərək əlavə güzəştlər əldə etməyə yönəlmiş taktiki gedişi kimi qiymətləndirir.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan üçün Rusiya ilə münasibətləri zəiflətmək və Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirmək prioritet istiqamətə çevrilib.

“Amma bu yolda qarşıya çıxan əsas maneə Moskvanın təzyiqləridir. Bu təzyiqləri neytrallaşdırmaq üçün İrəvan Qərbin dəstəyini almağa çalışır. Qərbin dəstəyini qazanmağın əsas şərti isə Azərbaycanla sülhə nail olmaqdır. Çünki bu həm Türkiyə ilə münasibətlərin normallaşması, həm də regional nəqliyyat və iqtisadi layihələrə inteqrasiya baxımından zəruridir. Ermənistanın enerji, ərzaq və digər sahələrdə Rusiyadan ciddi asılılığı mövcuddur. Bu baxımdan İrəvan üçün sülh sazişinin imzalanması yalnız siyasi deyil, həm də iqtisadi zərurətdir. Elə bu səbəbdən də son vaxtlar Ermənistan tərəfi bu mövzuda daha intensiv və yumşaq ritorika nümayiş etdirir. Paralel olaraq ABŞ və digər Qərb dövlətləri də bu prosesə fəal dəstək verir. Son günlərdə verilən beynəlxalq bəyanatlar göstərir ki, Vaşinqton və digər Qərb paytaxtları yaxın vaxtda sülh sazişinin imzalanmasını istəyirlər. Bu isə Paşinyanın mövqeyini gücləndirir və onu istənilən yolla bu sənədi əldə etməyə təşviq edir. Lakin burada bir maneə var: Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar qalır. Paşinyanın bu maddələri dəyişmək imkanları isə məhduddur. Buna görə də hazırda iki mümkün ssenari üzərində düşünülür:

1. Niyyət protokolu imzalana bilər. Bu protokolda tərəflərin sülh sazişi üzrə razılığa gəldiyi, lakin Ermənistanın müəyyən öhdəlikləri – xüsusən konstitusiya dəyişiklikləri və ərazi iddialarından imtina məsələlərinin sonradan həyata keçiriləcəyi qeyd oluna bilər.

2. Sülh sazişi imzalanır, lakin orada xüsusi bir bənd əlavə olunur ki, sənədin qüvvəyə minməsi yalnız Ermənistan tərəfindən müvafiq konstitusiya dəyişiklikləri baş verdikdən sonra mümkün olacaq”.

Siyasi şərhçi əlavə edib ki, bu prosesin bir neçə mümkün inkişaf variantı mövcuddur:

“Əsas təşəbbüs Azərbaycandan gəlib və rəsmi Bakı sülh sazişi ilə bağlı prinsipləri ortaya qoyub. Bu mərhələdə konkret addım atmalı olan tərəf Ermənistandır. Əgər İrəvan bu şərtlərlə hər hansı sənəd imzalamağı öz maraqlarına uyğun hesab edirsə, prosesə real şəkildə qoşulmalıdır. Eyni zamanda Qərb dövlətləri də əgər bu sazişin imzalanmasını doğrudan istəyirlərsə, Ermənistanın konstitusiya dəyişikliklərinə getməsi və öhdəlik götürməsi üçün konkret təzyiq və dəstək mexanizmləri ortaya qoymalıdırlar”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az