- Toplum
- 10 İyul 17:55
- 4 090
"Kolleclər müəllim yetişdirmək gücündə deyil” - Təhsil eksperti

“Bunun bir çox səbəbi var. Sub-bakalavr təhsili, yəni kolleclər, adətən bakalavr pilləsinə qəbul ola bilməyən şəxslərin seçdiyi təhsil müəssisələridir. Bu da onu göstərir ki, artıq prosesin əvvəlindən bu şəxslər dərsə ciddi yanaşmayıb. Ya diqqətsizlik, ya məsuliyyətsizlik, ya da digər səbəblərlə normal oxumayıblar və nəticədə sub-bakalavr ixtisasına yönəliblər. İkinci səbəb isə budur ki, kolleclərdə təhsil mühiti zəifdir. Orada tələbələrin çoxu dərsi ciddiyə almır. Akademik bilik, təhsil, savad, özünü inkişaf etdirmək, magistr oxumaq kimi məqsədlər orada çox da ön planda deyil. Əlbəttə, istisnalar var, amma ümumi mənzərə belədir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən tədbirdə kolleclərdə müəllim hazırlığı ilə bağlı vəziyyəti dəyərləndirib. Nazir bildirib ki, kollecdən məzun olan müəllimlərin sertifikasiya imtahanlarındakı nəticələri aşağıdır və bu səbəbdən kolleclərdə “Müəllimlik” ixtisası üzrə hazırlıq dayandırılıb.
Təhsil eksperti qeyd edib ki, bu, ümumən sub-bakalavr təhsil sistemindəki struktur və keyfiyyət problemlərinin nəticəsidir.
“Son illərdə artıq bu sahədə islahatlara start verilib. Bir çox kolleclər ya bağlanıb, ya birləşdirilib, rəhbərlik dəyişdirilib. Bu islahatlar göstərir ki, bu sahədə illərlə yığılıb qalmış ciddi problemlər mövcuddur. İllərlə kolleclərdən çox sayda insan müəllimlik ixtisasına imtahansız və ya qeyri-rəsmi yollarla daxil olub. Bəlkə də bəziləri müəllimliyə necə gəlib, özləri də bilmir. Və indi, sertifikasiya imtahanında bu hazırlıqsızlıq açıq şəkildə üzə çıxır. Nəticə etibarilə, bu gün həmin insanlar sertifikasiya imtahanlarında kütləvi şəkildə zəif nəticə göstərirlər. Bu artıq statistik faktdır. Bəli, aralarında yaxşı nəticə göstərənlər də var, amma ümumilikdə sub-bakalavr məzunlarının nəticələri aşağıdır. Buna görə də hesab edirəm ki, bu sahədə aparılan islahatlar və kolleclərdə müəllim hazırlığının dayandırılması düzgün addımdır. Bu təhsil müəssisələrinə müəllim hazırlığı ilə bağlı ciddi etibar etmək olmur”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az