- Redaktor masası
- 16:38
- 3 508
Danışıqlarda vasitəçi olmadı - ŞƏRH

Azərbaycan və Ermənistan arasında 5 saata qədər davam edən Əbu-Dabi görüşünü sülh danışıqlarında irəliyə doğru addım kimi qiymətləndirmək olar.
Birincisi, bu, son dövrlər keçirilən əsas görüş idi: iki ölkə lideri son vaxtlar müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir araya gəlirdi ki, bu təmasların davam etdirilməsi baxımından vacib olsa da, detallı müzakirələrin aparılması ən azı texniki baxımdan mümkün deyildi;
İkincisi, görüş geniş tərkibdə keçirildi: bu, sülh sazişinin bütün istiqamətlərinin müzakirə edildiyi və razılaşma imkanlarının tükənmədiyi deməkdir;
Görüşdən çıxan nəticə: Bakı və İrəvanda problemlərin ikitərəfli formatda müzakirə edilməsi və həll yollarının tapılması üçün siyasi iradə mövcuddur.
Tərəflərin görüşlə bağlı rəsmi açıqlamalarının fərqlənməməsi də diqqətçəkən məqamdır: bu o deməkdir ki, ziddiyyətli məqamlardan daha çox, uzlaşma nöqtələri tapılıb;
Və ən önəmli məqam danışıqların vasitəçi olmadan – ikitərəfli formatda davam etdirməsinə dair razılaşmadır.
Razılaşmalara əsasən təmaslar davam etdiriləcək, lakin əsas məqam konket məsələlər üzrə praktiki addımların atılıb-atılmayacağıdır. Bakı-İrəvan xəttində baş verənlər, xüsusilə regional proseslər fonunda müəyyən ehtimalları önə çıxır:
- Zəngəzur dəhlizinin açılması – regional kommunikasiyanın bərpası əsas ziddiyyətli məqam olsa da, hazırda tərəflər arasında mövqelərin yaxınlaşdığı müşahidə edilir: Rusiyanın dəhlizdə hərbi mövcudluğu hər iki tərəfdə qəbul edilmir, eləcə də Naxçıvana maneəsiz keçidin təmin edilməsində müəyyən razılaşma ehtimalları var, əks təqdirdə, Bakı nəinki bu görüşü konstruktiv hesab etməzdi, ümumiyyətlə Əbu-Dabiyə getməzdi; əsas həll edilməli detal maneəsiz keçidin təhlükəsizliyinin necə qorunmasıdır; ABŞ qarant ölkə kimi çıxış etmək istəsə də, üçüncü qüvvələrin mövcudluğunun regionu qlobal mübarizə platformasına çevirdiyini nəzərə alsaq, Bakı və İrəvan bu məsələdə də ikitərəfli formatda həll yolunun tapılmasına çalışa bilər;
- Rəsmi məlumatda sərhədin delimitasiyası ilə bağlı dövlət komissiyalarına tapşırıqların verildiyi qeyd olunur: bu, anklavlar məsələsində həll yollarının tapılması istiqamətində işlərin davam etdiriləcəyi gözləntisini yaradır;
- Tərəflər etimad mühitinin yaradılmasına razılaşıb: parlamentlər, eləcə də ictimaiyyət nümayəndələri arasında müxtəlif təmasların daha intensiv şəkildə qurulmasının şahidi ola bilərik;
- Bakının iki əsas tələbi hələ də aktualdır:
1. Ermənistan konstitusiyasının dəyişdirilməsi: İrəvan bunu qəbul edir, lakin bunun 2026-cı ildən tez olacağı ehtimalı azdır, xüsusilə Paşinyanın daxildəki “minaları” tam neytrallaşdıra bilməməsi fonunda;
2. ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması: bu görüşün nəticəsi kimi qarşıdakı dövrdə Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin ediləcəyi istisna edilməyən məqamlardandır;
Paşinyanın Ermənistan daxilində mövqelərini gücləndirmək istiqamətində atacağı addımlar və regionda maraqlı tərəflərin “zəif bənd” kimi gördüyü İrəvan üzərindən prosesə müdaxilə cəhdləri razılaşmaların icrasına, ümumilikdə hadisələrin inkişafına təsir edə biləcək amillərdir.
Asif NƏRİMANLI