- Redaktor masası
- 15:48
- 3 837
Bu siyasi tablo Ermənistandan miqrasiyanı sürətləndirəcək - ŞƏRH

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Toplantısında çəkilən bir foto sosial şəbəkələrdə geniş rezonans doğurub. Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – bu üç türk liderin eyni dəhlizdə, eyni istiqamətdə və eyni siyasi harmoniyada görüntülənməsi cəmiyyət tərəfindən xoş mesaj kimi qarşılanıb. Müşahidəçilər hesab edirlər ki, bu mesaj həm Qarabağda, həm də regionda başlayan yeni dövrün açıqlamasıdır. Təxmin etmək çətin deyil ki, bu foto Ermənistan cəmiyyətində dərin psixoloji və siyasi təsir yaradacaq. Niyə?
Ermənistan uzun illər boyunca özünü bölgənin bir parçası kimi təqdim etməyə çalışsa da, bu foto faktiki olaraq onun regiondan təcrid olunduğunu sübut edir. Azərbaycan, Türkiyə və İran regionun mühüm gücləri olaraq Ermənistanı kənara itələyiblər. Bu təcridolma hissi Ermənistan əhalisində ümidsizlik və gələcək perspektivlərin olmaması düşüncəsini daha da gücləndirəcək.
Digər tərəfdən, Xankəndi vaxtilə erməni separatizminin rəmzinə çevrilmişdi. İndi isə həmin şəhərdə Azərbaycan rəhbəri ev sahibliyi edir, Türkiyə və İran prezidentləri isə onu dəstəkləyən qonaqlardır. Bu görüntü yalnız bir şəhərdə baş verən tədbir deyil, Azərbaycanın siyasi və geosiyasi kursunun legitimləşməsidir. Bu isə, Ermənistan üçün acı reallıqdır, artıq onların təsir dairəsi yoxdur.
Təsir dairəsini Azərbaycan yaradır. Bir vaxtlar Cənubi Qafqazda münaqişə episentri olan Azərbaycan indi sabitliyin, inkişafın və diplomatik tərəfdaşlığın mərkəzinə çevrilib. Bu fon isə Ermənistana mənfi şəkildə əks olunur. Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasəti Ermənistanı həm iqtisadi, həm də siyasi olaraq zəiflədib. İndi isə İran da açıq şəkildə Bakı ilə koordinasiyalı şəkildə hərəkət edir. Bu üçtərəfli koordinasiya bölgədə yeni status-kvonu rəsmiləşdirir.
Bütün bunlar Ermənistandan miqrasiyanı sürətləndirə biləcək amillərdir. İnsanlar artıq təkcə iqtisadi səbəblərlə deyil, həm də siyasi ümidsizliklə ölkəni tərk edirlər. Çünki reallıq göstərir ki, Ermənistan regional proseslərdə iştirakçı olmaq iqtidarında deyil və bu fakt təkcə dövlətin deyil, vətəndaşların da gələcəyini kölgədə qoyur.
Ölkədə gənclər özlərini inkişaf üçün əlverişsiz mühitdə görür, ailələr isə övladlarının təhlükəsiz və sabit bir gələcəyə sahib olmasını xaricdə mümkün hesab edirlər. Siyasi təcrid, diplomatik uğursuzluq və təhlükəsizlik zəmanətinin olmaması nəticə etibarilə cəmiyyətdə "bu ölkədən getmək" meylini kütləviləşdirir. Bu cür görüntülər ermənilərə Ermənistanın perspektivsizliyini daha da qabarıq göstərir.
Zeynal ABDİN,
AzNews.az