- Toplum
- 4 İyul 20:22
- 2 074
Şəxsiyyət vəsiqələrində dəyişiklik: Çipdəki məlumatlar optimallaşdırılır

“Şəxsiyyət vəsiqəsində nəzərdə tutulan dəyişikliklər vətəndaşlarda heç bir narahatlıq yaratmamalıdır. Bu dəyişikliklər ilk növbədə insanların təhlükəsizliyinin təmin olunmasına, həmçinin vətəndaşlarla bağlı məlumatların daha dəqiq və şəffaf şəkildə idarə edilməsinə xidmət edir. Bu baxımdan atılan addımlar məntiqi və zəruridir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Qeyd edək ki, Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərindəki məlumatların məzmunu dəyişir. Yeni dəyişikliklərə əsasən, vəsiqədə göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq barədə bilgilər də əlavə olunacaq. Bununla yanaşı, vəsiqənin elektron daşıyıcısında (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha vacib və zəruri məlumatların saxlanılması nəzərdə tutulur.
Sosioloq bildirib ki, Məlumdur ki, müasir dövrdə informasiya cəmiyyətində yaşayırıq və bu cür cəmiyyətlərdə idarəetmənin əsas dayaqlarından biri məhz məlumatların dəqiqliyi və operativliyidir.
“Şəxsiyyət vəsiqələrinə edilən yeniliklər də bu kontekstdə dəyərləndirilməlidir. Belə dəyişikliklər idarəetmənin təkmilləşdirilməsinə, dövlət-vətəndaş münasibətlərində şəffaflığın və təhlükəsizliyin artırılmasına yönəlib. Güman edirəm ki, bu dəyişikliklər uzunmüddətli perspektivdə həm texnoloji baxımdan daha çevik və funksional bir sistemin formalaşmasına, həm də vətəndaşların hüquqlarının daha effektiv qorunmasına töhfə verəcək. Belə olan halda, narahatlıq üçün heç bir əsas yoxdur”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az