- Yazarlar
- 10:43
- 2 945
Qaravul, düzlən! Pezeşkian Xankəndiyə gəlir!...

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian yenidən Azərbaycandadır.
Qarabağda!
Onun Füzuli Beynəlxalq Hava Limanına enməsi, fəxri qarovulla qarşılanması və Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə iştirakı həm diplomatik, həm də geosiyasi baxımdan çoxqatlı mənalar daşıyır.
Pezeşkianın Azərbaycana səfəri rəsmi gündəliklə izah oluna bilər: İƏT-in 17-ci sammitində iştirak, regional əməkdaşlığın gücləndirilməsi, iki ölkə arasında münasibətlərin müzakirəsi. Lakin hadisələrin ardıcıllığı və simvolik elementlər bu səfərin arxasında daha dərin mesajların dayandığını göstərir.
Bu, sadəcə diplomatik kontaktlar toplusu deyil, eyni zamanda, bölgədə formalaşmaqda olan yeni reallıqların Tehran tərəfindən qəbul edildiyini və bu yeni düzəndə İranın yer tutmaq niyyətini ifadə edən strateji addımdır.
Pezeşkianın Füzuli üzərindən Azərbaycana daxil olması təsadüfi seçilmiş marşrut deyil. İranın inşasından narahatlıq duyduğu Füzuli hava limanı- işğaldan azad olunmuş torpaqlarda salınan ilk beynəlxalq hava qapısı, müasir Azərbaycanın müharibədən sonra yaratdığı yeni həyatın rəmzidir.
Bu limana enmək, yalnız bir şəhərə varmaq deyil, Azərbaycanın ərazi bütövlüyünün və bərpa siyasətinin siyasi şəkildə tanınmasıdır.
İran prezidenti Füzulidən Xankəndiyə keçməlidir. Bu marşrut həm də diplomatik bəyanatdır. Qarabağ bölgəsinin tamamının Azərbaycanın suveren ərazisi kimi qəbul edildiyini göstərən açıq və praktik bir mesajdır. İllərlə Ermənistanla münasibətlərdə yumşaq desək, tərəfli siyasət yürütməyə çalışan İran bu dəfə Azərbaycanla daha açıq, daha koordinasiyalı əməkdaşlıq kursuna üstünlük verdiyini nümayiş etdirir.
Xankəndidə keçirilən İƏT sammitinə İran prezidentinin qatılması isə bu səfərin ən əlamətdar məqamı olacaq. Uzun illər münaqişə zonasına çevrilmiş Xankəndi bu dəfə regional liderləri qəbul edir. Bu tədbir Azərbaycan diplomatiyasının mühüm uğurudur və Pezeşkianın bu tədbirdə iştirakı rəmzi səviyyəni aşan siyasi təsdiqdir. Hələ bir neçə il əvvəl Xankəndi adı çəkiləndə regionda fikir ayrılıqları, gərginliklər yaşanırdı. Bu gün isə həmin şəhərdə İran prezidentinin də iştirak etdiyi beynəlxalq toplantı keçirilir. Bu, həm İranın siyasətində mühüm dəyişiklikdir, həm də Azərbaycanın regional mövqelərinin möhkəmlənməsinin təsdiqidir.
Bu səfər həm də Qərbə və Ermənistana ünvanlanmış mesajdır. Mesaj bundan ibarətdir ki, bölgədə sabitlik və əməkdaşlıq yalnız suverenlik prinsiplərinə hörmət əsasında mümkündür və İran da bunun əksinə Ermənistana hər hansı dəstək verə bilməz.
Digər mühüm kontekst isə İran-İsrail qarşıdurması fonunda özünü göstərdi. Yaxın Şərqdə artan gərginlik, xüsusilə İranın İsrailə qarşı cavab tədbirləri, bölgədə bütün münasibətləri gərginləşdirmişdi. Bu dövrdə İran mediasında Azərbaycana qarşı ittihamlar, ölkəmizin guya Qərbə və İsrailə platforma yaratdığı iddiaları səsləndirilirdi. Pezeşkianın bu səfəri həmin ritorikanın əsassızlığını, hökumət səviyyəsində dəstəklənmədiyini, əksinə, İranın Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətində olduğunu nümayiş etdirdi.
Mövsüm NOVRUZOĞLU,
AzNews.az