YAP Laçın rayon təşkilatı 30 yaşında

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Laçın şəhərində təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

AzNews.az-ın Laçın müxbiri xəbər verir ki, ardınca YAP-ın fəaliyyəti barədə hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov partiyanın yaranma tarixindən və keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, YAP Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi əsasında formalaşıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ən güclü siyasi qüvvəsi olaraq fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, YAP Laçın rayon təşkilatı 1995-ci il iyulun 19-da yaradılıb və ötən müddətdə ictimai-siyasi proseslərdə fəal iştirak edib.

Tədbirdə çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji uğurlara imza atdığını vurğulayıb. O, eyni zamanda laçınlı köçkünlərin doğma yurda qayıdışını xüsusi qeyd edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov partiyanın yaranmasını Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi kimi dəyərləndirib və bu gün YAP-ın ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını bildirib.

YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, partiya veteranı Murad Hüseynov, Qarabağ müharibəsi iştirakçısı Muxtar Həşimov və ərazi partiya təşkilatının sədri Türkanə Nuruyeva da çıxışlarında YAP-ın keçmişi, bu günü və gələcəyi birləşdirən siyasi təşkilat olduğunu vurğulayıblar.

Tədbirin sonunda partiya həyatında fəallıq göstərən üzvlərə fəxri fərmanlar, yeni üzvlərə isə vəsiqələr təqdim olunub.

Yubiley tədbiri Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

AzNews.az

image description image description image description