Bakı-Tbilisi-Qars: Orta Dəhlizin strateji arteriyası işə düşdü - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib.

Aznews.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu istismara verilməni bildirən düyməni sıxıb.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yenidən istismara verilməsi təkcə nəqliyyat hadisəsi deyil, Cənubi Qafqazın geoiqtisadi xəritəsində mühüm strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan, Türkiyə və Gürcüstan rəsmilərinin iştirakı ilə xəttin fəaliyyətinin bərpası Orta Dəhliz layihəsinin sürətlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra alternativ logistika xətlərinə marağın artması BTQ-nin strateji rolunu daha da yüksəldib. Çinlə Avropa arasında daşımaların təhlükəsiz, sürətli və siyasi baxımdan daha sabit marşrutlar üzərindən həyata keçirilməsi ehtiyacı Orta Dəhlizi ön plana çıxarıb. Bu dəhlizin əsas sütunlarından biri isə məhz Bakı-Tbilisi-Qars xəttidir. BTQ layihəsi ilk gündən yalnız regional nəqliyyat təşəbbüsü kimi düşünülməyib. Bu xətt Azərbaycanı Xəzər üzərindən Mərkəzi Asiya ilə, Türkiyə vasitəsilə isə Avropa bazarları ilə birləşdirən strateji quru körpüsüdür. Yəni burada söhbət sadəcə yük daşımalarından deyil, Avrasiya məkanında yeni iqtisadi mərkəzlərin formalaşmasından gedir. Xəttin yenidən aktiv fazaya keçməsi Azərbaycanın tranzit dövlət kimi mövqeyini də gücləndirir. Son illərdə Bakı limanı, Ələt Azad İqtisadi Zonası və yeni logistika infrastrukturlarına yatırılan investisiyalar BTQ ilə birlikdə vahid nəqliyyat ekosistemi yaradır. Bu isə ölkənin enerji ixracatçısından əlavə, qlobal ticarət yollarının əsas logistika mərkəzlərindən birinə çevrilməsi strategiyasına xidmət edir. Digər mühüm məqam isə layihənin siyasi mahiyyətidir. Bakı-Tbilisi-Qars üç ölkə arasında formalaşmış strateji əməkdaşlığın ən uğurlu nümunələrindən biri hesab olunur. Layihə həm regional inteqrasiyanı gücləndirir, həm də Cənubi Qafqazda iqtisadi əməkdaşlıq üzərindən sabitliyin möhkəmlənməsinə xidmət edir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə BTQ xəttinin tam fəaliyyəti Azərbaycanın geoiqtisadi çəkisini artıran əsas amillərdən birinə çevrilə bilər.

Nuray, Aznews.az