- Siyasi müzakirə
- 16:32
- 986
"Ermənistanda seçkilər geosiyasi güclərin rəqabət meydanına çevrilib" - Oqtay Qasımov
"Ermənistan parlament seçkiləri ilə bağlı kampaniya kifayət qədər sərt rəqabət şəraitində keçir və tərəflər bir-birinə qarşı çox ciddi ittihamlar irəli sürürlər. Bu seçkilər həm də geosiyasi güc mərkəzlərinin rəqabət meydanına çevrilib. Bir tərəfdə Qərbin dəstəklədiyi Nikol Paşinyan, digər tərəfdə isə Rusiyanın dəstəklədiyi qüvvələr dayanır. Rusiyanın bu proseslərdə əsas məqsədi Paşinyan hakimiyyətinin devrilməsi və ona yaxın qüvvələrin hakimiyyətə gətirilməsidir. Minimum hədəf olaraq, hakimiyyətə gəlmək mümkün olmayacağı halda belə, parlamentdə daha çox yer qazanmaqla gələcəkdə Paşinyan hökumətinin siyasətinə mane olmaq niyyəti güdülür".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca regionda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə bəzi siyasi ekspertlər və politoloqlar seçkilərdən sonra ölkədə ciddi qarşıdurmaların, hətta küçə toqquşmalarının, bəzilərinin isə vətəndaş müharibəsi ehtimalının yarana biləcəyini iddia edirlər. Bu proqnozlarda ən çox vurğulanan məqamlardan biri də Rusiya faktorudur.
Siyasi şərhçi qeyd edib ki, eyni zamanda nəzərə alsaq ki, rəy sorğularında Paşinyan irəlidə olsa da, müxalifətin müəyyən səs potensialı mövcuddur.
"Gözlənilən ssenarilərdən biri də ondan ibarətdir ki, əgər müxalifət seçkilərin nəticələrini qəbul etməyərək etirazlara başlasa, Ermənistanda qarşıdurma mühiti yarana bilər ki, bu da kifayət qədər ciddi ehtimallardan biridir. Belə ki, Rusiyanın Ermənistandakı əsas fiqurlarından biri olan Robert Koçaryan bir müddət əvvəl bu barədə anons vermiş, seçki nəticələri onları qane etməyəcəyi və ya hansısa pozuntular olacağı halda ciddi etirazlara gedəcəklərini bildirmişdi. Bu isə əslində mümkün ssenarilərdən birinin də məhz bu olduğunu göstərir. Əlbəttə ki, Azərbaycanın marağı ondan ibarətdir ki, Ermənistanda seçkilər normal şəkildə keçirilsin və sülh tərəfdarı qüvvələr hakimiyyətə gəlsin və bu siyasət davam etdirilsin. Əks halda, Ermənistanda etirazların başlanması və zorakı yolla hakimiyyət dəyişikliyi baş verərsə, bu, gələcəkdə region üçün, o cümlədən Azərbaycan–Ermənistan normallaşması və sülh müqaviləsinin imzalanması prosesinə müəyyən təhdidlər yarada bilər. Bu baxımdan, maraqlıdır ki, seçkilər normal keçsin, tərəflər nəticələri qəbul etsinlər və Azərbaycanla münasibətlərin normallaşmasını dəstəkləyən qüvvələr hakimiyyətdə təmsil olunsunlar".
Rəfiqə Namazəliyeva,
AzNews.az